Ölkə

Sabunçu polisi: "Hadisə zamanı polis əməkdaşları xəsarət alıblar"

21 Oktyabr 2016 14:57
Baxış: 1 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən "Müsəlman birliyi" adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Nadir Vəliyev ifadə verib. O bildirib ki, ötən il noyabrın 5-də bir qrup şəxs polis idarəsinin qarşısına toplaşıb Elçin Qasımovun azadlığa buraxılmasını istəyiblər. O, ərazidə daş parçaları görsə də, onları kimlərin atdığını bilmədiyini deyib. N.Vəliyev qeyd edib ki, hadisə zamanı polis əməkdaşlarının xəsarət almasından xəbəri var.

Sonra Sabunçu RPİ-nin əməkdaşı Şahbaz Orucov ifadə verib. Digər şahid - Sabunçu RPİ-nin əməkdaşı Cavid Qafarov isə ifadəsində deyib ki, həmin vaxt futbolda olub, idarəyə çağırıldığı üçün gəlib və hər hansı qarşıdurmanın şahidi olmayıb. Sabunçu RPİ-nin əməkdaşı Eyvaz Hüseynov isə idarənin qarşısında daş parçaları görsə də, kimin atdığını bilmədiyini deyib. Polis əməkdaşı Ruslan Məhərrəmov da oxşar ifadə verib. Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.