Ölkə

Akkreditasiyası aparılan universitetlərin adları açıqlandı - SİYAHI

1 Dekabr 2016 14:48
Baxış: 730

2016-2017-ci tədris ili üçün qrafik üzrə ali təhsil müəssisələrinin akkreditasiya prosesi həyata keçirilir.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyinin  Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəhbəri Samir Vəliyev lent.az-a açıqlamasında deyib ki, hazırda akkreditasiya prosesi davam etdiyindən nəticələr bəlli deyil: "Cari tədris ili üçün Naxçıvan Dövlət Universiteti və  Naxçıvan Özəl Universitetinin, Bakı Biznes Universitetinin akkreditasiyası keçirilib. Hazırda Azərbaycan Tibb Universiteti, Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının  akkreditasiya prosesi keçirilir".

S. Vəliyev bildirib ki, ötən 2015-16-cı tədris ilində 4 ali təhsil müəssisəsi akkreditasiyadan keçirilib: "Ötən tədris ilində Bakı Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin akkreditasiyası keçirilib. Hazırda akkreditasiyanın nəticələri akkreditasiya şurasına təqdim olunub, yaxın müddət ərzində müvafiq arayışa uyğun olaraq qərar qəbul olunacaq".
 
Akkreditasiyadan keçmək üçün xüsusi keyfiyyət meyarları və standartların olduğuna diqqət çəkən S.Vəliyev deyib ki, həmin meyarlara təhsil müəssisəsinin maddi-texniki, normativ hüquqi sənədlər bazası, professor-müəllim heyətinin tərkibi, təhsilalanların biliyinin qiymətləndirilməsi daxildir ki, bu və digər meyarlar əsasında akkreditasiya komissiyası faktları yerində araşdırır: "Faktları araşdırdıqdan sonra tələbələrin biliklərinin qiymətləndirilməsi həyata keçirilir, sonda həmin göstəricilər əsasında təhsil müəssisəsinin, onun hazırladığı kadrların dövlət təhsil standartlarına uyğun olub-olmaması müəyyənləşdirilir və bundan sonra həmin ixtisas üzrə kadr hazırlığının davamlığına icazə verilib verilməməsi ilə bağlı qərar çıxarılır".
 
"Akkreditasiya 4 ildə bir dəfə keçirilir. Azərbaycanda hazırda akkreditasiya şəhadətnaməsi qüvvədə olan təhsil müəssisələri var. 2016-2017-ci il tədris ili ərzində akkreditasiya o təhsil müəssisələrində keçirilir ki, onların artıq akkreditasiya şəhadətnaməsinin müddəti bitib. Təhsil müəssisəsi akkreditasiyadan keçdiyi zaman akkreditasiyadan keçməsi haqda  müvafiq rəsmi dövlət sənədi veriləcək və təhsil müəssisəsi həmin ixtisas üzrə və həmin statusda öz fəaliyyətini davam etdirə biləcək. Keçməyənlər isə akkreditasiya keçirilmiş ixtisas üzrə kadr hazırlığından məhrum olacaqlar. Hazırda akkreditasiyanın nəticələri müzakirə mərhələsindədir" - deyə, S. Vəliyev əlavə edib.  

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.