Ölkə

Ev yandı, valideynlər öldü, ailə zirzəmiyə sığındı, kömək edənsə yoxdur - FOTO

5 Sentyabr 2016 13:37
1 Şərh     Baxış: 8 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, ev 4-də yaşayan Quliyev Hacıağa Bala Ağa oğlu Milli.Az-a müraciət edərək evində baş vermiş yanğından və ailəsinin başına gələn müsibətlərdən sonra dövlətdən və xalqdan yardım istəyib.

B.Quliyev bildirib ki, "Azəriqaz" QSC-nin səhvi ucbatından 2016-cı il martın 16-da yaşadığı ünvanda yanğın baş verib. Onun sözlərinə görə, həmin gün qazın verilişi xəbərdarlıq edilmədən iki dəfə kəsilib. İkinci dəfə qazın verilişi bərpa olunan zaman təzyiq normadan yüksək olub və bu da yanğına və partlayışa səbəb olub: "Hadisə nəticəsində anam, 74 yaşlı Quliyeva Səriyyə Kərim qızı həlak oldu. Onu xilas etməyə çalışarkən özüm də 3-4-cü dərəcəli yanıq xəsarəti aldım. Hazırda əllərim tam işləmir, gözlərim və qulaqlarım zədələnib. Xəstəxanada 2 dəfə əməliyyat keçirmişəm".

Lakin ailənin faicəsi bununla bitməyib. Yanğın nəticəsində stress keçirən atası Quliyev Bala Ağa Hacıağa oğlu da təxminən 1 ay sonra insultdan dünyasını dəyişib. Körpə uşağı olan gəlini isə stressdən bir neçə gün danışa bilməyib. Hazırda 5 nəfərlik ailə (özü, həyat yoldaşı, oğlu, gəlini və azyaşlı nəvəsi) yarımzirzəmidə antisanitariya vəziyyətində yaşayır.

FHN-nin Əməliyyat İstintaq İdarəsinin verdiyi arayışa əsasən, həqiqən də, 2016-cı il martın 16-da göstərilən ünvanda yanğın baş verib. Hadisə nəticəsində Quliyev Bala Ağa Hacıağa oğlu və Quliyev Hacıağa Bala Ağa oğluna məxsus mənzillərin yanar konstruksiyaları və içərisində olan əşyalar yanaraq məhv olub, yanğın söndürüldükdən sonra evdən 1942-ci ildə təvəllüdlü Quliyeva Səriyyə Kərim qızının meyiti aşkar edilib, 1968-ci il təvəllüdlü Quliyev Hacıağa Bala Ağa oğlu yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Çarəsiz qalan ailə başçısı qeyd edib ki, bu azmış kimi kredit borcuna görə bank da güzəştə getmək əvəzinə, üstünə bir az da qoyur: "Xəstəxanada ağır vəziyyətdə yatdığım zaman bank mənim kredit borcumu azaltmaq və ya kömək etməkdənsə, borcumun vaxt müddətini uzadaraq ödənişləri tələb edirdi. Aldığım bülleten pullarını banka ödəyirəm. Maliyyə vəziyyətim çox ağırdır, müalicəmi tamamlamağa imkanım yoxdur. Hələ ki, havalar isti keçir, yağış yağmır, zirzəmidə məskunlaşsaq da, hava dəyişsə, yəni yağış yağsa, nə edəcəyimi bilmirəm. Yanğın vaxtı bütün geyim əşyalarımız da yanıb".

Bundan əlavə, ailənin gəlini, Azərbaycan Dövlət Pedaqoji kollecinin 4-cü kurs tələbəsi Quliyeva Bənövşə Şirzad qızı yanğın hadisəsindən sonra yaranmış vəziyyət nəticəsində sonuncu ilin təhsil haqqını ödəyə bilmir. B.Quliyeva imtahanları uğurla versə də, diplomunu ala bilməsi üçün lazım olan 600 manat pulu verə bilmir. Əgər təhsil haqqını ödəyə bilməsə, növbəti ilə qalacaq, üstəlik gələn il də əlavə pul ödəməlidir.

H.Quliyevin sözlərinə görə, tam köməksiz, bərbad vəziyyətdə qalan ailə yardım üçün Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etsə də, rayon rəhbərliyi onların halına biganə yanaşıb. Hətta bununla əlaqədar müxtəlif instansiyalara göndərilən məktubların da cavabında yanmış evin şəxsi mülk olduğu və onun bərpası üçün maliyyə-təsərrüfat planında yardım üçün büdcədə vəsaitin nəzərdə tutulmadığını bildirilib.

"Bu problemin həlli çox sadədir. Yasamal Rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə təqdim etdikləri xərclər smetasına bizə dəymiş zərərin məbləğini göstərsinlər".

Amma ailə başa düşür ki, bu məsələ hələ çox uzana bilər. Onlar isə əməllli-başlı çıxılmaz vəziyyətdə qalıblar. Hətta ailədə azyaşlı körpənin normal qidalanmasını belə təmin edə bilmirlər. Ona görə də indi səbirsizliklə dövlət orqanlarından, imkanlı şəxslərdən heç olmasa yanmış evinin yenidən bərpa olunması üçün yardım etmələrini gözləyirlər...

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.