Ölkə

"Xəyanət etmək istəsəm də, sonra özümü yığışdırmışam" - FOTO

3 İyun 2016 16:09
3 Şərh     Baxış: 3 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, müğənni Nadir Qafarzadə musavat.com saytının suallarına cavab verib: 

- Nadir yay aylarında istirahət edəcək, yoxsa yaradıcılığı ilə məşğul olacaq? 

- ATV-də "Azərbaycanın səsi" mahnı müsabiqəsi yenidən başlayır. Həm böyüklər, həm də uşaqlar üçün olan müsabiqədə münsifəm. Müsabiqə iyunda başlayacaq. Həftənin dörd günü məşğul olacağam, 2 gün çəkilişlər, 2 gün də məşqlər başımı qatacaq. Yeni mahnı, konsert barədə isə düşünmürəm. Hazırda maliyyə problemi yaşayıram, pul yoxdur. Durumu toparlayım, yeni yaradıcılıq işləri haqda düşünəcəyəm. 

- Yay aylarında hamı istirahətə yollanır, siz isə işləyəcəksiniz. Çətin olmayacaq?

- Bu il istirahət etməyəcəyəm. Ötən gün ailəmlə tətil haqda danışırdıq. Uşaqlarım yəqin İstanbula gedəcəklər, mən də həyat yoldaşımla 1-2 günlük onlara dəyib, qayıdacağıq. Deyəsən, mənə yalnız o biri dünyada istirahət var.

"İstanbulda tez-tez terror olduğu üçün oraya getmədən öncə vəsiyyət yazdım"

- Türkiyədə bu aralar tez-tez terror hadisələri baş verir. Qorxmursunuz?

- Əlbəttə, qorxuruq. Həyat yoldaşım deyir ki, gedərik, başımıza iş gələr. O, daha çox narahat olur. Deyir ki, tək-tək gedək ki, birimizə nə isə olsa, digərimiz sağ qalaq. Bu, qismətdir. Bu yaxınlarda İstanbula səfərim olacaqdı, əvvəlcədən vəsiyyət yazmışdım. Allahın işidir, gedib qayıtmaya da bilərəm. 

- Azərbaycanın gözəl bölgələri çoxdur. Bəlkə vətənimizdə istirahət edəsiniz?

- Vətəndə dincələ bilmirəm, hamı məni tanıyır. Rahat dənizə girə bilmirəm. İnsanlar mənə baxır, fotomu çəkirlər. Məndə də kompleks yaranır. Türkiyəyə getməsəm, Batumiyə gedəcəyəm. Ötən il Kabuletiyə getmişdim. Orada da məni tanıyırlar, amma bu qədər diqqət olmur.

- İnsanların diqqəti üzərinizdə olanda kompleks yaşadığınızı dediniz. Nadirin başqa hansı kompleksləri var?

-  Qınaqdan qorxuram, bu, artıq məndə kompleks yaradıb. Düşünürəm ki, saçımı müasir formada kəsdirərəm, mənə gülərlər. Hansısa geyimi geyinsəm, mənə "yaşından utan" deyərlər. Əslində isə artistin yaşı olmur. Gündə bir obraza giririk. Bizə qarşı qadağa, qınaq olmamalıdır.

- Azərbaycanda müğənnilərə qarşı aqressiya var. Sizcə, bunun səbəbi nədir?

- Arvad əri ilə dalaşanda da, müdirlə işçi yola getməyəndə də, xəstə həkimlə problem yaşayanda da müğənni günahkar olur. Nəyə görə müğənniləri sevmirlər? Bizim işimiz ən gözəl işdir, xoşməramlı insanlarıq, konsertlər veririk, xeyriyyə aksiyalarına qoşuluruq. Nəyə görə insanlarda bu qədər aqressiya yaranıb, biz kimə düşmən kəsilmişik? Bu suala cavab tapa bilmirəm...

- Bir neçə gün öncə həmkarınız Vasif Məhərrəmlinin "İnstagram" səhifəsində paylaşdığı fotoya irad bildirmişdilər, kəməri geyiminə uyğun deyildi. V.Məhərrəmli də həmin şəxsi "çuşka" adlandırmışdı, kəmərin qiymətinin 1000 manat olduğunu qeyd etmişdi. Vasifin izləyicisini təhqir etməsi birmənalı qarşılanmadı. Müğənninin bu cür reaksiya verməsi nə dərəcədə doğrudur?

- Vasifi qınaya da bilmirəm, insanı hövsələdən çıxarırlar. Hər kəs acığını müğənninin üzərinə tökür. Mənə də atmacalar atırlar, təhqir edirlər. Əvvəllər cavab verirdim, indi isə "qara siyahı"ya atıram. Müğənni də səhv edə bilər, yanlış kəmər taxar. Burada nə var ki..? Həyatda o qədər problem var ki... Vasifin pencəyi ilə kəməri uyğun gəlməyibsə, dünya dağılmayıb. Öz zövqüdür, özü bilər, xoşu gəlməyən baxmasın. Mən şəxsi səhifəmdə istədiyimi bölüşə bilərəm, istəsəm, çılpaq bədənimi nümayiş etdirərəm. Səhifəmə kimisə şəxsən dəvət etməmişəm, tərif yaza bilənlər yazsın, bilməyən insanlar isə sussunlar.

"Həyat yoldaşıma xəyanət etmək istəsəm də, sonra özümü yığışdırmışam" 

- Müsahibələrinizin birində demişdiniz ki, açıq-saçıq filmdə çəkilmək istəyirsiniz. Bu sözlərinizə xanımınızın reaksiyası necə oldu?

- Xanımım kimə ərə getdiyini bilir, o, savadlı və dünyagörüşlü biridir. Həyat yoldaşım savadsız olsaydı, məni anlaya bilməzdi. 23 ildir ki, o insan yanımdadır, mənə inanır və bilir ki, artistəm.

- Bir sual verəcəyəm, amma səmimi olmanızı istəyirəm. Sizə bu qədər güvənən həyat yoldaşınıza xəyanət etmisinizmi?

- (Gülür) Arada ayağım sürüşüb, amma tez özümü yığışdırmışam. Biz bir-birimizə and içmişik. Məhəbbətə "hə", xəyanətə "yox" demişik. Xəyanət ola bilməz.

- Azərbaycan xanımları bağışlayandır, ailələrini qorumaq üçün hər şeyə dözürlər. Necə düşünürsünüz, xəyanətinizi xanımınız bağışlayar?

- Necə reaksiya verəcəyini bilmirəm. Ürəyində bağışlamasa da, ailəmizi dağıtmaz. Çünki o da digər Azərbaycan qadınları kimi mərddir.

"Ona deyən yoxdur ki, 70 yaşında qara saç səndə haradandır?"

- Qocalmaqdan qorxursunuzmu?

- Qorxmuram, amma qocalmaq istəmirəm, gözəl arzularım var. Amma yaşlandığımı görsəm, plastik əməliyyatlar etdirəcəyəm. Mən yaxşı görünməliyəm, efirə çıxıram. Bir vaxtlar qoca müğənnilər var idi ki, cavan kişi müğənnilərə  irad tuturdu ki, filankəs plastik əməliyyat etdi, saçına rəng qoydu. İndi 70 yaşı var, amma saçları qapqaradır. Ona deyən yoxdur ki, 70 yaşında qara saç səndə haradandır? Heç vaxt "heç vaxt" deməməlisən. Biz rəng də qoya bilərik, əməliyyat da etdirərik. Bu, qəbul ediləsi məsələdir. Biz dövlət işində çalışmırıq, prokuror, polis deyilik, səhnə adamıyıq.

- Gülərüz olduğunuz qədər də əsəbi və emosional insansınız. Əsəbi anlarda nə edirsiniz?

- Əvvəllər əsəbləşəndə yanımdakı insana əl qaldırırdım. Bir İran filmi var, orada kişi arvadına əsəbləşir və başını divara çırpmağa başlayır. Onda anladım ki, insanı vurmaq olmaz. İndi əsəbləşəndə əşyaları sındırıram. Həyat yoldaşım deyir ki, əsəbləşəndə 10-a kimi say, keçəcək. İnsanıq, hər cür halda oluruq.

- Qadağa siyahısında olduğunuz telekanal var? 

- "Zapret"də olduğum telekanal yoxdur. Əvvəllər dövlət telekanalına dəvət almırdım, artıq ora da çağırılmışam.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.