Ölkə

"Televizorda gördüm ki, evim yanır"

27 Sentyabr 2016 16:32
2 Şərh     Baxış: 5 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı həbs edilən Fərid Sadıqov Zaur Əşrəfovun cinayət işi üzrə məhkəmə keçirilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Əfrəddin Veysəlov ifadə verib.
O, çıxışında həmin binada qızına məxsus evin yandığını deyib: "Yanğın günü evdə heç kim yox idi. Televizora baxırdım. Gördüm bina yanır. Ekranda qonşularımı gördüm. Rayondan Bakıya gəldim. Bütün ev yanmışdı. 15 min manat da kompensasiya aldıq. Pul azlıq elədi. Mənim bir ədəd İran xalçam var idi. Yanğında o da yandı. Qızım Bakıda olmadığına  görə də zərərçəkmiş kimi tanındım".

Prosesdə şahid qismində binaların üzlənməsi üçün poliuretan məhsulu istehsal edən şirkətinin sex müdiri Eldar Həsənov çıxış edib. E.Həsənov bildirib ki, həmin sexdə ştatdan kənar çalışıb: "1000 manat pul alırdım. İşi Məmməd Vəliyev götürüb. Onunla zavodda fəhlə işləmişəm. O, sonradan direktor oldu. Vəliyevlə birlikdə Bakı Fəhləsi Zavodunda birlikdə işləmişəm. Xırdalandakı zavodda alət sexinin rəhbəriydim. Bir müddət sonra bina üzlüklərini istehsal etdik. Sifarişi şirkətlərdən alırdım. Şəhərdə binaların üzləndiyini görmüşəm".
 
Hakim ümumi şahidin istintaqa verdiyi ifadələrlə məhkəmədə verdiyi ifadələrdə ziddiyyət olduğunu deyib. O bildirib ki, istintaqa verdiyi ifadələri xatırlamır: "Həmin zaman eynəyim yanımda deyildi. Verdiyim ifadələri oxuya bilməmişəm".
 
Məhkəmə prosesi oktyabrın 4-də şahidlərin ifadə verməsi ilə davam edəcək.
 
Qeyd edək ki, yanğın hadisəsi ötən il aprelin 10-da Bakının Xətai rayonu, Zığ yolu, 16 ünvanda baş verib. Həmin ünvanda "TNH" şirkəti tərəfindən doqquzmərtəbəli yaşayış binasının fasadının poliuretan materialla üzlənməsi ağır nəticələrə səbəb olan yanğınla nəticələnib.

Bu hadisədən sonra Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs olunublar.
Onu da qeyd edək ki, Nüsrət Muxtarov bu il  iyulun 13-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.