Ölkə

Azərbaycanda referendum keçirilməsi ölkənin dinamik inkişafının nəticəsidir

29 Avqust 2016 17:06
Baxış: 1 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda vitse-prezident institutunun yaradılması bir tərəfdən dövlətin idarə edilməsi sistemini əhaliyə daha da yaxın edəcək, digər tərəfdən isə prezidentin inzibati idarəetmə strukturları üzərindəki nəzarətinin güclənməsinə səbəb olacaq".

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanınıda Dövlət İdarəçilik Akademiyasının Dövlət quruculuğu və hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Nağıyev deyib.

F.Nağıyev bildirib ki, Konstitusiyaya təklif olunan dəyişiklikdə konkret neçə vitse-prezidentin olduğu göstərilmir. Amma qeyd edilir ki, 1-ci vitse-prezident və vitse-prezidentlər olacaq.

Kafedra müdirinin sözlərinə görə, vitse-prezident institutunun yaradılması dünya təcrübəsində geniş yayılmış haldır və vitse-prezidentlər ən müxtəlif sahələr üzrə fəaliyyət göstərirlər: "Ola bilər ki, Azərbaycanda da ayrı-ayrı sahələr üzrə, məsələn, idarəetmə, iqtisadiyyatın ayrı-ayrı sahələri, yaxud regionlar üzrə vitse-prezident institutları yaradılsın".

Azərbaycanda prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılmasını normal təklif sayan F.Nağıyevin sözlərinə görə, dünya dövlətlərinin, hətta demokatik ölkələrin təcrübələrinə baxılsa, aydın olar ki, ayrı-ayrı ölkələrdə bu müddət dəfələrlə artırılır və ya azaldılır:

"Bunların hər birinin də özünün konkret səbəbi olur. Məsələn, bir neçə il əvvələ qədər Fransada prezident 7 illiyə seçilirdi, amma onlar bu müddəti 5 illə məhdudlaşdırıblar. Səbəb odur ki, əvvəlki dövrlərdə parlament seçkiləri ilə prezident seçkiləri arasında 2-3 il vaxt keçirdi. Prezident seçkiləri zamanı sol, yaxud sağ qüvvələrin hakimiyyəti qalib gəlirdisə, 3 ildən sonra parlament seçkilərində digər qüvvələr qalib gəlirdi və ölkədə qarşıdurma yaranırdı. Bunun qarşısını almaq üçün ya parlament buraxılmalı, ya da prezident istefaya getməli idi. Bu da ölkə üçün xoşagəlməyən hallara gətirib çıxarırdı. Ona görə də Fransa o praktikadan imtina edib 5 illik sistemə keçdi. Azərbaycanda belə bir problem yoxdur. Amma düşünürəm ki, Azərbaycanda prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə keçirilməsi dövlət proqramlarının təsdiqi ilə bağlıdır. Prezident bu proqramların icrasına özü bilavasitə nəzarət edir. Reallıq onu göstərir ki, əgər prezident 5 illiyə seçilirsə, proqram isə 10, hətta 15 illiyə nəzərdə tutulursa, prezidentin dəyişilməsi həmin proqramların icrası ilə əlaqədar müəyyən problemlər də yarada bilər".

Konstitusiyada dəyişiklik etməyin hər bir xalqın öz hüququ olduğunu xatırladan F.Nağıyev qeyd edib ki, Azərbaycanda 1995, 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumların hər biri arasında 7 il fərq var:

"Bu, ilk baxımdan təsadüfi görünə bilər. Amma referendumların 7 ildən bir keçirilməsinin özü ölkənin dinamik inkişafının nəticəsidir. Konstitusiyanın əsas məqsədi ictimai münasibətləri nizama salmaqdır. Həmin münasibətlər də mütəmadi olaraq inkişaf edir və dəyişir. Bu münasibətlər hər 7 ildən bir o həddə gəlib çatır ki, dövlət idarəetmə sistemində, insan hüquq və azadlıqları, məhkəmə hakimiyyəti, beynəlxalq münasibətlər sahəsində belə islahatların aparılması zərurəti yaranır".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsinin (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, referendum 2016-cı il sentyabrın 26-da keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.