Ölkə

Borçalı ziyalıları adından Akif Çovdarovla bağlı yayılan müraciət etiraz doğurdu

31 Avqust 2016 09:38
0 Şərh     Baxış: 2 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Gürcüstanda yaşayan 100-dən artıq azərbaycanlı ziyalı hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovun müdafiəsinə qalxıb. Prezident İlham Əliyevə müraciət ünvanlayan bu şəxslər A.Çovdarovun Gürcüstanda yaşayan azərbaycanlılara yaxşılıqlar etdiyini iddia ediblər. Müraciətdə bildirilir ki, A.Çovdarov vəzifədə olarkən Gürcüstanda yaşayan azərbaycanlılar üçün az iş görməyib: 

"Onlarla problem onun müdaxiləsindən sonra həllini tapıb. O, gördüyü bütün işləri Sizin ona verdiyiniz dəstək əsasında edib və bizi sizin apardığınız siyasəti dəstəkləməyə çağırıb. Möhtərəm prezident, Gürcüstanda yaşayan azərbaycanlıların bugünədək heç bir münasibət bildirməməsinin səbəbi Akif Çovdarova qarşı laqeydliyi deyildir. Biz ölkənin başında sizin kimi ədalətli bir liderin dayandığını bildiyimiz üçün baş verənləri izləməklə kifayətlənmişik. Möhtərəm prezident! Biz Gürcüstan azərbaycanlıları sizdən artıq dərəcədə xahiş edirik ki, Akif Çovdarovun səhhətində olan təhlükəli xəstəliklərə görə istintaqın gedişini öz şəxsi nəzarətinizə götürəsiniz".

Amma bu müraciət cəmiyyətdə birmənalı qarşılanmayıb. A.Çovdarovla bağlı media və cəmiyyətdə hökm sürən mənfi imicin fonunda onun "xeyriyyəçi" obrazının yaradılması cəhdi inandırıcı olmayıb. Tanınmış Borçalı ziyalıları buna etirazını bu və ya digər formada bildiriblər. "Yeni Müsavat"a açıqlamasında isə onlardan ikisi bu müraciətin yazılmasına və oradakı fikirlərə etirazını bildirib.

Milli.Az musavat-a istinadən bildirir ki, vəkil Aslan İsmayılov hesab edir ki, bu müraciətin Borçalı camaatının adına çıxarılması böyük bir yanlış və mahalın adına xələldir. Borçalıdakı azərbaycanlıların problemi ilə hər zaman dərindən maraqlandığını, onların Gürcüstanda ayrı-seçkiliyə məruz qalması barədə alternativ hesabatlar hazırlayıb iki ildə bir dəfə BMT-yə, ATƏT-ə yolladığını xatırladan müsahibimiz bu səbəbdən də sözügedən məsələyə mövqe bildirmək haqqı olduğunu dedi: "Mən bu müraciəti hazırlayan şəxsə də dedim ki, siz fərd olaraq nələrisə yaza bilərsiz. Amma Borçalı ziyalıları adından bunu vermək onlara qarşı haqsızlıqdır. Ümumiyyətlə, orada yaşayanların gətirməyən bəxti var. Çünki Azərbaycanda yaşayan, Borçalının özündə hakimiyyətə gəlmək istəyənlər daim sıravi borçalılıların adından istifadə ediblər. Gerçəkdən Borçalıya can yandıran çox az adam görmüşəm. Vaxtilə ziyalılar olub, Borçalıda yaşayan azərbaycanlılar üçün müəyyən işlər görüblər. Şəxsən tanıdıqlarım rəhmətlik şair İsa İsmayılzadə, professor Camal Mustafayev və başqaları bunu təmənnasız ediblər. Bu gün Moskvada olan biznesi hesabına Borçalıya kömək göstərən çoxlu insanlar da tanıyıram. Onlar heç vaxt Borçalı adından istifadə etməyiblər. İndi isə hərə özündən bir Borçalı ziyalısı düzəldib. Akif Çovdarov kimi adamı bu bölgənin fəxri qismində təqdim etmək borçalılılara qarşı hörmətsizlikdir. Mən təkcə o məktubu imzalayanların yox, oradan olan sıravi vətəndaşların, ziyalının, təqaüdçünün, gəncin bu neçə gün ərzində fikrini öyrənmişəm. Bir nəfər də onu dəstəkləmir. Sadəcə, qohum-əqrəbası arasında kimsə fərd kimi ondan faydalanmış ola bilər. Amma Akif Çovdarovun nə Borçalıya, nə də borçalılılara bir faydası olmayıb. Akif Çovdarov kimi adamı borçalılıların adı ilə yanaşı qoymaq onlara qarşı ən böyük haqsızlıq və təhqirdir". 

Aslan bəy hesab edir ki, belə bir müraciəti hazırlayanların yeganə məqsədi maddi maraqlardır. Təbiət etibarilə yıxılanı heç vaxt vurmadığını deyən müsahibimiz bu məqamda A.Çovdarov haqda da danışmaq istəmədiyini xatırlatdı: "Amma cinayətkarlığı bütün ölkəyə bəlli olan bir nəfəri borçalılıların az qala kumiri kimi qələmə vermək haqsızlığına da susa bilmərəm. Bu, tam yanlış addımdır. Bu, heç borçalılıların 1 faizinin belə mövqeyini ifadə etmir. Onun orada yaşayanlara ziyanı dəyib ki, xeyri dəyməyib. Nə qədər borçalılıya problem yaradıb. Bunun əksini demək istəyənlər bir fakt desinlər. O, kriminala kömək edib, onlara dəstək verib, amma xalqın yanında olmayıb heç vaxt. Kriminal aləmdən olanlar ona dəstək versə, susardım. Ancaq Borçalı camaatını kriminalla eyniləşdirmək yolverilməzdir. Orada yaşayan insanlar halal zəhməti sevən, bacarıqlı, elmə, mədəniyyətə meylli və Azərbaycanı Azərbaycanda yaşayanlardan az sevənlər deyillər. Bu günə qədər Bakıda bir toyda da Azərbaycan şərəfinə sağlıq eşitməmişəm. Borçalıda isə bütün şadlıq mərasimlərdə ikinci sağlıq hökmən Azərbaycan şərəfinə deyilir. Belə bir insanları cinayətkarların müdafiəçisi kimi qələmə verib onları hörmətdən salmaq olmaz".
"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də bu müraciəti olduqca məntiqsiz addım adlandırdı. Onun sözlərinə görə, həmin məntiqlə sözügedən müraciəti imzalayanlar Neft Akademiyasındakı terroru törədənə də bəraət istəməliydilər: "Cinayətkarın nə regionu, nə dini, nə də inancı var. Bunun əvəzində isə qanun, dövlət və dəyərlər var. Bu dəyərlər, qanunlar, səlahiyyət kənarda qalırsa, millətin beli qırılırsa, elin adına qara ləkə sürtülürsə, daha sonra kiminsə dirijor çubuğu ilə müdafiə kampaniyası keçirilirsə, bu, çox utanc gətirən şeydir". 

Z.Məmmədli dedi ki, A.Çovdarov zamanında xeyli qanunsuzluqlara, haqsızlıqlara imza atan biri olaraq indi halal haqqı olan yerdədir. Müsahibimizin sözlərinə görə, Borçalı insanlarının adını bu cür məsələlərdə hallandırmaq, onlardan istifadə etmək olmaz: "Bu cür məsələlərdə el təəssübkeşliyi, yurd təəssübkeşliyi heç bir normalara uyğun deyil. "Borçalı" cəmiyyəti hər zaman haqqın, hüququn yanında olub. Cinayətkar Zəlimxanın qardaşı da ola bilər. Amma o, məndən, "Borçalı" Cəmiyyətindən hər hansı formada imdad diləməsin. Bu imzanı atanlar da, onları buna təhrik edənlər də yanlışlığa yol veriblər. Təbii ki, onun ailəsi, təəssübkeşləri var. Onun üçün çalışmaları təbiidir. Amma ictimai proseslərə bunu yönəltmələrinə heç cür yol vermək olmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.