Ölkə

"Ayda 300 manat maaş aldığım halda Beynəlxalq Bank mənə necə 1 milyon manat kredit verib?" - YENİLƏNİB

29 Avqust 2016 17:59
Baxış: 5 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:59

Trend  bildirir ki, prosesdə "İnter Security" şirkətinin əməkdaşı Namiq Quliyev bildirib ki, şirkət rəhbəri İ.Hüseynovun tapşırığı ilə bankın Suraxanı filialına gedərək sənədlərə imza atıb. Sonradan bilib ki, onun adına kredit götürülüb.

Digər şahid Zaur Xəlilov da deyib ki, şirkət rəhbəri İ.Hüseynov tərəfindən bankın Nəqliyyat filialına çağırılıb və sənədlərə imza atıb: "Adıma kredit götürüldüyünü sonradan bildim".

Şahid Emin Abbasov isə deyib ki, 2008-ci ildə bankın Nəqliyyat filialından adına kredit götürülüb. Amma həmin məbləğ ödənilib.

Prosesdə Beynəlxalq Bankın nümayəndəsi Ağalar Ağaşirinov məhkəməyə arayış tədim edib. Arayışda ittiham aktında göstərilən 211 milyon manatın təkcə C.Hacıyev tərəfindən deyil, digər təqsirləndirilən şəxslərlə birgə mənimsənildiyi göstərilib.

Arayışda qeyd olunub ki, 211 milyon manatın 94 milyonu Anar Sultanov, 45 milyon 813 min manatı İlqar Abdullayev, 16 milyon manatı Kənan Orucov, 6 milyon manatı Məmməd Cahangirov, 7 milyon 612 min manatı Azad Cavadov, 37 milyon 469 min manatı Yusif Ələkbərov, 39 milyon isə İbrahim Hüseynov tərəfindən mənimsənilib.

Arayış cinayət işi materiallarına əlavə edilib və sənəd növbəti məhkəmə prosesində müzakirəyə çıxarılacaq.

C.Hacıyevin vəkili F.Mehtiyev deyib ki, cinayət işi ilə bağlı qaranlıq qalan əsas məqam iki zərərçəkmiş tərəfin tanınmasıdır: "Beynəlxalq Bankın səlahiyyətləri problemli kreditlərin həlli ilə bağlı "Aqrarkredit" QSC-yə verilib. Belə olan halda Beynəlxalq Bankın zərərçəkmiş kimi tanınması ziddiyyət təşkil edir. Biz məhkəmədən xahiş edirik ki, Maliyyə Nazirliyi, Beynəlxalq Bank və "Aqrarkredit" QSC tərəfindən imzalanmış müqavilənin surəti, problemli kreditlərlə bağlı sənədlərin surəti bizə və məhkəməyə təqdim edilsin. Yaranan suallara aydınlıq gətirək".

Sonra şahid Rasim Fətullayev bildirib ki, 2008-ci ildə Nərimanov filialında sənədlərrə qol çəkib, sonradan adına 505 min dollar kredit götürüldüyünü bilib. Həmin məbləğ istintaqdan əvvəl ödənilib.

Şahid, şirkətin növbə rəisi olmuş Telman Qurbanov isə deyib ki, şirkət rəhbərliyinin göstərişi ilə banka gedib və onun adına 306 min dollar kredit götürülüb, 2013-cü ildə kredit ödənilib.

Şahid Rauf Şahbazov isə bildirib ki, təqsirləndirilənlərdən Azad Cavadovun işi ilə bağlı 10 nəfərin adına kredit götürüb. Həmin şəxslər "İnter Security" şirkətinin işçiləri olub. Məbləğ Bakı Fındıq Emalı Zavodu üçün götürülüb.

Adında 107 800 manatın olmasına münasibət bildirən R.Şahbazov deyib ki, nə hesabında olan puldan, nə də kreditdən xəbəri var.

"İnter Security" şirkətinin əməkdaşı Əli Həsənov da rəhbərliyin göstərişi ilə bankda sənədlərə qol çəkdiyini deyib. Adında 352 min manat kreditin qalmasına gəlincə, Ə.Həsənov məsələdən məlumatsız olduğunu deyib.

Şahid Ruslan Kərimov isə bildirib ki, adına 450 min manat kredit olmasından sonra xəbər tutub. Həmin kredit ödənilib.

Proses avqustun 31-də davam etdiriləcək.

---------

15:43

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən Azad Cavadov bildirib ki, C.Hacıyevlə tələbə yoldaşı olub, onun dəvəti ilə Bakı Fındıq Emalı Zavoduna direktor müavini, 2002-ci ildən isə direktor təyin edilib. A.Cavadov ondan əvvəl Beynəlxalq Bankdan 5 milyon manat kredit götürüldüyünü, girov olaraq müəssisənin qoyulduğunu deyib. Sonra ödəyə bilmədikləri üçün müəssisə bankın idrəetməsinə keçib.

İki gün ərzində 17 milyon manatın kredit götürülməsinə gəlincə, A.Cavadov bildirib ki, ona qarşı vergi borcu ilə bağlı cinayət işi başlanmışdı: "Vergi müfəttişləri tələb etdilər ki, vergi borcu ödənilməlidir. Mən bu barədə Cahangir Hacıyevə dedim və bankdan kredit götürdük. Həmin kreditlərlə ödənişi həyata keçirəndən sonra mənim üzərimdən cinayət işi götürüldü və sərbəst buraxıldım".

A.Cavadov sonra qaynanasının adına olan 816 min manat kreditə də aydınlıq gətirib: "Həmin krediti vəkilim Akif Məlikovun adına götürmüşdüm. Bir gün o dedi ki, kreditə soyuducu götürmək istəyir, həmin kreditə görə ona soyuducu vermirlər. Mən də həmin krediti qaynanamın adına keçirtdim".

Soyuq və odlu silah məsələsinə gəlincə isə o bildirib ki, xəncəri 10 il əvvəl qaynı Mərkəzi Univermaqdan alıb və ona hədiyyə verib: "Evimdə ikinci dəfə axtarış aparılanda həmin əşyanı soyuq silah adı ilə götürdülər. Halbuki evdə ondan böyük iki balta var".

Prokuror isə deyib ki, ekspert silahda A.Cavadovun əl izini aşkarlayıb.

Vəkillərin suallarını cavablandıran A.Cavadov deyib ki, Azərbaycan Beynəlxalq Bankından götürülən 60 milyon manat kredit müəssisənin genişləndirilməsinə yönəlib. Pulların xərclənməsinə isə Azərbaycan Beynəlxalq Bankı nəzarət edib. İttihamda həmin kredit məbləğindən 6 milyon manatın mənimsənilməsini isə A.Cavadov inkar edib: "Pul ödənilməsəydi, müəssisə bankda girovdan çıxmazdı. Müəssisə sonradan "Aqrarkredit"in nəzarətinə keçib".

Prokuror bildirib ki A.Cavadova verilən ikinci ittiham 6 milyon manatla bağlı deyil, kreditlərin ödənilməməsi ilə əlaqədardır.

Prosesdə ifadə verən şahid Nəriman Paşayev bildirib ki, mağazadan kreditlə kompüter götürmək istəyərkən adına 1 milyon manat kredit olduğunu bildiriblər: "Mən ayda 300 manat maaş aldığım halda Beynəlxalq Bank mənə necə 1 milyon manat kredit verib?"

Şahidlər bildiriblər ki, onlar Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi tərəfindən tapşırıqla kredit müqaviləsinə imza atıb və pulların hara xərclənməsindən xəbərsiz olublar.

Şahidlərin sözlərinə görə, bu kreditlər onların adlarına rəsmiləşdirilib. Bəzi şahidlər, ümumiyyətlə, hansı sənədə nə üçün imza atdığını bilməyiblər.

Proses davam edir.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.