Ölkə

Respublika stadionu, yoxsa cıdır meydanı? - YENİLƏNİB - FOTO

26 Avqust 2016 14:42
8 Şərh     Baxış: 2 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi stadion necə bu vəziyyətə düşdü? 

14:42

Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün yenidən yararsız vəziyyətə düşməsinin səbəbi açıqlanıb. Arenanın direktoru Şamil Quliyev "Report"a açıqlamasında ot örtüyünün durumunun avqustdakı isti havalarla əlaqədar pisləşdiyini bildirib.
Onun sözlərinə görə, ayın əvvəllərindən başlayaraq, qazonda saralmalar başlayıb. Suvarma vaxtlı-vaxtında aparılsa da, saralmanın qarşısını almaq mümkün olmayıb: "Təmir işləri stadionumuzu icarəyə götürən "Qarabağ" klubu tərəfindən aparılıb. Meydana qulluğu da klub əməkdaşları aparıblar. "Göteborq"la oyundan əvvəl vəziyyətin pisləşdiyini görüb kluba müraciət etdim ki, gəlin, bir əncam çəkin. Hələ qışda stadionda təmir işləri aparılarkən, "Qarabağ"ın stadiona cavabdeh şəxslərinə demişdim ki, qumdan az istifadə edin, ot örtüyünün alt qatı torf və torpaq olsun. Amma mənə qulaq asmadılar. "Göteborq"la ev oyunundan əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ot örtüyü ilə tanış oldu və: "Bura nə gündədir?" - dedi. Mən də bizlik bir şey olmadığını və stadionun ot örtüyünə klubun cavabdehlik daşıdığını bildirdim. O da mənimlə razılaşdı".
Direktorun fikrincə, avqustun 2-də Çexiya "Viktoriya"sı ilə Bakıdakı Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra meydana toxum səpilsəydi, effekti olmayacaqdı: "Çünki o toxumlar belə istilərə dözməyəcəkdi. Amma artıq havalar mülayimləşir. İndi toxum səpilsə, Avroliqanın qrup mərhələsindəki ilk ev oyununadək ot örtüyü qaydasına düşəcək".
Arena rəhbəri meydanın yararsız vəziyyətdə olmasına rəğmən, "Qarabağ"a UEFA-dan heç bir cərimənin tətbiq olunmayacağını da əlavə edib. O bildirib ki, UEFA nümayəndələri əvvəlcədən stadiona baxış keçiriblər və bu stadionda oynamağa razılıq veriblər.

---------

13:17

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində İsveç klubu "Göteborq"u udub mübarizədən kənarlaşdırsa da, qələbədən çox, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü müzakirə olundu. 

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, 2011-ci ildə 10 milyon ayrılaraq təmirə bağlanan arenanın ot örtüyü illərdir ki, düzəlmir. Dəfələrlə "Qarabağ"ın meydançanın vəziyyətinə görə çətinlik çəkdiyinin şahidi olmuşuq. Elə yeri gəlmişkən ötən il pley-off mərhələsində "Yanq Boyz"a qarşı Bakıda keçirilən matçda da Qurban Qurbanovun komandası pis vəziyyətlə üzləşmişdi.

"Göteborq"la oyundan sonra Qurban Qurbanov UEFA nümayəndəsinin artıq stadiondan şikayət yazdığını və qeydlər apardığını bildirdi.

Ötən il elə pley-off mərhələsindən sonra Gənclər və İdman Nazirliyi bəh-bəhlə stadionun təmirinə başlanıldığını bildirdi. Media nümayəndələri üçün arenaya tur təşkil edən nazirlik rəsmiləri növbəti mövsüm daha ideal ot örtüyü olacağını bildirdilər. Rayonlardan düz paytaxtın mərkəzinə qədər gətirilən 1200 ton torpaq belə normal ot örtüyünün cücərməsi üçün kifayət etmədi. Sonluq göz önündədir.

Bu qədər problemlə üz-üzə qalarkən "Qəbələ" təcrübəsindən yararlanmaq mümkün deyildimi? İngilis mütəxəssisləri qərbdən gətirib stadion düzəldən klub rəhbərliyi azərbaycanlı bir neçə mütəxəssisin də öyərnməsinə yardımçı oldu. Bu gün Azərbaycanda ən mükəmməl ot örtüyünə sahib olan "Qəbələ"nin işçiləri mərkəzi stadionu ideal vəziyyətə gətirə bilər.

Mümkündür ki, Gənclər və İdman Nazirliyi yayda problemlərin ortaya çıxa biləcəyinə aid iddialar irəli sürsün.

Gənclər və İdman Nazirliyi ot örtüyündə təmir işlər aparılan zaman məsələyə belə münasibət bildirmişdi: "Biz bilirik ki, yay aylarında müəyyən problemlər ortaya çıxır. Onların qarşısını almaq üçün tədbirlər görüləcək. Mütəxəssislər bütün proseslərə nəzarət edəcəklər".

Bəs iki dəfə təmirinə milyonlar xərclənən arenanın ot örtüyü niyə düzəlmir? Səbəbi çox sadədir. Yerli şirkətlərin ot örtüklərinə nəzarət etdiyi arenalara bir-bir nəzər salsaq, hamısı eyni vəziyyətdədir. Məsələn, "Bakcell Arena", Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, "Dalğa Arena". Hamısı mərkəzi arena ilə eyni vəziyyətdədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.