Ölkə

Əli İnsanovun işinə baxılır - YENİLƏNİB

24 Avqust 2016 18:00
Baxış: 6 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:00

Qaradağ Rayon Məhkəməsində Əli İnsanovun işinə baxılır.

Bu barədə Trend-ə Ə.İnsanovun vəkili Toğrul Babayev deyib.

X X X 

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham irəli sürülüb.
"Report"un xəbərinə görə, sabiq nazir CM-in 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama),  315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.
Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarda qeyd olunub ki, Ə.İnsanov avqustun 23-də cəza çəkdiyi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində yerləşən 1 saylı dəstənin yataqxanasında yardımçı otaqda olan ona məxsus zəncirbəndli torbada şübhəli dərman preparatının aşkar olunması ilə əlaqədar xidməti vəzifəsini yerinə yetirən Penitensiar Xidmətin Əməliyyat Rejim İdarəsinin Əməliyyat Şöbəsinin böyük inspektoru, ədliyyə mayoru Anar Məmmədov tərəfindən 13 saylı Cəzaçəkmə müəssisəsinin inzibati binasının 2-ci mərtəbəsində xidməti otaqda protokol tərtib olunmasına etiraz edərək qəflətən protokolu Anar Məmmədovun əlindən alaraq cırıb, ona mane olmaq istəyən hakimiyyət nümayəndəsi Anar Məmmədova qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edərək əlləri ilə boğaz nahiyəsindən tutub boğub, əynində olan xüsusi geyim formasının yaxasını cırıb, paqonunu qoparıb, hüquqa zidd hərəkətlərini davam etdirərək Anar Məmmədovu itələyib, nəticədə sonuncunun başının ənsə nahiyəsi qapıya dəyib.
Bundan başqa o, satış məqsədi olmadan psixotrop maddə hesab edilən tərkibində diazepanın təsiredici maddəsinin ümumi miqdarı 2.47 qram olan ümumi sayı 142 ədəd dərman həblərini qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib 13 saylı Cəzaçəkmə Müəssisəsində yerləşən 1 saylı dəstənin yataqxanasında yardımçı otaqda olan ona məxsus zəncirbəndli torbada saxlayıb, gəzdirilməsi, daşınması və ya istifadə edilməsi qadağan olunmuş güclü təsir edən dərman vasitəsi hesab edilən təsiredici maddəsinin miqdarı 3 qram olan 60 ədəd ağ-göy rəngli tramadol dərman kapsullarını saxlayıb.
Ə.İnsanov qərarla tanış olub. O, bu ittihamlarla özünü təqsirli bilməyərək qərarı imzalamaqdan imtina edib.

---------

15:20

Baş Prokurorluq həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işinin başlanmasına münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib: "Bununla bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılır, yaxın zamanlarda ictimaiyyətə açıqlama veriləcək".

---------

14:45

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı irəli sürülən yeni ittiham açıqlanıb.
 
APA-nın xəbərinə görə, bu barədə Müsavat Partiyasının üzvü, keçmiş məhkum Tofiq Yaqublu özünün "facebook" səhifəsində yazıb. T. Yaqublunun yazdığına görə, Ə. İnsanov həbsxanada ona müraciət edən məhkumları səhv müalicə etməkdə təqsirləndirilir.

-----------

10:03

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işi başlanılıb.

Milli.Az bildirir ki, bu barədə report-a onun vəkili Toğrul Babayev deyib.
T.Babayevin sözlərinə görə, ötən gecə Ə.İnsanovun vəkillərinə Qaradağ Rayon Prokurorluğundan zəng edilərək məlumat verilib: "Hazırda sabiq nazirin cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında gözləyirik. Lakin bizə Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işinin başlanılması barədə məlumat verilməyib. Prokurorluq əməkdaşları Cəzaçəkmə Müəssisəsinə daxil olsa da, bizə çöldə gözləmə ilə bağlı göstəriş verilib".

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.