Ölkə

Rayonların fəlakətli günü: sel dağıtdı, dolu vurdu, indi isə...

29 İyun 2016 18:00
2 Şərh     Baxış: 2 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda mayın sonlarından başlayaraq iyunun üçüncü ongünlüyünə qədər davam edən qeyri-stabil hava şəraiti ölkənin əsasən dağlıq rayonlarında ciddi fəsadlara yol açdı. Dalbadal yağan güclü leysan yağışları, dolu, sel, qasırğa əkin sahələrinin ilkin hesablamalara görə 30 faizini məhv edib, məhsuldarlığa ciddi ziyan vurub. İsmayıllı, Gədəbəy, Tovuz, Daşkəsən, Qusar, Quba, Lerik və Yardımlı rayonlarında, digər bölgələrdə yol infrastrukturunda dağıntılar meydana gəlib. Bir çox yaşayış evləri yararsız hala düşüb, evlərin dam örtükləri sıradan çıxıb.

Hər dəfə təbii fəlakət xəbərləri gələndə müvafiq rayon rəsmiləri deyirdilər ki, dəyən ziyanın həcmi müəyyənləşdirilir, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirilir. Bəs bir neçə on ildə müşahidə edilməyən bu qeyri-sabit havanın nəticəsində dəyən ziyanın aradan qaldırılması yönündə doğrudan da iş görən varmı, hökumət bu məqsədlə rayonlara vəsait ayırıbmı və əhaliyə hansısa yardım göstərilirmi? Virtualaz.org bu məsələni araşdırmağa çalışıb, bir neçə rayonun İcra Hakimiyyətləri ilə əlaqə saxlayıb.

Gədəbəy: vəsait yoxdur, Müdafiə Nazirliyinin texnikası köməyə gəlib

Xəbər verildiyi kimi təbii fəlakət, bir neçə həftə ərzində yağan leysan yağışlar və dolu Gədəbəy rayonuna da ciddi ziyan vurub. Dolu rayonda əkin sahələrini sıradan çıxarıb, evlərin dam örtüklərini yararsız hala salıb. Sel suları Gədəbəy-Novosaratovka-Çayrəsullu avtomobil yolunun (bu yol cəmi 3 il əvvəl istifadəyə verilmişdi) bir hissəsini sıradan çıxarıb, körpüləri dağıdıb, kəndarası yolları keçilməz edib. Ermənistanla sərhəd Şınıx bölgəsinin kəndlərinin bir neçəsinin rayon mərkəzi ilə əlaqəsi faktiki olaraq kəsilib. Şınıx bölgəsində bir nəfəri sel aparıb, mal-qara tələfatı qeydə alınıb.

Milli.Az bildirir ki, Rayon İcra Hakimiyyətindən virtualaz.org-a deyiblər ki, hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər görülür. Lakin bu məqsədlə rayon büdcəsinə heç bir vəsait verilməyib:

"Heç bir vəsait ayrılmayıb, işlər rayonun daxili imkanları hesabına görülür, bu imkanlar isə məhduddur, ancaq əlimizdən gələni etməyə çalışırıq. Ayrı-ayrı şirkətlərdən xahiş edib texnika cəlb edirik, dağılan körpülərin bir neçəsi qismən bərpa edilib, əsas yolda hərəkət təmin olunub. Ancaq kəndarası yollarda vəziyyət hələ mürəkkəbdir. Təbii fəlakətin aradan qaldırılmasında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi də kömək göstərir, hərbi hissənin texnikası işə cəlb olunub. Əhaliyə dəyən ziyanla bağlı kömək göstərmək isə hələlik imkanlarımız xaricindədir", - deyə İcra Hakimiyyətindən telefon zəngimizə cavab olaraq bildirilib.

Qusar: " Vəsait ayrılmayıb, müəyyən idarələrin texnikaları..."

Təbii fəlakətin ən çox ziyan vurduğu rayonlardan biri də Qusar rayonudur. İyunun 24-də yağan şiddətli leysan yağışları Qusar rayonun Kuzun kəndində ciddi fəsadlar törədib. Dağlardan gələn sel suları Şahdağın ətəklərində yerləşən Kuzun kəndində 22 evə ziyan vurub. Tamamilə yararsız vəziyyətə düşən iki evin isə dağılmaq üzrə olduğu bildirilir. Dağılmaq ehtimalı olan evlərin sakinləri təhlükəsiz əraziyə köçürülüb. Hadisə nəticəsində kənd sakinlərindən xəsarət alan olmasa da, iki saat ərzində yağan leysan yağışları nəticəsində yaranan sel kənddəki körpünün bir hissəsini də sıradan çıxarıb. Sel həmçinin kənddəki arıçılıq və heyvandarlıq təsərrüfatlara da ciddi ziyan vurub, arı yeşiklərini və mal-qaranı aparıb.

Qusar rayon icra hakimiyyətinin başçısının I müavini, fövqəladə hallar komissiyasının sədri Şahid Fərəməzov virtualaz.org-a açıqlamasında bildirib ki, yalnız daxili vəsait hesabına kənd daxili yol və körpülər bərpa olunur:

"Heç bir vəsaitimiz yoxdur. Müəyyən idarələrin texnikasını cəlb edib orada yolları bərpa edirik. Bizə bu fəsadların aradan qaldırılması üçün dövlət büdcəsindən heç bir vəsait ayrılmayıb".

Dəyən ziyanın müəyyənləşməsinə gəlincə isə, Ş. Fərəməzov bildirdi ki, onu FHN-in tikintidə təhlükəsizlik departamenti müəyyənləşdirir. İcra hakimiyyəti fərdi evlərə dəyən ziyanla bağlı aktları Nazirlər Kabinetinə göndərib.  

Nə qədər körpü və yolun sıradan çıxması ilə bağlı suala gəlincə isə Ş. Fərəməzov bildirdi ki, onun işi təkcə mətbuata açıqlama verməkdən ibarət deyil. Müavin bildirdi ki, bu barədə "AzərTAc"-a verdiyi məlumatdan faydalanaq və dəstəyi qapatdı...

İsmayıllı: "Sığortası olmayanlara xatırladılıb ki, sığorta yaxşı şeydir..."

İsmayıllıya da güclü küləklə müşayiət olunan leysanın yağması rayonun infrastrukturunu iflic edib. Yüzlərlə evi su basıb, yol infrastrukturuna ciddi ziyan dəyib, bu günlərdə istifadəyə verilən Qaraməryəm-İsmayıllı avtomobil yolu da dağılıb. Kəndarası yollar yararsız hala düşüb.

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının I müavini Rövşən Ağayevin virtualaz.org-a bildirdiyinə görə, ümumi ziyan 877 min manat miqdarındadır:

"Ən çox ziyan kənd təsərrüfatına dəyib. Sığortası olanlar  sığortaya müraciət ediblər. Olmayanlara bir daha xatırladılıb ki, sığorta vacibdir. Qaz və elektrik enerjisi ilə bağlı bütün bərpa işləri başa çatdırılıb. 2 körpü, 12 suğtürücü və kənd daxili yollar sıradan çıxıb. Ən çox zərər dəyən Qaraməryəm-İsmayıllı avtomobil yolu idi ki, bu "Azəravtoyol" ASC tərəfindən tamamilə bərpa olunub".

Evlərə dəyən ziyana gəlincə isə, R. Ağayev bildirdi ki, vətəndaşlara icra hakimiyyətinin imkanları daxilində yardım göstərilib:

"27 evə ziyan dəyib. Elə fərdi təsərrüfatlar var ki, tamamilə məhv olub. Onlara icra hakimiyyətinin imkanları daxilində kömək etmişik. Dövlət büdcəsindən vəsait ayrılmayıb. Biz Nazirlər Kabinetinə müraciət etmişik. Bilduriblər ki, araşdırma aparılır. Bizdən təsdiqedici sənədləri istəyiblər, onları da göndərmişik".

Quba: təkcə kənd təsərrüfatı məhsulları məhv olub

Quba rayonunda da güclü yağış və leysan fəsadsız ötüşməyib. Rayon İcra Hakimiyyəti başçısının I müavini Yusif Abidovun virtualaz.org-a bildirdiyinə görə, şimal zonasında təbii fəlakət daha çox Qusar rayonuna ziyan vurub, Qubada isə yalnız kənd təsərrüfatı məhsullarını zay edib:

"Bizdə kəndlərə və evlərə elə bir ziyan dəyməyib. Yalnız gilas və bəzi meyvlərdə yağış nəticəsində çatlar əmələ gəlib və yararsız hala düşüblər. Bir də əkin sahələrində taxıl zəmiləri yerə yatıb. Güclü yağışlar yağsa da, ciddi fövqəladə hadisə baş verməyib".

Lerik: "Bizə də pul ayrılmayıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə deyib ki,..."

İyunun əvvəlindən başlayan yağışlar Lerik rayonda da təsərrüfta xeyli ziyan vurub. Yağıntı əsasən Lerik və Yardımlı rayonlarının dəniz səviyyəsindən 1000-1300 metr yüksəklikdə yerləşən yaşayış məntəqələrini əhatə edib. Güclü yağış rayonun ayrı-ayrı yaşayış məntəqələrində fəsadlara səbəb olub. Əsasən yemçilik və taxılçılıq təsərrüfatlarına ciddi ziyan dəyib, taxıl sahələri, kartof təsərrüfatı sıradan çıxıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun virtualaz.org-a bildirdiyinə görə, dəyən zərərin aradan qaldırılması üçün heç bir vəsait ayrılmayıb:

"Ardıcıl 15-20 gün yağış yağdı. Təbriziyyə kəndinə gedən yolda bir körpünü sel apardı, amma "Azəravtoyol" ASC həmin körpünü tikərək bərpa etdi. Hazırda həmin kəndə gedən yol açılıb. Fərdi yaşayış evlərinə ziyan dəyməyib. Vətəndaşların taxılçılıq sahələri, hektarlarla sahədə biçilmiş ot xarab oldu. Ziyanın aradan qaldırılması üçün dövlət tərəfindən heç bir vəsait ayrılmayıb. Çünki Ekologiya və Təbii Sərvətlər Nazirliyi rayondakı leysan və yağışların təbii fəlakət törədən səviyyədə olmadığı qənaətinə gəlib, nəticədə baş verənlər təbii fəlakət kimi qeyd olunmadı. Amma vətəndaşların şəxsi təsərrüftalarında becərdikləri bitkilərə ziyan dəydi".

Dəyən ziyanın məbləği müəyyənləşməsə də, H. Məlikov bildirdi ki, rayonun 250 hektardan yuxarı taxıl zımisinə ziyan dəyib.   

Bəzi rayonlarda, o cümlədən, Tovuz, Daşkəsən, Yardımlıda təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə bağlı hansı tədbirlərin görüldüyünü öyrənmək mümkün olmadı. Bu icra hakimiyyətləri telefon zənglərimizə cavab verən tapılmadı...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.