Ölkə

Bakının yol-nəqliyyat sisteminin siması dəyişəcək

25 İyun 2016 12:27
Baxış: 3 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası prezidentinin dünən imzaladığı sərəncam və fərmanlarla Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə xeyli yeni səlahiyyətlər verilib.

Milli.Az xəbər verir ki, yenilikləri şərh edən yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun fikrincə, bu dəyişikliklər BNA-nın fəaliyyətinin daha səmərəli təşkilinə gətirib çıxaracaq:

"Bu dəyişikliyə əsasən, Bakı şəhərinin inzibati ərazisində ictimai nəqliyyatla bağlı xeyli xətalara (biletsiz sərnişin daşıma, müvafiq sənədlər olmadan sərnişin daşıma, avtobus sürücüsünün sükan arxasında siqaret çəkməsi və s.), habelə yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsindəki bəzi xətalara (küçə və yollarda özbaşına qazıntı işləri aparma, yollarda standartdan kənar tikinti işləri aparma, özbaşına nişan qoyma və s.) görə inzibati məsuliyyətə cəlb etmə səlahiyyəti Agentliyə verilir. Həmin səlahiyyətlərin verilməsi Agentliyin Əsasnaməsindən irəli gəlir və bu yeni qurumun daha səmərəli fəaliyyət göstərməsinə xidmət edəcək".

Ekspertin fikrincə, Bakı şəhərində yol hərəkətinin təşkili işində çox ciddi yenilik olacaq: "Prezidentin dünən imzaladığı daha bir fərmanla edilən dəyişikliklərə əsasən, Bakı şəhərinin inzibati ərazisində yol nişanlarının quraşdırılması və onların lazımi qaydada saxlanılması işini DYP ilə razılaşdırılmaqla Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək. Eyni fərmanla Bakının inzibati ərazisində görülən bütün yol işləri də yalnız Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Bakı şəhərində nişanlarla bağlı xeyli problem olduğunu nəzərə alsaq, bu, çox ciddi yenilik sayılmalıdır. Agentlik üzərinə çox məsul iş qoyulub, doğrudan da, böyük həcmli işlər görülməlidir".



Ə.Hüseynovun sözlərinə görə, Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı başqa bir mühüm yenilik də edilib: "Bundan sonra Bakı şəhərində şəhərsalma həyata keçirildikdə küçə, yol, digər nəqliyyat infrastrukturunun planlaşdırılması və ona əməl olunmasının təmin edilməsi işində Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi də iştirak edəcək. Bu, o deməkdir ki, paytaxtda yeni binalar tikilərkən, ərazilər abadlaşdırılarkən, yenidənqurma içləri (söküb yenisini tikmək və s.) görülərkən həmin işlərin yol-nəqliyyat baxımından qaydalara uyğunluğunu Agentlik yoxlamalı və razılıq verməli olacaq. Ümid edək ki, Bakının beton cəngəlliyə çevrilməsinin qarşısı alınacaq..."

Qeyd edək ki, iyunun 24-də prezident İlham Əliyev "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı"nda, həmçinin "Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması haqqında" sərəncamda dəyişikliklər edilməsi barədə sərəncamlar, eləcə də "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanda və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanda dəyişikliklər edilməsi haqqında fərmanlar imzalayıb.

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.