Ölkə

800 müəllim işdən çıxarılıb? - YENİLƏNİB - FOTO

21 Oktyabr 2016 13:49
1 Şərh     Baxış: 3 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:49

Tovuz rayon təhsil şöbəsinin müdiri Validə Hüseynova rayonda 800-ə yaxın müəllimin kütləvi şəkildə işdən çıxarılması ilə bağlı yayılan məlumata münasibət bildirib.

V. Hüseynova "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən onlara məktub daxil olub: "Əvvəllər məktəb direktorları vakant olan yerlərə müqavilə əsasında işə götürə bilirdilər. Elə müəllim var idi ki, 2-ci, 3-cü iş yeri kimi 36 saata qədər dərs apara bilərdi. Yaxud imatahanda kəsilib balı aşağı olan müəllimlərlə hansı məktəblərdə vakant yer var idisə, müqavilə bağlayırdılar. İndi isə bu məsələlərə Təhsil Nazirliyi tərəfindən nəzarət olunur. 6 saylı hesablaşma mərkəzinin rəhbəri və mən imza atandan sonra məktəb direktoru həmin müəllimlə müqavilə bağlaya bilər. Bunun üçün məktəbdə vakant yer olmalıdır. Əlavə yaranan vakant saata həvəsləndirmə olan yerlərdə minimum 30 bal, həvəsləndirməyə düşməyən məktəblərdə isə 40 bal olmaq şərtilə müqavilə bağlanıla bilər.

Biz kütləvi şəkildə müəllim çıxartmamışıq. Elə müəllim var ki, bal yığa bilmir, imtahandan kəsilir. Təhsil Nazirliyi tərəfindən də ora başqa müəllimlər göndərilir. Bunlar da başlayır şikayət etməyə ki, haqsızlıq olub, dərs saatları gizlədilir. Bilsəm ki, hansısa məktəb direktoru bunu edir, onu cəzalandırıram. Məndə 103 nəfər müəllimin siyahısı var. Bunun 33 nəfəri yüksək bal toplamış müəllimlərdir. 15 nəfər yeni vakansiya yarandı və bunu nazirliyə təqdim etdim. Haradasa 16-ya yaxın müəllim işdən çıxarılıb, qalan müəllimlər isə daimi iş yeri olan müəllimlərdir ki, bunlar da 2-ci, 3-cü iş yerində işləyirlər.

İndi biz nazirliyin 4 şərti ödənilməklə müqavilə əsasında müəllim götürə bilərik".

Təhsil Şöbəsinin müdiri müqaviləni yenidən təzələmək üçün müəllimlərdən 5000 manat tələb edilməsi məsələsinə də münasibət bildirib:

"Rayonda kimsə deyə bilməz ki, belə məsələlər var. Bunlar hamısı böhtandır. Kim ki imtahandan kəsilir, yaxud az bal toplayır, şər-böhtan atmağa başlayır. Ümumi əmrlə qanunvericiliyə uğun olaraq kimlərsə işdən azad edilir. Mən hər şeyi nazirliklə razılaşdırıram".

Maraqlıdır ki, Təhsil Nazirliyi hələ də baş verən hadisəylə bağlı açıqlama verməyib. 

---------

12:31

Tovuz rayonu Şah İsmayıl Xətai adına Köhnəqala kənd orta məktəbinin müəllimi Aytən Əhmədova işdən azad edilməsi ilə bağlı qafqazinfo-ya müraciət edib.

O bildirib ki, 2012-ci ildə müddətsiz müqavilə yolu ilə sinif rəhbəri kimi işə götürülüb: "Həmin vaxt bir müəllimi işdən çıxartmışdılar. Mən də onun yerinə təyin edildim. Avqust ayına kimi sinfi apardım. Yayda dedim ki, imtahandan keçmək lazımdırmı? Dedilər ki, lazım deyil, artıq əmrlə işə götürülübsən. Əlimdə müddətsiz müqavilənin əmri var. İndi direktor Xanoğlan Həsənov deyir ki, müqavilədə texniki səhv olub. Əgər texniki səhv olmuşdusa, 4 il siz məni niyə işlədirsiz? Sən demə, bu 4 ildə sinif əslində başqa müəllimin adına imiş. Baxmayaraq ki, jurnalları, bütün işləri mən yazmışam. 4 il əziyyət çəkmişəm, 18 əlaçı şagird yetişdirmişəm. İndi isə məni qanunsuz şəkildə işdən çıxarırlar.

Bu təkcə mənim başıma gəlməyib. Rayonda 800-ə yaxın müəllim əsassız bəhanələrlə son iki həftədə işdən çıxarılıb. Deyirlər ki, təhsil naziri belə bir əmr verib ki, müddətli müqavilə əsasında işləyənlərin hamısı işdən çıxarılsın. Bəs müddətsiz müqavilə ilə işləyənləri niyə çıxardırlar? Mən universitet bitirmişəm, bütün sənədlərim yerindədir. Günlərdir rayon təhsil şöbəsinin qabağında müəllimlər işdən çıxarılmaqlarına etiraz edirlər".

Milli.Az bildirir ki, qafqazinfo məsələ ilə bağlı sözügedən məktəbin direktoru Xanoğlan Həsənovla əlaqə saxlayıb. O bildirib ki, Aytən Əhmədova məktəbdə müvəqqəti əmrlə işləyib: "Ona texniki səhvlə bağlı kim nə deyib, bilmirəm. Amma o, müvəqqəti əmrlə bizdə işləyib. O, müddətsiz müqavilə əsasında işə götürülməyib. 2010-cu ildən qayda belədir ki, hamı imtahan verib vakant yerlərə getməlidir".

Qeyd edək ki, Aytən Əhmədovanın bizə göndərdiyi sənəddə onun müddətsiz işə götürüldüyü yazılıb.

Qafqazinfo rayonda 800-ə yaxın müəllimin işdən çıxarılması ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.