Ölkə

Möcüzəli şəkildə "boşalan" bağçalar

26 Avqust 2016 10:16
10 Şərh     Baxış: 2 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qızımın 2 yaşı oldu. Düşündüm ki, artıq işə çıxmaq vaxtıdır. Uşağa baxacaq kimsə olmadığından bir neçə bağça haqqında maraqlanmağa başladım. Qohumlardan kimin övladı bağçaya gedirdisə, hamısı ilə bir-bir danışdım. Sonra isə bağçaların yolunu tutdum. Hansı bağçaya yaxınlaşdımsa eyni sözü eşitdim: "Bizdə yer yoxdur". Demək olar ki, 10-a yaxın bağça gəzmişdim. Hətta artıq evdən uzaq yerlərə də baxırdım. Amma yenə də yer tapa bilmirdim", - valideyn Nərmin Əliyeva deyir.

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, gənc valideyn deyir ki, övladına bağça tapmaq üçün çox zülm çəkib. Yalnız "tanışlıq" yolu ilə bağçaların birində övladına yer tapa bilib: "Gördüm, artıq mümkün deyil. Bağçaların birində müəllimlərdən biri mənə eşitdirdi ki, ya tanışın olmalıdı, ya da "hörmət" eləməlisən. Bundan sonra artıq məcbur olub "tanışlıq" yolu ilə bağçaların biri ilə razılaşdıq. Ondan sonra qızımı bağçaya qəbul etdilər. Ətrafımda tanıdığım valideynlər var ki, bağçalarda yer olmadığından şikayətçidilər. Uşaqlara yetəcək qədər bağça yoxdur. Olanlara da "hörmətlə" ya da "tanışlıqla" qəbul edirlər uşaqları. Bu məsələyə baxılsa yaxşı olar. Çünki məktəbdən öncəki təhsil hər bir uşaq üçün vacibdir və hər uşağın buna hüququ var".

Keçən ilin noyabr ayına olan statistikaya görə, ölkədə 1706 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, bura 116049 uşaq cəlb olunub. Bunlardan 76-sı özəl müəssisələrdir, burada 2500 uşaq tədrisə cəlb olunub.

Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva "Sosium" proqramında çıxışı zaman deyib ki, dövlət tərəfindən məktəbəqədər təhsil sahəsinə xüsusi diqqət artırılıb. Yeni uşaq bağçalarının tikintisi, eyni zamanda məktəbəqədər tədris müəssisələrində təmir işləri getsə də, ancaq bu, kifayət deyil: "Apardığımız araşdırma və təhlillərin nəticəsinə görə, ölkənin 75,5 faizində məktəbəqədər təhsil müəssisəsi çatışmır. Bu problemi aradan qaldırmaq üçün biz beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində işləyirik, bu yay YUNİSEF 3 rayonda - Gədəbəy, Şabran və Yardımlıda 10 həftəlik məktəbəhazırlıq qrupları təşkil etdi. Keçən ildən Bakı şəhərində ümumtəhsil məktəblərində məktəbə hazırlıq kursları təşkil olunub. Keçən il bu, 89 məktəbdə təşkil olunmuşdusa, bu il isə 133 məktəbi əhatə edib. Oradakı təlim məktəbəqədər təhsilin kurikulumu əsasında təşkil olunub".

Məsələ ilə bağlı qəzet "Facebook" səhifəsində sorğu aparıb. Sorğuda iştirak edən valideynlər olduqca maraqlı məqamlara toxunublar. Həmin rəyləri oxuculara təqdim edirik:

İzləyici Natavan Süleymanlı deyir ki, bağçaya gedən zaman başlayırlar ki, yer yoxdur: "Deyirsən, tabelə baxım, necə olur ki, yer yoxdur? Başlayırlar, məntiqsiz cümlələr qurmağa. 500 manat, ən azı 300 manat tələb olunur dövlət bağçalarına. Hər ay da 20 manat valideynlərdən alınırdı. Ancaq dövlət bağçalarının bir çoxunda uşaqlarla məşğul olmurlar. Yalandan maaş alırlar. Uşaqlara yeyə bilməyəcəkləri yemək verirlər. Qışda badımcan, hansısa balığı qızardıb verirdilər. Heyif deyildi sovet dövrü. Indi saat 5 olmamış deyirlər gəlin aparın uşağı. Saat 7-yə qədər bağça işləməlidir əslində. Bir sözlə, övladını məcbur qoyur camaat. İcra başçıları əsasən də Xətai rayonunun bağçalarının çoxunda at oynadır".

Mehriban Məmmədova da övladını bağçaya qoya bilməməkdən şikayətlənir: "2 il əlləşdim, uşağımı heç bir bağçaya qoya bilmədim. Ən ucuz bağçaya gərək 200 manat verəsən ki, götürsünlər. Bundan əlavə 40 manat həkim pulu, uşaq üçün ayaqqabı, yataq, paltar, yatmaq üçün paltar, dəsmal, termometr lazımdır. Aylıq da 20 manat. Görün, hara gedib çıxdı bir uşağın xərci. Indi də artıq dərsə gedir uşaqlarım. Öz ölkəndə uşağını bağça tapmayasan qoymağa. Dəhşətdir..."

Gülnar Hüseynova deyir ki, 3 uşağı var, övladlarına özü baxır: "Harasa gedəndə anama tapşrıram. Bağçaya 7 ay qoymuşam, heç bir şikayətim yox idi. Amma gəl ki, kimin valideyni narazılıq edirdi, uşaqdan çıxırdılar heyfini. Mən də həmişə tez gedirdim ki, görüm uşaqlarla necə davranırlar. Uşaqlarım evdə başıma oyun açırlar, ancaq çöldə nümunəvidirlər".

Aynur Abbasova deyir ki, bağçalarda şəraitsizlik və antisanitariyadır: "Keyfiyyətsiz qida, uşağa lazımi diqqətin göstərilməməsi, valideynə içəri girməyə icazə verilməməsi... Valideynə imkan vermirlər ki, baxsın uşaqla necə rəftar edirlər. Aylıq pul ödəyirsən. Tərləyir, paltarın dəyişmirlər, altını isladır, yaxşı təmizləmirlər. İş vaxtı 6-7-də qurtarır, məcbur edirlər ki, saat 5-də gəl uşağı götür. Nə isə, çox şey yaza bilərəm".

Toğrul Əsgərov isə deyir ki, qardaşının 2 yaşı var: "Dövlət bağçalarında "yer yoxdur". Rüşvət versən, yer açılır. Amma baxım çox pisdir. Özəllərdə 600-700 manatdan başlayır. O da qalır müəllimin insafına".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.