Ölkə

İrəvan xanlığının bayrağının mənası nədir?

27 May 2016 20:02
5 Şərh     Baxış: 7 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az azvision.az-a istinadən Şahanə Rəhimlinin yazısını təqdim edir:

1827-ci il oktyabrın 1-də İrəvan qalası rus qoşunları tərəfindən işğal edildiyi zaman İrəvan xanlığının 4 bayrağı rus qoşunlarının əlinə keçmişdi. Sonralar bu bayraqlar Tiflisdəki Qafqaz Hərb Tarixi Muzeyində saxlanılırdı. 

1924-cü ildə bu bayraqlardan yalnız ikisi Azərbaycan SSR Dövlət Muzeyinə (Azərbaycan Tarixi Muzeyinə) verilmişdi. Bunlardan biri İrəvan xanlığının sərdarı Hüseyn xana məxsus 1 oktyabr 1827-ci ildə əldə edilən ştandart (tuğ), digər üçü isə kitabda "Знамена персидских пехотных полков" (İran piyada alaylarının bayraqları) adı ilə qeyd olunan bayraqlardır.

Bu bayraqlar hazırda Azərbaycan Milli Tarix Muzeyində 461 və 1473 №-li inventarlar altında saxlanılır. 

İrəvan xanlığının bayrağının qumaş hissəsi (ölçüləri: 156x156 sm) zoğalı rəngli dördkünc ipək qanovuz parçadandır. Zamanın təsirindən bayraq bej rəngini alıb. Muzeyə qəbul edilərkən tərtib edilən elmi pasportdakı qeydə əsasən həmin bayraq ağ rəngdə olmuş dördkünc qanovuz parça quranmış, ortasında üstündə təbii boyalarla şir və günəş (şiri-xurşid) təsvirləri çəkilmişdir.

Yan tərəfdən təsvir edilən şir başını arxaya döndərmiş, qabaq sol pəncəsində qılınc tutmuş, quyruğunu belinə tərəf yuxarı qaldırmış şəkildə təqdim edilmişdir.

Şirin arxasında doğan sarı rəngli Günəş və onun qızılı şuaları görünür. Şirin başı üstündə damcıvari sarı kartuşda "Əs-sultan ben əs-sultan şah Fəthəli Qacar, 1239" sözləri yazılmışdır.

Bayraq qumaşının zoğalı hissəsində əmələ gəlmiş üçbucaqların hər birində yerləşdirilmiş yerliyi qara olan dörd kartuşun içərisində sarı rəngli hərflərlə aşağıdakı Quran ayələri yazılmışdır: aşağıda sağda - "Möminləri müjdələ", solda - "Kömək allahdandır və yaxın qələbə", yuxarıda sağda - "Həqiqətən biz sənə açıq-aşkar bir qələbə bəxş etdik", solda - "Mərhəmətli, rəhimli Allahın adı ilə" sözləri yazılmışdır.

Bayrağın üz və astar üzlərindəki təsvirlər biri digərini təkrarlayır. Bayrağın, xüsusilə sağ tərəfdən parçası zədəlidir. Parçaya bayraq sapını taxmaq üçün tikilmiş torbacıq qırmızı mahud parçadandır. Qarağacdan düzəldilmiş bayraq sapı (uzunluğu 261 sm, kəsikdə diametri 3,8 sm) lakla örtülmüşdür. Sapın aşağı hissəsinə taxılan alt ucluğu dəmirdən konusvari formada düzəldilmişdir (uzunluğu 14,5 sm). Burulmuş gümüşü iplərdən toxunmuş qotaz bayraq sapının başına salınmışdır.

Bayrağın üzərindəki hicri 1239-cu il tarixi onun 1823-1824-cü ilə aid olduğunu bildirir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.