Ölkə

"Çudo Peçka"dan maaş məsələsinə münasibət: "Şirkətimiz böhran yaşayır" - YENİLƏNİB

26 Oktyabr 2016 18:04
3 Şərh     Baxış: 3 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:04

"Çudo Peçka" MMC bu şirkətin Bakıdakı mağazalarından birinin işçilərinin polisə şikayəti barədə xəbərlərə münasibət bildirib.

Report-a daxil olan açıqlamada maaşla bağlı problemlərin olduğu təsdiqlənib: "Çudo Peçka" MMC olaraq bildiririk ki, həqiqətən də, bəzi işçilərimizlə maaşla əlaqədar müəyyən problemlər yaranıb. Amma söhbət Cəfər Xəndan küçəsində yerləşən mağazayla bağlı deyil. Söhbət ondan gedir ki, illərdir fəaliyyət göstərdiyimiz "Sahil" metrostansiyası yaxınlığındakı mağazamız müəyyən səbəblər üzündən tərəfimizdən bağlanıb. Həmin mağazada isə "Çudo Peçka"nın 26 işçisi çalışırdı. Həmin işçilər dünən mərkəzi ofisimizdə olaraq gecikdirilən əmək haqlarının verilməsini tələb ediblər. Onlarla söhbətdən sonra şirkətimiz əmək haqlarının bir hissəsinin verilməsini, qalan hissəsini isə tədricən ödənilməsi barədə öhdəlik vəd edib.

Amma işçilər əmək haqlarının tam ödənilməsinə israr ediblər. Tərəfimizdən onlara bildirilib ki, hər yerdə olduğu kimi, "Çudo Peçka" şirkəti də böhran yaşayır və elə bu böhran səbəbindən də onların çalışdığı mağaza bağlanıb. Biz "Çudo Peçka" olaraq bildiririk ki, bizimlə çalışan və çalışmış hər bir işçi bizim üçün əzizdir və adıgedən mağazanın bağlanmasını da dərin təəssüf hissi ilə bəyan edərək bildiririk ki, orada çalışan işçilərin əmək haqları şirkətimiz tərəfindən ödəniləcək".

Qeyd edək ki, Bakıdakı "Çudo Peçka" mağazalarından birinin işçilərinin polisə şikayət etməsi ilə bağlı xəbəri report yayıb. "Çudo Peçka" mağazasının 30-dək işçisi polisə ərizə ilə müraciət edərək üç aydır maaşlarının verilmədiyini bildirib.

Faktla bağlı mağazanın sahibi Çingiz Çəlilovun oğlu Anar Cəlilov polis idarəsinə çağırılıb, ondan izahat alınıb. A.Cəlilov işçilərin maaşlarının yaxın günlərdə veriləcəyini bildirib.

Qeyd edək ki, Anar Cəlilov məşhur müğənni Röya Ayxanın keçmiş həyat yoldaşıdır.

"Çudo Peçka" əvvəllər Çingiz Cəlilovun olub. Mağazalar şəbəkəsi 2011-2016-cı illərdə "Bakery Operating Company" MMC-nin idarəçiliyində olsa da, hazırda əvvəlki sahibindədir.

----------

15:42

"Çudo Peçka" mağazalar şəbəkəsi müflis olub. Şirkət işçilərin əməkhaqqını və mağazaların aylıq kirayə pulunu ödəməkdə çətinlik çəkir. Şirkətə məxsus cəmi 4 mağaza qalıb, yaxın günlərdə Xətai rayonu, Əhmədli qəsəbəsindəki mağazanın da bağlanacağı gözlənilir.

Milli.Az bildirir ki, bu barədə virtualaz.org saytına şirkətin əməkdaşları məlumat veriblər.

Şirkətin metronun "Əhmədli" stansiyasının yaxınlığındakı mağazasında vitrinlər boşaldılıb. "Mağazada işçilər arasında ixtisarlar aparılmışdı. Amma yenə də mağazanı saxlaya bilmirlər. Yalnız burada bişirilən məhsulları satışa çıxarmışıq, amma alıcılar çox azdır", - mağaza satıcıları deyiblər.

Yayılan məlumatlarda şirkətin 26 milyon manatdan çox borcu yarandığı, yenidən məhkəməyə verildiyi də yer alıb.

2001-ci ildə Azərbaycan prospektində açılan mağaza ilə fəaliyyətə başlayan "Çudo Peçka"nun şəhərin mərkəzində və qəsəbələrində 14 mağaza-kafesi olub. Sonradan mağazalar şəbəkəsi şirkətin qurucusu, iş adamı Çingiz Cəlilovdan alınıb. Lakin məhkəmənin qərarı ilə şirkət yenidən iş adamına qaytarılıb.

Xatırladaq ki, mətbuatda Ç.Cəlilovun "Bank Standart"dan 2.5 milyon dollar kredit götürdüyü, krediti vaxtında ödəmədiyi üçün dəfələrlə cərimə olunduğu yazılmışdı.

Report qeyd edir ki, bu gün isə işçilərin maaşı ödənilmədiyi üçün C.Cəlilovun oğlu Anar Cəlilovun polisə çağırıldığı məlum olub. Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən "Çudo Peçka" mağazasının 30-dək işçisi Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək üç aydır maaşlarının verilmədiyini bildirib.

A.Cəlilovdan izahat alınıb. O, işçilərin maaşlarının yaxın günlərdə veriləcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.