Ölkə

Paytaxtın su dərdinə əlac tapılmır və ya 27 sakin necə cərimələndi?

30 İyun 2016 15:53
3 Şərh     Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havanın hərarəti 38 dərəcəyə çatıb, istidən dil-dodağımız quruyub. Amma bircə stəkan su tapa bilmirik.

Milli.Az bildirir ki, bunu virtualaz.org-a Suraxanı rayonu, Zığ qəsəbəsinin sakinləri deyiblər.

Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilərkən paytaxtın su probleminin kökündən həll ediləcəyi vəd olunurdu. Lakin kəmər Bakının su dərdinə əlac edə bilmədi. Paytaxtda hələ də bir içim suya həsrət qalanlar var. Məsələn, minlərlə əhalisi olan Zığ qəsəbəsinə qışda xətlərin donması, yayda hərarətin yüksəlməsi kimi bəhanələrlə günlərlə su verilmir.

"Bəzən bina evlərində birinci mərtəbəyə su güclə çıxır. Yuxarı mərtəbədə yaşayanlara mühərriklərin alınması təklif edilir. Onsuz da, içməli suya görə ödənişlər bahalaşdırılıb. Mühərrik qoyandan sonra elektrik enerjisinə ödəmələr də artacaq", - deyə qəsəbə sakini Zəminə Babayeva bildirib.

Sakinlər deyirlər ki, hər il yay gəlməmiş bu əziyyət başlanır. Maydan sentyabradək Zığ qəsəbəsi su dərdi ilə alışıb-yanır. "Mağazadan su alıb işlədirik. İsti günlərdə hər gün yuyunmaq lazımdır. Mən hələ digər ehtiyacları sadalamıram", - deyə etirazçılardan biri Nadir Babaşov söyləyir.

Suraxanı rayon Su Satışı İdarəsində isə deyirlər ki, Zığın su problemi bu dəfə onların deyil, "Azəryol" ASC günahından baş verib. "Yol çəkilişi zamanı xətlərdə qəza baş verib. İndi gözləyirik ki, təmir etsinlər. Buna görə də, bir az daha gözləməli olacaqlar", - idarədən söyləyiblər.

Lakin su verilişinin bərpa olunacağı tarix açıqlanmayıb.

Sakinlər isə deyirlər ki, binaların suyu kəsilsə də, həyət evlərinə su verilir: "Son illər Zığda yüzlərlə fərdi yaşayış evi tikilib. Sənədsiz, kanalizasiya xətti olmadan tikilən evlərə su verilir. Necə olur ki, yalnız bina evləri susuz qalır?"

Nərimanov rayonu, Xətai prospektinə yaşayanlar da şikayətçidirlər. Amma Zığ sakinlərindən fərqli olaraq, onlar suyun verilməsindən deyil, cərimələrdən narazılıq edirlər. Nərimanov Rayon Su İdarəsi ümumi yaşayış həyətlərində olan su kranlarını bağlayıb. Krandan qanunsuz istifadə edildiyi əsas gətirilərək Xətai prospekti, 21-də 27 sakinin hər birinə 30 manat cərimə yazılıb.

Sakinlər deyirlər ki, suya qanunsuz müdaxilə adı ilə bütün sakinlər cərimələnib. Halbuki, araşdırılma aparılmayıb, kimlərin sudan qanunsuz istifadə etdiyi müəyynləşdirilməyib: "Məhəllədə uzun illərdir kran var. Yorulanlar, uşaqlar burdan istifadə edirdilər. İndi buna görə 800 manatdan çox cərimə aldılar".

"Azərsu" ASC-dən isə şikayətlərə cavab verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.