Ölkə

"Belə yollar sürücüdən xüsusi məharət və diqqət tələb edir..."

31 May 2016 12:38
0 Şərh     Baxış: 1 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2 gün əvvəl Xızıda çoxsaylı ölüm və xəsarətlə nəticələnən mikroavtobus qəzası ciddi nəticələr çıxarılması üçün faciəli dərs olmalıdır.

Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, hadisənin təfərrüatları hələlik tam aydın olmasa da, əldə edilən məlumatlar əsasında müəyyən fikirlər yürütmək olar: "Hadisə sərt dağ yolunda baş verib. Həmin yola yaxşı bələd olaraq vurğulamaq istəyirəm ki, belə yollar sürücüdən xüsusi məharət və diqqət tələb edir. Ümumiyyətlə, dağ yollarında avtomobil idarə etməyə dair xüsusi təhlükəsizlik qaydaları var. Həmin qaydaları mükəmməl bilməyən sürücü nəinki avtobusla, hətta minik avtomobili ilə də dağ yollarına çıxmamalıdır".

Ekspert qeyd edib ki, avtobusların hərəkəti üçün də xüsusi təhlükəsizlik qaydaları var: "Ən başlıcası odur ki, hətta çarter reysi ilə, yəni xüsusi sifarişlə olsa da, avtobus marşrutu hər yoldan salına bilməz. Avtobusla səyahət zamanı marşrutun keçəcəyi yollara xüsusi önəm verilməli və müəyyən parametrlərə görə təhlükəli yollardan marşrut keçməməlidir.

Avtobus sürücülərinin məhz sərnişin nəqliyyatını idarə etmə üzrə xüsusi qaydaları mükəmməl bilməsi vacibdir. Bu qaydaları öyrənməmiş sürücüyə avtobus verilməməlidir. Sadə görünsə də, "D" kateqoriyalı vəsiqə hələ avtobus sürə bilmək deyil. Xüsusi, əsasən də təhlükəsizliklə bağlı təlim keçməyən sürücü avtobus sürməməlidir".

Ə.Hüseynov əlavə edib ki, sifarişlə avtobus seçərkən mütləq avtobusun texniki vəziyyətinə və sürücünün kimliyinə xüsusi diqqət yetirilməlidir: "Hər adama və hər texnikaya etibar etmək olmaz. Bundan əlavə, səyahət vaxtı avtobus sürücüsünün özünü də nəzarətdə saxlamaq lazımdır. Yəni onun istirahət etməsinə, nə yeyib-içməsinə, necə idarə etməsinə və s. diqqət yetirilməlidir. Lakin bu zaman sürücünün işinə müdaxilə, xüsusən də, sürücüyə "buradan sür" və ya "belə sür..." kimi təsirlər yolverilməzdir".

Nəhayət, ekspert hesab edir ki, magistral əhəmiyyətli yollardan kənara çıxarkən çox diqqətli olmaq lazımdır: "Nəzərə alın ki, ölkəmizin yollarında hələ çoxlu sayda nişan və başqa texniki vasitələrin çatışmazlığı var. Belə çatışmazlıq periferik yollarda daha çoxdur. Ona görə də qəfil sürprizlə rastlaşmamaq üçün həmişə diqqətli olmaq lazımdır və s.".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.