Ölkə

İşədüzəltmə adı ilə külli miqdarda pul mənimsəyən dələduzlar yaxalandılar - FOTO

26 Avqust 2016 12:18
2 Şərh     Baxış: 1 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili işlər orqanları internet vasitəsilə iş axtaran vətəndaşlara qarşı dələduzluq edərək onlayn yolla iş təklif edən və bunun müqabilində onların külli miqdarda pulunu mənimsəyən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən tədbir nəticəsində məlum olub ki, Beyləqan rayon sakinləri Səməd Bəbirov, qardaşı Yusif və Cabir Nəsirov cinayət əlaqəsinə girərək müxtəlif iş elanı saytlarında özlərindən uydurduqları "Azərqida" MMC, "Elit Grand Park" firmalarına və "Guess" ayaqqabı fabrikinə guya işçi axtarıldığı barədə elanlar yerləşdiriblər.

Dəstə üzvləri həmin elanlarla bağlı müraciət edən vətəndaşlardan əmək sığortası adı altında S.Bəbirovun "Kassam.az" elektron pul kisəsi xidmətində qeydiyyatdan keçmiş hesabına müxtəlif məbləğlərdə pul köçürmələrini tələb ediblər.

Pullar hesaba köçürüldükdən sonra adıçəkilən şəxslər pul vəsaitlərini çıxararaq çoxsaylı vətəndaşlara külli miqdarda ziyan vurublar.

Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı bank kartları, müxtəlif mobil operatorlara məxsus çoxsaylı telefon nömrələri, kompüterlər və iş üçün zəruri olan digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Dələduzluq hadisəsi ilə üzləşən vətəndaşların şəxsiyyətləri müəyyən edilib və onlar zərərçəkən şəxs qismində Baş İdarəyə dəvət olunublar. Həmin vətəndaşların ərizə və şikayətləri qəbul edilərək istintaq materiallarına əlavə edilib.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Pünhan Mirzə

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.