Ölkə

Manatın taleyi ilə bağlı 7 proqnoz

31 May 2016 11:10
Baxış: 3 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı ilə dollara nisbətən 1.5610 kursu ilə başlayan manat may ayının sonuncu gününə 1.4906 məzənnəsi ilə daxil oldu. Bu isə deməkdir ki, ikinci devalvasiyada 48 faiz dəyər itirən milli valyutamızın rəsmi kursu son 5 ayda 4 faiz möhkəmlənə bilib. Məsələ heç də devalvasiya ilə nisbətdə manatın dəyər qazanma faizinin böyük olmaması deyil, bu möhkəmlənmədə bazarın nə qədər rol oynaması ilə bağlıdır.

Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Ekspert mart ayından başlayaraq manatın möhkəmlənməsi səbəblərini belə açırlayıb: "İkinci devalvasiyadan sonra vətəndaşlar və eləcə də biznes dairələri qısa zamanda milli valyutanı dollara çevirməyə çalışdılar. Nəticədə, dollarlaşma prosesi kəskin sürətləndi və nəinki əllərdəki manat, hətta bankların gündəlik yığımları belə dollarlaşdı. O zaman "qara bazarda" manatın dollara məzənnəsi hətta 1.90-dək yüksəldi. Bu isə o deməkdir ki, dollarlaşma prosesi manatın xeyli aşağı məzənnəsi ilə müşahidə edildi, biznes dairələri və vətəndaşlar baha dollar almaq məcburiyyətində qaldılar. Mart ayından başlayaraq isə istər banklar, istərsə də vətəndaşlar cari xərclər üçün dollarlarının bir hissəsini bazara çıxardılar. Büdcənin investisiya xərclərinin azalması idxalın da bu istiqamətdə məhdudlaşmasına səbəb oldu. Bankların xarici valyutada istehlak kreditləşməsinə tətbiq edilən məhdudiyyətlər də dollara tələbini azaltdı. Nəhayət, Mərkəzi Bankın manat bazasını 2015-ci ilin yanvarı ilə müqayisədə may ayında 11.542 milyard manatdan 6.726 milyard manatadək azaltması da milli valyuta təklifini məhdudlaşdırdı. Nəticədə, həm əks-dollarlaşma prosesinin başlaması, həm də Mərkəzi Bank ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati tədbirləri dollara tələbi azaltdı. Mərkəzi Bankın yaz aylarında hərraclara alıcı kimi qatılması isə milli valyutanın məzənnəsinə təsir göstərməyə başladı. 4 faizlik marjı qoruyan Mərkəzi Bank valyuta bazarında yenə də aparıcı oyunçu kimi qalır. Bu isə o deməkdir ki, manatın məzənnəsinə ən azı valyuta bazarı qədər Mərkəzi Bank da təsir göstərir. Hətta dünya bazarında dolların möhkəmlənməsi belə milli valyutanın kursuna təsirsiz ötüşür".

İqtisadçı hesab edir ki, məzənnəni bazar müəyyənləşdirmədiyi və liberal üzən valyuta rejiminə keçirilmədiyi halda milli valyutanın gələcək məzənnəsi ilə bağlı biznesdə qeyri-müəyyənlik qalacaq: "Aydındır ki, Mərkəzi Bank inzibati metodlarla prosesi uzun müddət davam etdirə bilməz. İdxalın artması halında dollara tələb yenidən yüksələcək. Digər tərəfdən, "isti pullar" real sektorun canlandırılmasının əsas prinsiplərindən biri olduğu üçün müəyyən müddətdən sonra Mərkəzi Bank manat bazasını genişləndirmək məcburiyyətində qalacaq. Bu isə xarici valyutaya təbii tələbin formalaşdırılması deməkdir".

V.Bayramovun sözlərinə görə, bu baxımdan, manatın gələcək taleyini belə ümumiləşdirmək olar: "Birincisi, mövcud iqtisadi qanunlarla milli valyuta uzun müddət möhkəmlənə bilməz. İkincisi, Mərkəzi Bank inzibati metodlardan yalnız qısa müddətli dövrdə faydalana bilər. Üçüncüsü, real sektorun canlanması, alıcılıq qabiliyyətinin yüksəlməsi fonunda idxalın genişləndirilməsi hesabına xarici valyutaya tələb yüksələ bilər. Dördüncüsü, enerji məhsulları ümumi ixracatımızın 85 faizini formalaşdırdığı üçün manatın gələcək məzənnəsi daha çox neftin dünya bazar qiymətini necə dəyişməsindən asılı olacaq. Manat üçün bədbin proqnoz neftin bir barelinin qiymətinin 40 dollardan aşağı olması, orta proqnoz isə 60 dollar olmasıdır. 80 dollardan yüksək satıldığı halda neft manat üçün nikbin mənzərə formalaşdıra bilər. Neftin qiyməti ilə bağlı proqnoz vermək mümkün olmasa da, əgər xarici müdaxilələr olmazsa, güman olunur ki, qiymət 50 dollar ətrafında stabilləşə bilər. Beşincisi, apardığımız müzakirələr və görüşlər ondan xəbər verir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı yeni yol xəritəsi hazır olduqdan sonra manat bazasında artım müşahidə ediləcək. Manat bazasının genişləndirilməsi real sektorun inkişafı baxımından vacib olmaqla yanaşı, xarici valyutalara da tələbi artıracaq və yenidən dolların məzənnəsi yüksələcək. Altıncısı, FED gələn ay uçot stavkasını artırarsa, manata psixoloji təzyiq formalaşacaq və bu zaman inzibati metodlar zəifləyəcəyi halda dollar ölkəmizdə yenidən dəyər qazanmağa başlaya bilər. Nəhayət, sonuncusu, Mərkəzi Bank gec-tez liberal üzən məzənnə siyasətinə keçəcək və bu halda artıq baş bank deyil, valyuta bazarı kursun müəyyənləşdirilməsində aparıcı olacaq".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.