Ölkə

"Neftin bahalaşması..."

17 Yanvar 2017 07:45
Baxış: 2 083

Təcrübə göstərir ki, OPEK-in qərarları dünya neft bazarına ciddi psixoloji təsir göstərmək gücünə malikdir. Onun son qərarından sonra da bazarda ciddi dəyişiklik baş verdi və neftin qiymətində artım müşahidə edildi. Belə ki, OPEK-in son qərarından sonra qiymətdə 15 faizə yaxın artım müşahidə olunub ki, bu da kifayət qədər böyük göstəricidir. Hazırda dünya bazarında 1 barrel Brent markalı neftin qiyməti təxminən 55 dollar civarındadır.

Bəs neftin qiymətinin artması nə qədər davam edəcək? Bu bahalaşma qeyri-neft sektorunun inkişafında qərarlı olan və bu istiqamətdə artıq ciddi islahatlar yoluna qədəm qoymuş Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

Bu suallara İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov Milli.Az-a açıqlamasında aydınlıq gətirib.

Əvvəla, onun fikrincə, neftin qiymətinin qalxması və ya stabil qalması bəzi səbəblərdən asılıdır: "Hələlik proqnoz belədir ki, OPEK-in qərarı bazarda stabillik yaradacaq. Neftin qiymətinin nə qədər yüksək qalması OPEK üzvlərinin bu anlaşmaya nə qədər əməl etməsindən, eləcə də qeyri-OPEK ölkələrinin, o cümlədən ABŞ və Kanadanın neft hasilatını hansı səviyyədə artırmasından asılı olacaq. Çünki narahatlıq var ki, əgər razılığa əməl olunmazsa, bu, neftin dünya bazarındakı qiymətlərinin daha kəskin ucuzlaşmasına gətirib çıxara bilər. Amma anlaşma pozulmazsa, bu, neftin 2017-ci ildə dünya bazarındakı qiymətini stabilləşdirəcək. Belə olarsa, bu, növbəti illərdə neft ölkələri üçün stabil gəlirlər vəd edə bilər". 

Neftin bahalaşmasının Azərbaycan üçün müsbət və mənfi tərəflərinə gəlincə, ekspert məsələni belə izah edib: "Növbəti illərdə Azərbaycanda kəskin islahatlar həyata keçirilsə belə, yaxın 5 ildə neftin dünya bazarındakı qiyməti Azərbaycan üçün çox əhəmiyyətli olacaq. Baxın, neftin qiymətinin aşağı olmasına baxmayaraq, ölkə iqtisadiyyatında neftin payı 91 faiz təşkil edir. Bu onu göstərir ki, dünya bazarındakı qiymət hətta aşağı olduqda belə neft ixracatda öz yerini qoruyub saxlayır. Bu isə o deməkdir ki, Azərbaycan iqtisadiyyatında neft sektoru dominant rol oynayır və bu monopoliyanı növbəti illərdə də qoruyub saxlayacaq. Sadəcə neftin qiyməti islahatların həyata keçirilməsində bizim üçün maliyyə rolunu oynamalıdır. Yəni neftin qiymətinin qalxması Azərbaycanı heç bir halda arxayın salmamalıdır. Əgər biz qiymətin artmasından əlavə maliyyə resursları, əlavə pul qazanaraq islahatların sürətlənməsi və real sektorun dəstəklənməsi üçün istifadə edəcəyiksə, o zaman neftin dünya bazarındakı qiymətinin artması Azərbaycanda birbaşa iqtisadiyyatın şaxələnməsinə xidmət edəcək. Çünki iqtisadiyyatın şaxələndirilməsi struktur islahatları və ilk mərhələdə dövlət investisiyalarının hesabına yeni iş yerlərinin yaradılmasını tələb edir. Bu da təbii ki, əlavə vəsait deməkdir. Ona görə də qiymət artımından əlavə gəlir əldə edərək iqtisadi islahatların sürətlənməsini və iqtisadi şaxələnməni dəstəkləyə bilsək, o zaman neftin qiymətinin qalxmasına sevinməliyik. Amma neftin qiymətinin qaxlması yenidən arxayınlıq yaradacaqsa və islahatların aparılması sürəti yavaşıyacaqsa, o zaman, təbii ki, biz buna sevinə bilmərik".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.