Ölkə

"BakuBus"da da sürücü "süzgəc"i

27 İyul 2016 10:48
0 Şərh     Baxış: 3 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2015-ci ilin sentyabr ayından bu günədək sərnişin müraciətləri, digər aşkar olunmuş nizam-intizam və qayda pozuntuları əsasında "BakuBus" MMC-də 163 sürücü müvafiq olaraq müxtəlif səbəblərdən intizam məsuliyyətinə (töhmət, şiddətli təhmət) cəlb olunub, 59 sürücü vəzifə səlahiyyətlərini düzgün icra etmədiyinə görə və ciddi qayda pozuntuları əsasında işdən azad olunub. Bundan əlavə, göstərilən dövr ərzində 65 sürücüyə xidməti fəaliyyətində aşkar olunmuş nöqsanlara görə xəbərdarlıq edilib, 184 sürücü isə avtobusa vurduqları maddi ziyana görə müxtəlif məbləğlərdə cərimə olunublar.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib.

Onun sözlərinə görə, fəaliyyətə başladığı ilk gündən sərnişinlərin təhlükəsizliyini, rahatlığını eyni zamanda sərnişin-sürücü münasibətlərindəki xoşagəlməz məqamlara son qoymağı qarşısına əsəs məqsəd kimi qoyan "BakuBus" MMC bu istiqamətdə müsbət nəticələrin əldə olunması üçün vətəndaşlardan daxil olan müraciətlərə xüsusi əhəmiyyət verir: "Belə ki, *4242 qaynar xəttinə daxil olan hər bir müraciətin araşdırılması zamanı aşkar olunmuş çatışmazlıqların həlli, işin daha da səmərəli təşkil olunmasına imkan yaradır. Onu da qeyd edim ki, daxil olan müraciətlərdə marşrut xəttləri ilə bağlı məlumatlar istəyən, sürücü kobudluğu ilə bağlı şikayət edən, itmiş əşyalarla, intervallarla bağlı müraciət edən sərnişinlər üstünlük təşkil edir. Əlbəttə, daxil olan hər bir şikayət qeydiyyata alınır və onun əsasında mütəxəssislər tərəfindən araşdırmalar həyata keçirilir. "BakuBus" avtobuslarında quraşdırılmış, 24 saat ərzində görüntüləri qeydə alan videokameralar araşdırma zamanı obyektiv nəticə çıxarılması üçün işimizi xeyli asanlaşdırır. Təbii ki, əgər şərnişinin şikayəti əsaslı olarsa və sürücünün qayda pozuntusu əyani şəkildə sübuta yetirilərsə, həmin sürücü haqqında qanunvericiliyə uyğun olaraq tədbir görülür".

Şöbə rəisi qeyd edib ki, daxil olan şikayətlərin araşdırılması zamanı bu müraciətlərdən kifayət qədər əsassız olanları da aşkar edilib: "Bunlar, əsasən, şəxsi istəklər və ya ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı sərnişinlərin məlumatsızlıqları ilə bağlı olur. Məsələn, "qapını döydüm, sürücü açmadı", "pəncərəni açmaq istədim, sürücü icazə vermədi", "avtobusda temperatur çox aşağıdı, yaxud istidi", "sürücü kondisoneri qoşmadı" və yaxud "avtobus gec gəldi" kimi şiakyətlər üstünlük təşkil edir. Təbii ki, bütün müraciətlərə aydınlıq gətirilir. Avtobusun gecikmələri ilə bağlı müraciətlər isə, əsasən, səhər saatlarında, xüsusən 8:30 - 90:00 radələrində daxil olur. Araşdırma zamanı aydın olur ki, bunlar problem əksər hallarda tıxac və ya işçi heyəti çox olan, idarə, təşkilat və ya müəssisənin qarşısında baş verən gecikmələrlə bağlı olur. Bu cür müraciətlərin araşdırılması çox zaman almır, çünki hərəkətdə olan avtobuslarımız mütəxəssislər tərəfindən onlayın şəkildə böyük monitorda izlənilir. Hətta hər hansı gecikmə olarsa, bunu sərnişinlərdən də öncə bu sahəyə məsul əməkdaş görür və dərhal aradan qaldırılması üçün tədbirlər həyata keçirir".

M.Piriyev əlavə edib ki, "BakuBus" gələcək fəaliyyətində də daxil olan müraciətləri və sərnişin məmnunluğunu daim diqqət mərkəzində saxlayacaq.

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.