Ölkə

Bu universitetə cəmi 68 tələbə qəbul oldu - 11 faiz

29 Avqust 2016 17:44
3 Şərh     Baxış: 4 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu il ali təhsil müəssisələrinə qəbulun birinci mərhələsindən sonra 7 mindən çox boş yer qalıb. Bu rəqəm isə ötən illərə nisbətən bir qədər yüksəkdir. Belə ki, 2014-cü ildə boş qalan plan yerlərinin sayı 4050, 2015-ci ildə isə 6500 olub. Bu il isə birinci qəbulda bu rəqəm 7000-i keçib.

Milli.Az bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə boş yerlərin taleyi ilə bağlı qafqazinfo-nun sualını cavablandırarkən qurumun vəzifəsinin sadəcə qəbul prosesini həyata keçirmək və nəzarət olduğunu deyib:

"Biz sadəcə tələbə qəbulunu həyata keçiririk. TQDK masabiqə elan edir və müəyyən yerlər dolur. Boş qalan yerlər üçün də sonradan qəbul keçirilir. Məsələn, bu il avqustun 15-dən 19-na kimi növbəti qəbul aparılıb və 553 nəfər tələbə olmağa şans qazanıb. Hazırda bu ayın 31-nə kimi həmin abituriyentlərin qeydiyyatı aparılır. 6 mindən çox boş yer qalsa da, artıq biz öz vəzifəmizi tamamlayırıq və boş yerlər üçün növbəti qəbul olmayacaq".

Təhsil üzrə ekspert Kamran Əsədov da məsələni şərh edən zaman bu il ali məktəblərə qəbul olanların sayının son 8 ildə ən aşağı səviyyəyə endiyini deyib:

"2003-2008-ci illərdə abituriyentlərin sayı 66%-ə kimi artıb. Ancaq təəssüflər olsun ki, 2008-ci ildən bu günə kimi isə bu rəqəm aşağı düşərək 20%-lik bir azalma müşahidə olunur. 2008-2009-cu tədris ilində ali məktəblərə 120 min abituriyent sənəd verirdisə, bu il bu rəqəm 85 minə qədər düşüb. Nəticə etibarilə bu il ali məktəblərə qəbul olanların sayı son 8 ildə ən aşağı səviyyəyə enib.

Hazırda ölkəmizdə 43 təhsil mərkəzi var. Ən çox tələbə qəbul onunan universitet BDU-dur, 4798 plan yeri dolub. Özəl universitetlər arasında isə "Qafqaz" liderdir. Universitetə 733 abiturient daxil olub. Göründüyü kimi, arada çox böyük bir fərq var. Hətta özəl universitetlərdə boş qalan yerlərin sayı 50%-ə yaxındır. Odlar Yurdu, Avrasiya, Təfəkkür universitetlərində plan yerləri heç 50% də dola bilmədi.

Hər il boş qalan yerlər artır. Buna baxmayaraq, qəbul komissiyası plan yerlərinin sayını hər ötən il bir az da artırır. Bu məsələyə ciddi nəzarət etmək lazımdır. Əmək bazarında ehtiyac olan ixtisaslara qəbul planını artırmaq məqsədə uyğundur, nəinki müəllim və s. Təhsil Naziriyinin bu il müəllimlər üçün keçirdiyi imtahanda 31 mindən çox işsiz müəllim iştirak edib. Halbuki plan yerinin sayı 3000 idi. Bu, o deməkdir ki, yaxın bir neçə il üçün müəllimlik tələbatını ödəyir".

Bəs keçmiş MDB ölkələri ilə müqayisədə Azərbaycandakı vəziyyət qənaətbəxşdirmi?

Ekspert bu suala cavab tapmaq üçün kiçik bir araşdırma edib və statistika hazırlayıb.

"Belə ki, Ermənistanla müqayisədə abiturientlərimizin sayı dəfələrlə çoxdur. Bu il Ermənistanda ali məktəblərə 12 min abituriyent sənəd verib. Orada qəbul və buraxılış imtahanlarının birlikdə keçirildiyini nəzərə alsaq, bu rəqəm ölkəmizdə 200 minə yaxındır.

Qazaxıstanda əhalinin sayı 17 milyondur. Məzunlarının sayı isə 124 min təşkil edir. Qırğızıstanda 5 milyon əhali, 16 min məzun var. Bu rəqəm Belarus üçün 58 min, Bolqarıstan üçün isə 35 min olaraq dəyişir. Ancaq Azərbaycanda bu say olduqca yüksəkdir. Bu da onu göstərir ki, bizim elmi potensialımız, qəbul göstəricilərimiz daha yaxşıdır. Sadəcə olaraq, müvafiq qurumlar düzgün planlaşma apararaq bu potensialdan yaxşı istifadə etməyi bacarmalıdır".

Son olaraq qeyd edək ki, ayrı-ayrı təhsil müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında statistik məlumata əsasən, bu il Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası 100 faizlik qəbulolma göstəricisinə yiyələnib. Ən aşağı faiz isə "Odlar Yurdu" universitetindədir. 600 plan yerə 68 qeydiyyat aparılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.