Ölkə

"Hamiləlik baş tutanda artıq gec olur"

30 İyun 2016 13:57
2 Şərh     Baxış: 2 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda hər il ərzində 150-170 min doğuş həyata keçirilir. Bütün hamiləliklərin 70-80 faizi normal fizioloji halda həyata keçirilir".

Milli.Az Trend-ə istindən bildirir ki, bunu Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hamiləliklərin 20-30 minində kənara çıxmalar müşahidə olunur: "Azərbaycanda 70-80 faiz hamiləlik normal fizioloji halda həyata keçirilir. Bunun təqribən 30 faizi isə problemli olur. Bunun da əsas səbəbi hamiləlikdən öncə müayinə olunmur, mütəxəssislərə müraciət etmirlər. Hamiləlik baş tutanda isə artıq gec olur. Daxili somatik xəstəlikər elə dərəcədə inkişaf edir ki, hamiləliyin sonunda onlara yardım göstərmək çətin olur. Əgər hamiləlik zamanı kənara çıxmalar müşahidə olunarsa, o, dərhal həkim göndərişi ilə müvafiq tibb müəssisələrinə göndərilməlidir. 1-ci səviyyəli doğuşlar adətən, normal fiziolji doğuşlar həyata keçirilir".

S.Məmmədova deyib ki, hepatitli və digər infeksiyon xəstəlikləri olan hamilələr Kliniki Tibbi Mərkəzə, dəri-zöhrəvi xəstəlikləri olanlar ərazi üzrə doğum evlərinə, qida zəhərlənməsi halları ilə üzləşənlər Kliniki Tibbi Mərkəzə, vərəm və ağçiyər xəstələlikləri olanlar 2 saylı Doğum Evinə, böyrək problemi olan hamilələr 3 saylı Şəhər Kliniki Xəstəxanasına, ürək-damar, nevroloji, endokrinoloji, hematolji xəstəlikləri olan hamilələr Respublika Klinik Xəstəxanasına yerləşdirilirlər.

S.Məmmədova qeyd edib ki, problemli hamiləlik adətən 25 yaşdan yuxarı olan xanımlarda baş verir: "Azərbaycanda nikaha girmək yaşı da dəyişib. Bu gün 25 yaşa qədər olan gənc xanımlarımız təhsil almağa və çalışmağa önəm verirlər. Onlarda bundan sonra ailə qurmaq istəyi olur. Lakin həmin yaş dövründə orqanizmdə müəyyən xəstəliklər inkişaf edir. Patoloji hamiləliyin olmasının birinci və ikinci, eləcə də sonrakı hamiləlik dövrünə təsadüf etməsi anlayışı yoxdur".

S.Məmmədova bildirib ki, antinetal dövrün aparılması qadın məsləhətxanalarının həkimləri tərəfindən həyata keçirilir. Qadın məsləhətxanalarının əsas vəzifələri hamilələrin sağlamlıq durumlarını 9 ay ərzində izləmək, vaxtında risk qrupuna aid olan xəstəlikləri aşkarlanmak və buna uyğun tədbirlər planının hazırlanmasını təmin etməkdir.

"Dünyada qeysəriyyə kəsiyinə görə əmsal 15-50%-dir. Azərbaycanda isə bu əmsal bu gün 19-20% arasındadır. Bu da orta Avropa rəqəmlərinə uyğundur. Amma biz çalışırıq ki, bu rəqəmləri aşağı salaq".

Sevinc Məmmədovanın sözlərinə görə, qeysəriyyə kəsiyi təbii doğum yolları ilə doğuş baş verə bilməyən hallar üçün tibbi göstərişdir: "Bu göstəriş həm ana, həm də döl tərəfdən olur. Son illər bu göstərişlərin əksəriyyəti uşaqlıq üzərində olan təkrar çapığa görə edilir. Azərbaycanda da qeysəriyyə kəsiyi üçün tibbi göstərişlərin strukturuna baxdıqda birinci yerdə təkrar çapıq dayanır".

S.Məmmədova deyib ki, ilk qeysəriyyə kəsiyindən sonra iki il ərzində hamilə qalmaq olmaz: "Hamilə qalmaq da uşaqlığın bitişmə qabiliyyətindən çox asılıdır. Bizim gənc qadınlar doğuşdan 40 gün sonra hər şeyi yaddan çıxarır, kontraseptiv üsullardan istifadə etmir, qadın məsləhətxanalarından məsləhət almırlar, öz bildiklərini edirlər. Nəticədə də hamilə qalaraq risk qurupuna daxil olurlar".

Baş mama-ginekoloq əlavə edib ki, qeysəriyyə kəsiyindən sonra təbii doğuşun aparılması üçün şərtlər var.

Onun sözlərinə görə, əgər çapığın qalınlığı müəyyən ölçüdədirsə, qadının əməliyyatdan sonrakı zahılıq dövrü problemsiz keçibsə, onun çapığı birincili bitişibsə, birinci keysəriyyə kəsiyindən 2 il keçibsə, doğum fəaliyyəti normaldırsa, uşağın çəkisi balacadırsa, birinci doğuşda çanaqla əlaqədar nisbi göstəriş olubsa, yalnız açıq əməliyyat şəraitində, yəni cərrah, narkoz vasitələri yanında olmaq şərtilə doğuş aparıla bilər: "Amma qeysəriyyə kəsiyinin olması üçün 5 tibbi göstəriş var ki, bunun da birincisi bundan əvvəl keçirilən əməliyyatdakı çapıqdır. Bu gün Azərbaycanın mama-ginekoloqları hesab edirlər ki, uşaqlıq üzərində çapıq varsa, qadın əməliyyata getsə, daha yaxşıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.