Ölkə

Bağlanan bankların faiz hesablaması ilə bağlı YENİ TƏKLİF

25 İyul 2016 14:44
0 Şərh     Baxış: 2 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətəndaşın öhdəliyi ilə bankın öhdəliyi bir-birindən fərqləndirilir. Belə ki, bank müflis olandan sonra əmanətinə hesablanmalı olan faizini ala bilməyən vətəndaş müflisləşməkdən sonra da kredit faizlərini banka ödəməyə davam edir.

Milli.Az  xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bağlanan banklarda müflisləşmə qərarından sonra əmanətlər üzrə faizin hesablanmasının dayandırılması, amma kreditlər üzrə faizin hesablanmasının davam etdirilməsi diqqəti çəkən məqamlardandır:

"Məsələn, bir şəxsin bağlanan 4 bankdan birində əmanəti, digərindən isə krediti var. Hər iki bank müflis elan edilib. Bu zaman bir bankda onun əmanətinə faiz hesablanması dayandırılır, amma digərində kreditinə faiz hesablanmaqda davam edir. Əmanətlərin Sığortalanması Fondunun mövcud qaydalarına əsasən, əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir. Sığorta hadisəsi baş verəndən sonra yaranan xərclərə isə Fond məsul deyil. Vətəndaşın qorunan əmanətini geri alması bəzən bir neçə ay zaman tələb edir və həmin aylara faiz hesablanmır, amma vətəndaş kredit faizlərini fasiləsiz banka ödəmək məcburiyyətindədir".

Ekspertin fikrincə, Fond tərəfindən qorunan əmanətlərə görə hesablanmış faizin sığorta hadisəsi baş verən günədək deyil, məhz əmanətçinin öz pulunu aldığı günədək hesablanmasına ehtiyac var: "Digər tərəfdən, mövcud qaydalara əsasən, əmanətçiyə kompensasiya ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində Fond tərəfindən ödənilir. Eyni zamanda, müstəsna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə kompensasiyanın ödənilməsi 90 günədək uzadıla bilər. Deməli, əmanətçi öz pulunu 6 aydan sonra da ala bilər. Əgər vətəndaşa əmanət 180 gündən sonra ödəniləcəksə, o zaman bankın müflisləşməsindən keçən həmin müddətə faiz niyə hesablanmasın ki?"

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.