Ölkə

"Mənə Cahangir Hacıyev göstəriş vermişdi" - YENİLƏNİB

26 Avqust 2016 19:09
Baxış: 2 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:09

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə C.Hacıyevin vəkili Fəxrəddin Mehtiyev məhkəmə proseslərinin tez-tez keçirilməsinə etiraz edib. O bildirib ki, proses həftədə 3 dəfə olduğundan təqsirləndirilən şəxslərlə görüşə bilmirlər.

Hakim isə qeyd edib ki, təqsirləndirilən şəxslər dindiriləndən sonra məsələyə baxılacaq.

Prosesdə təqsirləndirilən şəxs Anar Sultanov ifadə verib. O bildirib ki, 1997-ci ildən 2004-cü ilə qədər ABB-də müxtəlif vəzifələrdə çalışıb. "2004-cü ildən 2010-cu ilə qədər filial rəhbəri olub. Onun sözlərinə görə, bankın qaydalarına əsasən, filial təminatsız 2000, təminatlı 5000 manat kredit verə bilərdi: "Bundan yuxarı məbləğ kreditlər İdarə Heyəti, kredit komitəsinin qərarı ilə ayrılıb. İstintaqa ifadəmi təsdiqləyirəm. İdarə Heyətinin qərarları mənim üçün məcburi idi. Baş idarə qərar verəndən sonra kredit ayrılmasında filial texniki rol oynayırdı. Banka müştərilər göndərilirdi, İdarə Heyəti qərar verirdi, biz də icra edirdik. Zamirə Hacıyeva, Cahangir Hacıyev, Leyla Mahmudova və digərlərinə kredit verilməsi ilə bağlı mənə Cahangir Hacıyev göstəriş vermişdi. Cahangir Hacıyevlə bağlı sənədləri mən ondan tələb edə bilməzdim. Bizim sırf texniki rolumuz olub".

Dövlət ittihamçısının "Siz bilirdinizmi ki, banka aidiyyəti olan şəxslərə kredit ayırmaq üçün Müşahidə Şurasının icazəsi olmalıdır" sualına cavab verən A.Sultanov deyib ki, filiala İdarə Heyətindən qərarlar çıxarış formasında gəlib və filial da həmin çıxarışlar əsasında kredit verib.

O bildirib ki, C.Hacıyevin sürücüsü Aydın Mehtiyevə kredit İdarə Heyətinin 57 saylı qərarı ilə verilib: "Mən heç nəyi saxtalaşdırmamışam. Aydın Mehtiyev Cahangir Hacıyevin sürücüsü idi, başı qarışıq olurdu, ona görə ayrılan kredit müqavilələrini yığıb baş idarəyə göndərmişəm. Sənədlər imzalanıb gələndən sonra kredit vermişəm. Həmin kredit 2009-cu il avqustun axırında bağlanılıb. Həmin sənədlər imzalanıb qayıdandan sonra imzalara baxmamışam".

Sürücünün adına 9 milyon manat məbləğində kreditin verilməsi məsələsinə münasibət bildirən A.Sultanov deyib ki, İdarə Heyətinin qərarı onun üçün məcburi icra olub: "Mən heç bir mütəşəkkil dəstədə olmamışam, verilən qərarları icra etmişəm. Cahangir Hacıyev, Leyla Mahmudova, Zamirə Hacıyeva və digərləri mərkəz filialının müştərisi olub, onların imza nümunələri və hesabları mərkəz filialında olub. İlkin sənədləri toplamaq da mərkəz filialının səlahiyyətində olub".

Təqsirləndirilən şəxs İlqar Abdullayev isə bildirib ki, 2004-cü ildən ABB-də işləyib: "2006-cı idən filial müdirinin müavini, 2014-2015-ci illərdə filial müdiri olub. Cahangir Hacıyevi bir dəfə - məni filial müdiri təyin edəndə görmüşəm. Heç bir dəstə üzvü olmamışam, vəzifəmi icra etmişəm. İdarə Heyəti müavinlərinin qərarlarını icra etmişəm. 3 kredit müqaviləsinə imza atmışam. Həmin vaxt filial müdiri işdə olmadığı üçün mən imzalamışam. Müqavilələrin üçünün də bir gündə imzalanması təsadüfdür, sadəcə kreditlərlə bağlı qərarlar ayrı-ayrı vaxtlarda verilib".

Fasilədən sonra təqsirləndirilən şəxs İ.Abdullayev sualları cavablandırıb. Bildirib ki, tapşırıqla verdiyi kreditlər 2014-cü ilin iyul ayında bağlanıb, şərtləri də kredit komitəsi müəyyənləşdirib. İdarə heyətinin qərarı ilə A.Mehtiyevin krediti 2015-ci ilə qədər uzadılıb. O, C.Hacıyevlə görüşmədiyini bildirib.

Digər təqsirləndirilən şəxs Yusif Əkbərov deyib ki, 2001-ci ildən 2012-ci ilə qədər Azərbaycan Beynəlxalq Bankında işləyib: "Mən 1 milyon 800 min manat vəsaiti mənimsəməkdə ittiham olunmuşam. Əgər mütəşəkkil dəstədə olsaydım, 2013-cü ildə məhkum olunmazdım. Kreditlər rəsmiləşdiriləndən sonra pullar baş idarədən götürülürdü. Cahangir Hacıyev mənim işimi prokurorluğa göndərdi".

Kənan Orucov isə bildirib ki, 1993-cü ildən ABB-də işləyib: "2003-dən 2015-ci ilə qədər filial rəhbəri olmuşam. Öz ərizəmlə işdən çıxmışam. "Intersecurity" şirkətinin 18 əməkdaşının adına 16 milyon 910 min manat ayrılmalı idi. Filialda pul olmadığından biz rəsmiləşdirdik, pulu baş idarədən götürüblər. Həmin kreditlərin hara yönəldilməsindən xəbərim olmayıb".

Təqsirləndirilən şəxs Məmməd Cahangirov ifadəsində deyib ki, 2001-ci ildən 2011-ci ilə qədər Nərimanov filialının, sonra Sənaye filialının müdiri olub. Onun sözlərinə görə, böyük kreditləri baş idarənin qərarı ilə verib: "Cahangir Hacıyevin sürücüsü Aydın Mehtiyevin adına ayrılan kreditlər Ukraynada metal alverinə ayrılırdı. Kredit komitəsinin qərarından sonra kreditin ayrılması ilə bağlı sənədlər gəlirdi. Həmişə etiraz edirdim ki, adamlar özü gəlsin, sonra kredit verilsin. Pulların hara xərclənməsindən xəbərim olmayıb. Biz memorandumda yaza bilərdik ki, kredit təhükəlidir. Bunu isə yazmaq bizim ölümümüzə qol çəkmək demək idi".

C.Hacıyev isə deyib ki, onun sürücüsü vasitəsilə ayrılan kredit Albaniyada Armatur Zavodunun tikiintisinə ayrılıb. O əlavə edib ki, sürücüsü ilə M.Cahangirovun şərik armatur biznezi olub. Aralarında problem yarandığı üçün də M.Cahangirov başqa filiala keçirilib.

M.Cahangirov isə C.Hacıyevi təkzib edib.

Təqsirləndirilən şəxs, "Intersecurity" şirkətinin rəhbəri İbrahim Hüseynov isə deyib ki, onun 37 işçisinin adına kredit götürülüb: "İşçiləri kredit götürməyə özüm göndərmişəm. Mənə elə gəlir ki, kreditlərin götürülməsi bank rəhbərliyinin tapşırığı idi. Mənim bundan xəbərim olmayıb. Mən qərarları icra etmişəm".

Proses avqustun 29-da davam edəcək.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

---------

15:25

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə C.Hacıyevin vəkili Fəxrəddin Mehtiyev məhkəmə proseslərinin tez-tez keçirilməsinə etiraz edib. O bildirib ki, proses həftədə 3 dəfə olduğundan təqsirləndirilən şəxslərlə görüşə bilmirlər.

Hakim isə qeyd edib ki, təqsirləndirilən şəxslər dindiriləndən sonra məsələyə baxılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.