Ölkə

Azərbaycanlı müğənninin qızına canlı efirdə elçi düşüblər: "Hər gələn elçiyə..."

14 İyun 2016 16:38
6 Şərh     Baxış: 10 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az müğənni Könül Kərimovanın lent.az-a müsahibəsini təqdim edir

- Yaradıcılığınızda nə yeniliklər var?

- Hələ ki, heç nə. O qədər yorğunam ki... İndi ancaq istirahət barədə düşünürəm. Keçən dəfə dedim ki, səhhətimə qulluq edəcəm, bu, səhv anlaşıldı. Dedilər ki, görəsən, bunun səhhətində nə problem var?! Sadəcə insan ildə bir dəfə rahatlanmalıdır. Elə tibbi yoxlanma da ildə bir dəfə olmalıdır.

- Elə bil yaradıcılıq baxımdan həvəsdən düşmüsünüz?

- Əksinə, çox həvəsliyəm. Bilmirəm, haradan başlayım. Hərdən Cabbar Musayevə deyirəm ki, gəl, sıfırdan başlayaq. (gülür) Bir də ki həvəs hardan olsun ki?! İndi düşdüyümüz vəziyyət başqa cürdür. Bu problem tək bizdə olmadı. Devalvasiya bütün işimizə təsir etdi. 
 
- Dolların qalxması toy qiymətinizə də təsir etdi?

- Hə. Ümumiyyətlə, devalvasiya hamıya təsir edib.
 
- Dollarla kreditləriniz var idi?

- Allaha şükür, mənim dollarla kreditim yox idi. Amma dolların qalxması hamını ehtiyatlı davranmağa məcbur etdi. Çünki hamı bir-birindən dolanır. Bəzən gözəllik salonuna gedəndə də saç ustaları deyir ki, toylar azalıb. Mən də deyirəm, hardan bilirsiniz? Söyləyirlər ki, toya gedən müştərilər əvvəllər tez-tez salona gəlirdilər. İndi azalıb. İndi ciddi bir kreditim yoxdur. Maşın sürmürəm, evimi də çoxdan almışam.
 
- Şou-biznesin hazırkı vəziyyəti sizi qane edir?

- Nə bilim, hərə öz işindədir. Amma əvvəlki kimi iş görənlər çox deyil.

- Zaman-zaman sizin adınız da şou aləmində qalmaqallarda hallanıb...

- Hə, amma elə də ciddi qalmaqallarım olmayıb. Çünki mən qalmaqaldan qaçıram. Əgər mən nəyisə boş buraxsam, çox qalmaqalım olar. Kiməsə sözüm olursa, onu efirdən kənar həll edirəm. İnsan var ki, ona qarşı çaşanın cavabını harda gəldi verməyi xoşlayır. Amma mən belə deyiləm. Məsələn, mənə qarşı çaşan insanı tanımıram, heç tanımaq da istəmirəm. Bu cür münasibət mənə daha rahat olur.
 
- Bir müddət öncə müğənni Xatun Əliyeva sizi parodiya etmişdi. Bu isə sizin xoşunuza gəlməmişdi...

- Hə, Xatun məni parodiya edirdi, bu isə mənə xoş deyildi. Küsmüşdüm, amma indi barışmışıq.
 
- Canlı efirdə Xatunun sizə barışıq təklif etməsini bir çoxları süni adlandırdı...

- Əlbəttə, elə qarşılamalı idilər. Çünki hər şey ilk dəfə yaxşı qarşılanmır. Şükürlər olsun ki, indi aramız normaldır.
Ona demişdim ki, məni parodiya etmə. Amma o, buna əməl etmədi. İnanırsınız ki, bu günə qədər bilmirəm ki, Xatun niyə belə edirdi? Xatun mənə barışıq təklifini canlı efirdə yox, başqa yerdə etsəydi, hər şey başqa cür olardı. Amma efir və insanlara hörmətlə yanaşmalıyıq. Mən indi desəm ki, onun etdiyi hər şeyi unutmuşam, yalan olar. Barışandan sonra başqa bir məkanda da üz-üzə gəldi və yenə dediyi sözləri təkrar etdi. İnanıram ki, Xatun bir daha məni parodiya etməyəcək. Çünki o da nəyəsə görə bunu etmişdi.
 
 - Bu yaxınlarda xəbər çıxmışdı ki, qızınız nişanlanıb.

- (Sözümü yarımçıq kəsir) İstəyirəm, bu məsələyə bu gün bir son qoyulsun. Mənim qızım nə nişanlanıb, nə də "hə"si verilib. Qızımın istədiyi oğlan da yoxdur. Mən heç bir yerdə açıqlama verməmişəm ki, qızım nişanlanıb. Sadəcə, canlı verilişlərin birində qızıma elçi düşdülər. Mən də məcbur olub, dedim ki, qızımın istədiyi var. Tanımadığım bir insan qızıma elçi gəlmək istəyirdi, mən də bununla razı olmadığıma görə bu sözləri demişdim. İnşallah, görək nə olur?! Qapımıza gələn hər elçiyə "hə" deyəsi də deyilik.

- Elçilər tez-tez gəlir?

- Yəqin ki... (gülür)
 
- Qızınızın ailə qurmaq istədiyi şəxs sizin xoşunuza gəlməsə, vəziyyət necə olacaq?

- Bizdə elə şey olmaz. Bizdə hər şey 50-50-yə razılıqla olur. Övladımın da razılığı olmalıdır, təbii ki, mənim də. Valideynəm, bu, mənim də haqqımdır. Belə bir deyim var. Qızı öz başına qoysan, ya halvaçıya gedər, ya da zurnaçıya.
 
- Pəhriz saxlayırsınız?

- Hə, çox kökəlmişəm. Buna görə də yediklərimə diqqət edirəm. Gecələr yemək yeməməyə çalışıram.
 
- İllərdir eyni stildəsiniz. İmicinizi dəyişmək fikriniz varmı?

- Səhnədə olan insan geyimlərinə diqqət eləməlidir. Mən də illərdir buna çalışmışam. Özümü zövqlü müğənni hesab edirəm. Əksər hallarda çəkilişə tələsəndə vizajımı, saçımı özüm edirəm. İmicimi də dəyişmək fikrim yoxdur. Çünki insanların fikrini öyrənmək üçün başıma sarı parik taxıb, şəklimi "İnstagram" səhifəmə yükləmişdim. Bu imicimi heç kim bəyənmədi. Tənqidi şərhlər yazdılar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.