Ölkə

Şahid: "Fuad Qəhrəmanlı ərazi bütövlüyümüzü parçalamağa xidmət edən hərəkətlər edir"

28 Oktyabr 2016 14:40
Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün Nardaran hadisələrinə görə həbs edilən "Müsəlman birliyi" adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəsatətlə çıxış edən təqsirləndirilən Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova bildirib ki, Ş.Abduləliyev hadisə baş verən gün xəstəxanaya kənd sakinləri tərəfindən gətirilib və bununla bağlı xəstəxanadan arayış alıb. O, sənədin iş materiallarına əlavə edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Sonra iclasda şahid Firdovsi Sadıqov ifadə verib. O bildirib ki, sosial şəbəkədə Fuad Qəhrəmanlı ilə dost olub: "Bir dəfə imam Hüseynin qalib gəlməsi barədə status yazmışdı. Mən də statusa "doğrudur" yazdım. Fuad Qəhrəmanlı ilə həyatda görüşümüz olmayıb".

F.Sadıqovun istintaqa verdiyi ifadəsində bildirib ki, F.Qəhrəmanlının heç bir fəaliyyətini bəyənmir. Buna səbəb isə F.Qəhrəmanlının irqi, milli, dini ayrı-seçkilik salan, dövlət əleyhinə olan çağırışlarıdır. F.Qəhrəmanlı ərazi bütövlüyümüzü parçalamağa xidmət edən hərəkətlər edir. Bu kimi xəyanətkar şəxslər xalqı sonu olmayan yola aparırlar.

Proses günün ikinci yarsında davam etdiriləcək.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.