Ölkə

Müəllimindən hamilə qalan qızın adından saxta müsahibə yayılıb? - QALMAQAL

26 May 2016 18:09
8 Şərh     Baxış: 4 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün medianın gündəmini tutan Şamaxıdakı "müəllim-şagird hadisəsi" haqqında yazılmayanlar qalmadı. Söhbət Şamaxı rayonu Pirbəhli kənd orta məktəbində 15 yaşlı şagirdini zorlamaqda ittiham edilən tarix müəllimi Elnur İbrahimovun məsələsindən gedir. Şamaxı Rayon Təhsil Şöbəsinin nümayəndələrindən tutmuş oğlanın və qızın atasına, hətta qızın özünə qədər müsahibələr alındı, mediada tirajlandı. Telekanallar da olaya biganə qalmadı, kənddən müxtəlif səpkidə reportajlar təqdim olundu. 

Yazılarda, reportajlarda tərəflər müxtəlif fikirlər səsləndirdilər. Amma ən çox məktəbli qızın müsahibəsi müzakirə edildi. Yetkinlik yaşına çatamayan bir qızın o müsahibədəki kimi danışması birmənalı qarşılanmadı.

Milli.Az bildirir ki, Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev isə modern.az-a açıqlamasında deyib ki, hadisədə adı hallanan qız heç bir yerə açıqlama, müsahibə verməyib.

"Bu hadisələr müzakirə olunarkən qızın atasını yanıma çağırdım. Ata bildirdi ki, həm özü, həm də qızı heç bir KİV-ə böyük müsahibə verməyiblər. Qızın atası Valeh kişi əlavə etdi ki, "ölkə.az" saytından ona zəng edilib və bildirilib ki, Respublika Prokurorluğunun İstintaq Şöbəsindədirlər, kəndə izahat almağa gələcəklər. Bu da kəndçi adam, inanıb".

Şöbə müdiri deyir ki, Valeh kişi və qızı heç bir mətbu orqana danışmayıb və övladının dilindən yayımlanan müsahibədə qeyd edilən qeyri-əxlaqi ifadələr ona məxsus deyil. 

"Hər halda yetkinlik yaşına çatmayan şəxsdən müsahibə almaq və adından material vermək qanunaziddir", - deyə Eyvaz Eminalıyev vurğulayıb.

Eyni zamanda E.Eminaliyev qızın məktəbli kimi təqdim edilməsini də yanlış hesab edir. "O qız 2015-ci ildə 9-cu sinifi, ümumi orta təhsili bitirib və şəhadətnaməsini alıb. Daha sonra o, təhsilini davam etdirməyib. Ondan məktəbli kimi istifadə edib, televiziya və mətbuatın reytinq qazanması düzgün deyil. Bu, bir ailənin faciəsidir. Bunu bu qədər şişirtmək düzgün deyil".

Şöbə müdiri qeyd edib ki, müəllim Elnur İbrahimov mart ayının 29-dan kənddən çıxıb.

"Məktəb direktorunun verdiyi məlumata görə, ailəsini, uşaqlarını götürərək kənddən çıxıb. Məktəb direktoru dəfələrlə ona zəng edib, cavab verməyib və ya telefonu söndürüb, evinə adam yollayıblar, qapı bağlı olub. Bu müddətdə Elnur İbrahimov işə çıxmadığı üçün mayın 3-də müəllimlikdən azad edilib və əmək müqaviləsinə xitam verilməsi haqqında əmr imzalanıb".

Xatırladaq ki, məlumata görə, 9-cu sinif şagirdi olan qızın sözlərinə görə, müəllim Elnur İbrahimov onu gecə öz yaşadıqları həyətdə ayaqyoluna getmək istəyəndə saxlayaraq, zorlayıb.    

Elnur İbrahimovun 25 yaşı var. Ailəli olan müəllim 2 uşaq atasıdır. Pirbəhli kəndindəki məktəbdə 4 ildir işləyirmiş.

Qızın valideynləri deyirlər ki, dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin açılmasına E.İbrahimov mane olub.
Belə ki, Şamaxı Rayon Məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan 15 yaşlı qızın bakirə olduğu haqda rəy verib.

Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda təqsirləndirilən müəllimlə bağlı Cinayət Məcəlləsinin 152-ci maddəsi (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) üzrə cinayət işi açılıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 152-ci maddəsi (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə təqsirləndirilən şəxsin 3 il müddətində azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.

Əgər 15 yaşlı məktəbli qızı zorlamaqda təqsirkar bilinən tarix müəllimi Elnur İbrahimovun cinayəti sübuta yetirilsə, onu 3 il müddətində həbs gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.