Ölkə

Əlil uşağın anası: "İcra başçısı məni qovdu, müavini isə "heyvan" dedi"

29 İyul 2016 09:23
4 Şərh     Baxış: 29 735

Milli.Az xəbər verir ki, Bakı sakini Mehriban Cəlilova Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətinə baxılmamasından və sözügedən icra hakimiyyətinin rəhbərliyi tərəfindən özünün və ailəsinin təhqir olunmasından şikayət edib.

M.Cəlilovanın sözlərinə görə, iki övladı var. Onlardan biri, 9 yaşlı Mikayıl Cəlilov əlildir. Uşaq həm əqli cəhətdən qüsurludur, həm də fiziki inkişafdan geri qalıb. Ailənin dolanışığı çətin olduğuna görə, o da Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edərək metronun "İnşaatçılar" stansıyasının yaxınlığında digərlərinə şərait yaradlıdığı kimi, ona da kiçik bir köşk qoyub ticarətlə məşğul olmasına icazə verilməsi üçün müraciət edib. Lakin əvəzində heç gözləmədiyi bir münasibətlə qarşılaşıb:

"Uşağımın nə yemək, nə çeynəmək qabiliyyəti yoxdur. 9 yaşı var, amma "pampers" geyinir. Nə danışa, nə də özünü idarə edə bilmir. Əvvəlcə epilepsiya oldu, lakin qəbul etdiyi dərmanlardan sonra zehni inkişafdan dayandı. İndi onu mən həmişə əlindən tutub gəzdirmək məcburiyyətindəyəm. Düzdür, dövlət qulluğunda işləyirəm, amma aldığım maaş çatmır. Biz də Yasamalda yaşayırıq. Gördüm ki, "İnşaatçılar"da sağda-solda hamı balaca köşklər qoyur. Mən də bunu görüb Yasamal Rayon İcra Hakimiyyətinə köşk qoyulmasına icazə almaq üçün müraciət elədim. Çünki k­iməsə əl açmaq istəmirəm. İstəyirəm ki, ailəni dolandıra biləcəyim qədər gəlir yerim olsun. İcra başçısının müavinləri Səməd İslamovTəravət Muradovanın, eləcə də baş memarın qəbulunda oldum.

Dedilər ki, yox, olmaz. Buna ancaq Bakı Şəhər İcra Hakimiyyəti baxır. Lakin Bakı Şəhər İcra Hakimiyyətindən bildirdi ki, bu məsələ onlarlıq deyil, məhz Yasamal RİH icazə verməlidir. Ona görə də ərizə ilə müraciət elədim. Gördüm ki, heç bir cavab yoxdur. Bundan sonra Yasamal RİH-nin başçısı İbrahim Mehdiyevin qəbuluna getdim. Əvvəlcə köməkçi məni heç qəbula yazdırmaq istəmirdi. Sonra gördülər ki, əlil uşaqlayam, adımı yazdılar. Nəhayət, başçı ilə görüşdüm. Əvvəllər görüşdüyüm həmin 3 nəfər də onun ətrafında. Həmin vaxt uşaq da yanımda olduğundan qışqırıb özünü öldürürdü. İbrahim müəllimə əvvəlki görüşlər və verilən cavablar barədə danışdım. Lakin axırda məni yalançı adlandırdılar, başçı da mənə "yox" dedi və hər 2 dəqiqədən bir sözümü kəsib danışmağa qoymurdu. Danışanda da deyirdi ki, sən mədəniyyətsizsən, sənin dinləmək mədəniyyətin yoxdur. Dedim axı, siz heç mənim dərdimi dinləmədiniz, heç bilmirsiz kiməm. Amma mənə əvəzində "çıx, çıx, çöldə gözlə" komandası verdi. Dedim, gördüz, o uşağa heç 5 dəqiqə dözə bilmədiniz, amma mən onunla yeyirəm, içirəm, yaşayıram, mənim ömrüm oğlumun çirkli, üfunətli əskilərini yuya-yuya keçib, ağırlıq qaldırmaqdan belimdə artıq yırtıqlar əmələ gəlib. Buna baxmayaraq, başçı məni qəbuldan qovdu".

Onun sözlərinə görə, daha sonra başçının müavini də onu qəbul edib, lakin təhqir edib: "Səməd müəllim məni kabinetində qəbul elədi. Mən də dedim ki, axı nə üçün başqalarına olar, amma mənə olmaz? O isə məni təhqir edib dedi: "Başa düş, ay heyvan!" Mən bu təhqirə dözmədim. Nə olsun ki, o başçının birinci müavinidir?! Mən də bir ailənin qızıyam, anasıyam, xanımıyam. Dedim, sizi bu kresloya otuzdurublar ki, insanları təhqir edəsiz? Siz mənə kömək etmək əvəzinə hələ bir təhqir də edirsiz?! Bundan sonra çəkinib sözlərini təkzib etməyə başladı. Bir də dedim ki, niyə başqaları "budka" qoya bilir, mən yox? Mənə deyir ki, sənə nə dəxli var? Qoyublar, qoyublar da. Eləcə oradan əlim-qolum sallanmış halda qayıtdım". 

Məsələyə aydınlıq gətirmək üçün Yasamal RİH-ə müraciət etdik. RİH-dən Milli.Az-a bildirdilər ki, hazırda həm başçı, həm müavinləri məzuniyyətdə olduğundan bu sorğuya cavab verə bilən kimsə yoxdur, bunu yalnız bir neçə gündən sonra etmək mümkün olacaq.

İlkin İzzət
Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Kubinec · 29 İyul 2016 09:2900

    Hormetli redaksiyalarimiz bele islerin usdune dusun

    Cavab yaz
  • Anonim
    Veten sag olsun · 29 İyul 2016 09:5700

    ehh

    Cavab yaz
  • Anonim
    aybeniz · 29 İyul 2016 10:2300

    Elbette size butka qoymaga icaze vermezler, cunki siz onlara haqq vermeyeceksiniz. Yasamalda yawayirsiz., bunu bilmirsiz??????????????

    Cavab yaz
  • Anonim
    RIM · 29 İyul 2016 14:2500

    başçı və müavinləri məzuniyyətdədirsə rayonu kim idarə eliyir. Yəgin Yasamal rayonu məzuniyyətə çıxıb.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.