Ölkə

"Qarpız zəhərlənməsi"nin əsl SƏBƏBİ

26 İyul 2016 15:14
26 Şərh     Baxış: 3 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox hallarda zəhərlənmə hadisəsinin hansı qidadan yarandığı aydınlaşdırılmadan bunun qarpızdan baş verdiyi deyilir.

Milli.Az bildirir ki, bunu report-a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, insanın qarpızdan zəhərləndiyini düşünməsi bunun, həqiqətən də, həmin  giləmeyvədən baş verməsi demək deyil: "Bir çox hallarda mədə-bağırsaq sisteminin pozulması problemi ilə xəstəxanaya müraciət edən şəxs digər qidaları nəzərə almadan qarpız qəbul etdiyini deyir.

Qarpız isə onun son yediyi qida ola bilər. Axı bir insan gün ərzində tək qarpızla qidalanmır. Xəstələr qəbul etdikləri digər qidaların adlarını çəkmirlər. Bəzən qarpızdan zəhərləndiyini deyən insanın vəziyyəti araşdırılanda problemin, əslində, ondan əvvəl qəbul edilən köhnə qidalardan olduğu aydın olur. Qarpızın qəbulu isə, sadəcə, zəhərlənmə prosesini sürətləndirir. Qapızın qəbulu zamanı mədə və bağırsaqlarda maye artır. Bu da həzm orqanlarında olan faydalı qidalarla yanaşı, zərərli bakteriyaların sovrulmasını da sürətləndirir. Ona görə də bir çox hallarda problem qarpızdan sonra yaranır".

Şöbə müdiri deyib ki, bakterial mənşəli zəhərlənmələr qarpızdan baş verə bilməz: "Qarpızda bakteriya yoxdur. Prosesdə başqa faktorların olduğunu nəzərə almaq vacibdir. Bəzən insanlar qarpızın bir hissəsini yedikdən sonra digər yarısını soyuducuya qoyurlar. Başqa qidalar qəbul etdikdən sonra onun üzərindən soyuq qarpızı yeyirlər. Bu da nəticə etibarilə ishal yaradır. Deməli, burada problem qarpızda deyil, insanların qida rasionuna düzgün əməl etməməsindədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.