Ölkə

"Qaçqın adından istifadə edirlər" - İcra başçısı

1 İyul 2016 16:52
0 Şərh     Baxış: 1 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşanın icra başçısı Bayram Səfərov ötən gün Bakıda səfərdə olan ATƏT sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin məcburi köçkünlərə hörmətsizlik etməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Milli.Az bildirir ki, Bayram Səfərov azvision.az-a açıqlamasında deyib ki, mətbuat nümayəndələrinin ATƏT sədri ilə görüşə buraxılmaması məcburi köçkünə qarşı hörmətsizlik sayıla bilməz: 

"Mətbuatın orada iştirak edib-etməməsinə icazə vermək mənim işim deyil. ATƏT sədrinin mətbuatın görüşdə iştirak etməsini istəməməsi köçkünlərə hörmətsizlik sayıla bilməz. Bu, hörmətsizlik deməkdir? Qaçqın adından istifadə edirlər".

B.Səfərov ATƏT sədrinin yataqxanada məskunlaşan qaçqınlarla görüşünün təşkil olunmaması ilə bağlı iradlara cavab verib.

"Bu, nə yanaşmadır? Görüşü mən təşkil etməmişəm. Bu, mənim işim deyil. Biz qonaqları qarşıladıq. Onlar dedilər ki, ərazini piyada gəzmək istəyirk. Biz də onları məktəblə, klubla tanış etdik. Orada heç kimə qarşı hörmətsizlik edilməyib. Əgər yerli KİV-ə orada hörmətsizlik olubsa, saytlarda gedən şəkillər haradandır?" - deyə İcma sədri sual edib. 

Məcburi köçkünlərin ATƏT sədri tərəfindən dinlənilməməsinə gəlincə, B.Səfərov deyib: "ATƏT sədri orada olan məcburi köçkünlərin fikirlərini dinlədi. Bunu iddia edənlərin yanaşması qərəzlidir. Biz orada məcburi köçkünlərlə oturub çay içdik, onlarla söhbət etdik. Şəkillərdə də bu görünür. ATƏT sədri bildirdi ki, kimin nə sözü varsa, desin. Onlar da öz fikirlərini bildirdilər. Orada qardaşı şəhid olan Rəfail Teymurov, sonra başqa bir qadın danışdı. ATƏT sədrinin diqqətinə çatdırdılar ki, dövlət tərəfindən onlar üçün yaxşı şərait yaratsalar da, torpaqlarına qaytarmaq istəyirlər".

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer ötən gün Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri və məcburi köçkünlərlə görüş keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.