Ölkə

“Hər yerindən duran taksi fəaliyyəti göstərə bilməz”

25 Oktyabr 2016 15:01
0 Şərh     Baxış: 1 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda ölkə ərazisində taksi fəaliyyəti ilə məşğul olanlar heç də az deyil. Bunun üçün qanunda göstərilmiş müəyyən tələblərə əməl etmək lazımdır. Yerli dövlət qeydiyyat nişanı  olan və digər tələbləri yerinə yetirən hər bir sürücü müstəqil şəkildə taksi fəaliyyəti göstərə bilər.

Bəs xarici dövlət qeydiyyat nişanlı avtomobillərlə taksi fəaliyyəti göstərmək olar?

Bununla bağlı  qanunvericilikdə  hansı tələblər irəli sürülüb?

Milli.Az bildirir ki, modern.az məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polis İdarəsinin və nəqliyyat məsələləri üzrə  ekspertin fikirlərini öyrənib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr  şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, "Yol hərəkəti haqqında" qanuna görə, taksi fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi tələblər var.
Vaqif Əsədov bildirib ki, hər yerindən duran taksi fəaliyyəti ilə məşğul ola bilməz.
"Ölkə daxilində taksi fəaliyyəti ilə məşğul olmaq üçün mütləq daimi qeydiyyatın olmalıdır. Belə fəaliyyət dövlət nömrə nişanları ilə təsis edilmiş və eyni zamanda texniki cəhətdən avtomobili saz olan sürücülərə icazə verilir".
O, həmçinin xarici nömrəli maşınlarla taksi fəaliyyəti göstərməyin qadağan olduğunu da qeyd edib.
"Xarici dövlət nömrə nişanlı avtomobillərin sürücüləri taksi fəaliyyəti göstərirlərsə, bu tələblərin pozulmasıdır. Əgər bu kimi hallar aşkar olunsa, qanunvericilikdə göstərilmiş tələblər həmin şəxslərə qarşı irəli sürüləcək. Həmin maşınlarla taksi fəaliyyəti göstərən sürücülər inzibati xəta məsuliyyətinə cəlb oluna bilərlər".
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov qeyd edib ki, qanunda göstərilməyib ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün hökmən yerli qeydiyyat nişanlı avtomobil olmalıdır.
"Xarici dövlət qeydiyyat nişanlı avtomobillər bunun üçün texniki baxışa cəlb oluna bilmir. Çünki onlar barədə bizim DYP-nin mərkəzi bazasında məlumatlar yoxdur. Ona görə də praktiki olaraq  taksi fəaliyyəti ilə məşğul olmaq çətin olacaq. Amma nəzəri cəhətdən qanunvericilik onu qadağan etmir".
Ekspert həmçinin bildirib ki, ümumiyyətcə taksi fəaliyyəti göstərmək üçün qanunvericilikdə müəyyən tələblər var.
"Bu qaydaların tələblərinə əməl etməyənlər taksi fəaliyyəti göstərə bilməz. Əgər xarici ölkə və ya öz vətəndaşımız xaricdən gətirdiyi tranzit nömrəli avtomobillə qeydiyyata dura bilibsə, fərqlənmə nişanı alıbsa, heç kim ona heç nə deyə bilməz. O, normal qaydada taksi fəaliyyəti göstərə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.