Ölkə

"Otel qiymətləri bahadır" - Turistləri necə razı salaq? - VİDEO

26 May 2016 17:18
0 Şərh     Baxış: 1 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il ilk Avropa Oyunlarını ən yüksək səviyyədə keçirən Azərbaycan bu il də öz tarixində bir ilkə imza atmağa - dünyanın ən məşhur avtomobil yarışı olan "Formula-1" üzrə Avropa Qran-prisini keçirməyə hazırlaşır. Üstəlik, qonşu ölkələrdə, xüsusən Türkiyədə baş verənlərin fonunda bir sıra ölkələrin mediası Az ərbaycana turist axını olacağını proqnozlaşdırır. Gözlənilən turist bumuna hazırıqmı? 

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, ölkədə baş tutan çoxsaylı mötəbər tədbirlərturist axınının artmasına təkan verir. Son illərdə Azərbaycanda turizm sektorunun inkişafı üçün xeyli addım atılıb. İki dəfə hökumət səviyyəsində regionların inkişafı dövlət proqramı çərçivəsində turizmin inkişafına dair tədbirlər həyata keçirilib. Paytaxt Bakıda, eləcə də regionlarda xeyli otel və istirahət mərkəzləri açılıb. Azərbaycanla bağlı tanıtım çarxları dünyanın nüfuzlu televiziya kanallarında nümayiş olunub. 

Digər tərəfdən regiondakı geosiyasi vəziyyət, Suriya və onun ətrafında baş verənlər, Türkiyədəki terror aktları və bunların fonunda pisləşən türk-rus münasibətləri qəribə də olsa, turizm sahəsinə də sirayət edib. Belə vəziyyət digər tərəfdən rusiyalı turistlərə yeni istiqamətlər axtarmağa vadar edir. Rusiyanın Gürcüstanla münasibətinin ürəkaçan olmaması, Ermənistanda isə nəinki turizmin, hətta həyatın ölü səviyyəsində olması Azərbaycanı bu seçimdə birinci edir. 

Eyni zamanda turizm sektorumuz təkcə rusiyalı turislərlə məhdudlaşmamalıdır. Bu gün ölkəmizə gəlməyə maraq göstərən turistlərin sayında artım dinamikası var. Bəs turistlərə göstərilən xidmət onları təkrarən Azərbaycana gəlməyə həvəsləndirirmi? Yoxsa Azərbaycanı bir dəfə görən artıq bura qayıtmaq istəmir?!  

Məsələ ölkə başçısının da gündəmindədir. Prezident İlham Əliyev dəfələrlə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru istiqamətində ən gəlirli sahə olan turizmin inkişafının vacibliyini qeyd edib. Prezidentin bu məsələni diqqətdə saxlaması əbəs deyil. Xüsusən də Gürcüstanla müqayisədə turizmdən əldə etdiyimiz gəlirlər bu sahəyə sərf edilən xərclər müqabilində çox deyil. Hətta öz vətəndaşlarımız belə Novruz bayramı, Yeni il günləri, yay tətillərini qonşu Gürcüstanda keçirməyə üstünlük verir. 

Yerli turizm mütəxəssisləri qiymətlər və buna müvafiq olaraq, xidmətin səviyyəsi ilə bağlı problemlərin olduğunu deyirlər. Müqayisə üçün deyək ki, ötən il Gürcüstana 5 milyon turist gəlib. 

"Formula-1" yarışları turizm sektorunun inkişafı üçün növbəti şansdır. Elə bu amildən istifadə edib turistlərin dadını damağında qoyacaq xidmət yaratmalı, lazımi infrastruktur qurmalıyıq ki, həmin turist ölkəyə 1 dəfə yox, bir neçə dəfə gəlsin. Onu da unutmaq olmaz ki, 1 turist başqa turistin gəlməyi üçün potensial reklamçıdır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.