Ölkə

"Səhnədə oynadığım qıza vurulanda evliydim"

25 May 2016 16:09
4 Şərh     Baxış: 3 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az məşhur aktyor, xalq artisti Rasim Balayevin aznews.az-a müsahibəsini təqdim edir.

- Rasim müəllim, mətbuata açıqlamalarınızda deyirsiz ki, işsiz olmağınız sizi incidir. Niyə iş yoxdu? Heç bu barədə düşünürsünüzmü? 

- Vallah, bunun səbəbini araşdırmaq mənim işim deyil, bacarmaram. Amma faktdır ki, iş-güc yoxdu. Axır vaxtlar nə qədər filmlər çəkilir, amma çox təəssüf ki, bunu tamaşaçı görmür. Bir dəfə Nizami Kinoteatrında göstərirlər, dəvət olunanlar gəlir, baxır, çıxıb gedir. Bəlkə, hansısa kanal göstərə, ya göstərməyə. Vəssalam! Bununla da iş qurtardı. Kinoteatra adam gəlmir. 

- Niyə gəlmirlər? 

- Bilmirəm niyə gəlmirlər?! Bəlkə camaatı biz qaçırtmışıq?! O yerdə bir neçə kinoteatr var. Gələnlər də xarici filmlərə baxıb gedir. Azərbaycan filmi öz reputasiyasını itirib, tamaşaçı yoxdu. 

- Çəkilmək istədiyiniz rollar varmı? 

- Ssenarilərə baxıram, amma deyim ki, dalınca gözüm qalan bir rol yadıma gəlmir. Vallah, elə bil ki, yaxşı yazanlar da seyrəlib, yoxdu. Rejissorların özləri ssenari yazır. Axı yazıçılıq, dramaturgiya ayrıca bir sənətdi. Rejissor özü yazır, özü çəkir. Belə şey olar? Axırda da baxırsan ki, mənasız bir şey alınıb. 

- Sovetlər birliyi dağıldı, müstəqil olduq, bəs, niyə yaxşı şeylərdən danışanda həmişə keçmişi xatırlayırıq? Məsələn, Sovet mütaliə tərbiyəsi bu gün niyə yoxdu? Sovet vaxtı çəkilən filmlərimiz bu gün niyə ərsiyə gəlmir? Sovet tamaşaçısı bu gün niyə yoxdu? Və s. Sovet nümunəsini görəsən, nə vaxtsa qurtaracaqmı? Bəlkə müstəqillik elə belə olur? 

- Yenə deyirəm, mən araşdırmaçı deyiləm, politoloq, sosioloq deyiləm. Amma bəzən mən özüm də bu sualların cavabını axtarmağa çalışıram. Konkret bir fikrə gələ bilmirəm. Qabaq qoruq-qaytaq, senzura-zad vardı, məntiqlə onda yazmaq daha çətin idi. İndi isə deyirlər ki, yaz! Amma ortada heç nə yoxdur. Hər bir sənət növünün tənəzzül dövrü olur. Rəssamlığın da, ədəbiyyatın da, bəstəkarlığın da və s. Görünür, hazırda Azərbaycanda kino sənəti öz tənəzzül dövrünü yaşayır. Tək kino deyil, ümumiyyətlə, Azərbaycan mədəniyyəti öz tənəzzül dövrünü yaşayır. Yaxşı dram əsərləri yazılmır. Əvvəl Cəfər Cabbarlı, Hüseyn Cavid vardı, ən axırda isə heç olmasa, İlyas Əfəndiyev vardı. Bu gün kim var? Yazırlar, guya, günümüzlə səsləşən aktual mövzulara toxunurlar, amma ömrü bir-iki tamaşalıq olur - oynanılır, sonra sıradan çıxıb gedir. 

- Bizim bir çox aktyorlarımız, incəsənət və mədəniyyət xadimlərimiz var. Ancaq onlar sanki cəmiyyətdən təcrid olublar. Yəqin elə buna görə də, ictimai müzakirələrin aktiv getdiyi yerlərdə, məsələn, saytlarda, sosial şəbəkələrdə hiss olunur ki, adamlar onlardan, o cümlədən də sizdən nəsə umur. Sizcə nə?

- Görünür, o işləri ki, biz görmüşük, o vaxt o filmləri ki, biz çəkmişik, bunların hamısı camaatın yadında qalıb. Və fikirləşirlər ki, mənim və mənim kimi adamların söz deməyə, fikir bildirməyə daha çox ixtiyarı var. Elələri var bir-iki filmə çəkilib, yaxud bir-iki mahnı oxuyub, heç camaat onu tanımır, amma özlərini elə yekə aparırlar ki, baxıram, sənətdən-zaddan danışırlar, mənə qəribə gəlir. Halbuki, bunlar heç sənətin dadını bilmirlər. Mən hər yeni filmə çəkiləndə elə bilirəm ilk çəkilişimdi. Yəni bunların arxayınçılığı məndə olmurdu. Sənət ömür boyu öyrənməkdi. Bu adamlar isə bir-iki ala-babat işləri ilə özlərini əsl sənətkar sayır. Bütün bunları təbii ki, camaat görür, baxır, bilir... Ona görə də bizdən umurlar. 

- Bəlkə, xalq sizdən canlandırdığınız obrazları umur, öz qəhrəmanını - Babəkləri qorxmaz, cəsur, sözünü deməyi bacaran və dediyi sözün üstündə dayanan şəxs kimi görmək istəyir?.. 

- Axı mən siyasətlə məşğul olmuram. Siyasət ayrı bir şeydi. Mən ancaq öz sənətim barədə danışa bilərəm. Mənim yaxşı bir işim olsa, rol olsa, uğurlu film olsa, bununla qane olan adamam. Bu adamların müəyyən dərdi-səri varsa, niyə bunu mənim dilə gətirməyimi gözləyirlər? Axı Rasim Balayev siyasətçi deyil. Mənim də problemlərim, dərdim-sərim var, öz dərdimlə məşğulam. Mən siyasətə qarışmaq istəmirəm. Çünki siyasətə qarışanda adam istəmədiyi nələrəsə bulaşır.

- Kino yoxdu, iş yoxdu, siyasətlə də məşğul olmaq istəmirsiniz. Bəs necə nəfəs alırsınız? Mənəvi cəhətdən özünüzü nə ilə qidalandırırsınız? 

- Çox darıxdırıcı və çox maraqsızdı. Hətta bir ara depressiya vəziyyətinə də düşdüm. Mənim üçün çox çətindi. Həyatımın 40 ilini kamera qarşısında keçirmişəm. Birdən-birə yaranan pauza mənim sağlamlığıma da ziyan edir. Səhər yuxudan dururam, fikirləşirəm ki, neyləyim? Gəlirəm Kinostudiyanın çayxanasına, bir-iki tay-tuşuma çay içirəm, söhbət edirəm... Hamısı işsizlikdəndir. İşsizlik çox pis bir şeymiş, məni formadan salır. Aktyorluqdan başqa əlimdən başqa bir iş də gəlmir ki, gedib məşğul olum, başım qarışsın. O işi ki mən istəyirəm, o, yoxdu. O işə ki məni dəvət edirlər, getmirəm, xoşuma gəlmir. 

- Nərd oynayırsınız?

- Hə, yaxşı nərd oynayanam. Amma axır illərim boşuna gedir, boşuna gedən illərimə heyfim gəlir. 

- Maraqlıdır, sizi tanımayan adamlara özünüzü necə təqdim edirsiniz?

- Təqdim etmirəm. Amma tanımayanlar çoxdur. Məsələn, gənc nəslin çoxu məni tanımır. Çünki televiziyalara çıxmıram. Daha doğrusu, dəvət edirlər, getmirəm. Gündə televizora çıxanlar təbii, məndən məşhurdur.

- Nəinki sizdən, hətta Babəkdən də məhşurdular. 

- Bu cür məşhurluq sabun köpüyü kimi bir şeydir. 

- Necə düşünürsünüz, sizin bir insan kimi xarakterinizdə, xasiyyətinizdə Babəkdən nəsə varmı? 

- Mən deyə bilmərəm ki, Babəkəm, yaxud Nəsimiyəm. Amma o rolları oynayanda obrazın iztirablarını, psixoloji anlarını içimdən keçirmişəm. Yəqin ki, o hisslərdən müəyyən şeylər mənim içimdə qalır. 

- Sizin "Babək" filmində qəbul etmədiyiniz nəsə varmı? 

- Bir-iki nüans var. Məsələn, mən istəmirdim Babək Cavidanın arvadını alsın. Filimdə də var, qadın deyir ki, Babəki mən Babək eləmişəm. Belə çıxır ki, Babək arvad hesabına Babək olub. Dediyim bu məsələlərlə heç Ənvər Məmmədxanlı da razı deyildi. Amma Eldar Quliyev belə çəkdi. 

- Babək niyə Cavidanın arvadını aldı? Bu kimi tənqidləri yəqin ki, çox eşitmisiniz. Maraqlıdır, özünüzü bu tənqidlərin qarşısında hiss edirsinizmi? 

- Yox! Çünki filmin müəllifi mən deyiləm, Eldar Quliyevdir. Rejissor belə çəkib. Mən onun işinə qarışa bilmərəm. Mənim borcum verilən rolu oynamaq və yaşamaqdır. Mən ssenari, rejisor işinə müdaxilə eləyə bilmərəm. 

- Heç sizə irad bildiriblər ki, bir-birinə oxşayan rollar oynayırsınız? 

- Həmişə qorxmuşam ki, bir-birinə oxşayan rollar oynayaram, təkrarçılıq olar. Ona görə də müxtəlif xarakterli rollar oynamağa çalışmışam. Çox təəssüf ki, içimdə oynamaq istədiyim rollar var, amma arzuma çatmamışam. 

- Hansı roldan söhbət gedir?

- Məsələn, mən gözəl bir tragikomik rol oynayardım. Yaxşı yumor hissim də var. Amma elə bir əsər yoxdu. 

- Yadıma gəlir, mən birinci kursda oxuyanda universitetdə səhnəciklər təşkil olunurdu. Bir qızla mən sevgili rolunda oynayırdıq. Çoxdan tanıdığım, amma həmişə yanından başı aşağı keçdiyim o qızı səhnədə başqa cür gördüm. Elə oynadığımız rolda hiss elədim ki, aramızda qəribə hisslər yaranmağa başladı. Sonra səhnə qurtardı, o hisslər həyatda davam etdi. Sizin aktyorluq həyatınıza belə şeylər olubmu?

- Rolda oynadığım qadını ancaq filimdə sevmişəm. Bəlkə elə aktyorlar var ki, filmdəki sevgini həyatda davam elətdirir. Kinoya çəkilməyə başlayandan mənim ailəm vardı. Mən tez ailə qurmuşam. Təxminən, 22 yaşımda evlənmişəm. 23 yaşımda bir oğlum, 24 yaşımda da o biri oğlum dünyaya gəlib. Həmişə düşünmüşəm ki, ailə müqəddəsdir və heç bir zaman ailəmi unutmamışam. Harda oluramsa olum həmişə uşaqlarımın tərbiyəsiylə məşğul olmuşam. Həyat yoldaşım da mənə çox yardımçı olub. Konkret suala gəlincə, ola bilsin ki, müəyyən məqamlar olub ki, oynadığım rolda qadına sevgi hissi yaranıb, vurulmuşam, amma tez o hissi özümdən uzaqlaşdırmışam. Fikirləşmişəm ki, düzgün deyil. Çünki mənim ailəm var. Bilmirəm, düz eləmişəm, yoxsa səhv eləmişəm, yenə deyirəm, o hissi dərhal içimdə öldürmüşəm. 

- Rasim müəllim, heç həyatda da aktyorluq etmisinizmi?

- Mən həyatda aktyorluğun, artistliyin əleyhinəyəm. Bu sənət yaranıb ki, ya səhnədə oynayasan, ya da ekranda. Həyatda insan özü kimi olmalıdır. Həmişə çalışmışam ki, həyatda özüm kimi olum. Təbii olmaq lazımdır. 

- Sizcə, niyə xarici filmlərə rejissorlarının adı ilə nişan verilir? Məsələn, Kurasavanın filmləri, Fellinin filmləri, Antonioninin filmləri və s. Bizim filmlər isə daha çox aktyorların adı ilə çağırılır.

- Çünki bu rejissorlar öz filmləri ilə dünyada ad qoyublar. Ümumiyyətlə, rejissor filmin müəllifi sayılır. Baxmayaraq ki, burada ssenarist də əsasdır. Xaricdə belədir ki, ideyanı biri verir, ssenarini biri yazır, dialoq yazıçısı isə tamam başqadır. Ruslarda Tarkovskinin filmləri deyildiyi kimi, bizdə də Ocaqov filmləri var. Mən Ocaqovun 4 filmində çəkilmişəm. Onun öz mövzuları vardı. Rejissorlar növbəyə dururdu, kimin növbəsinə hansı film düşdü, çəkirdi. Amma Ocaqov deyirdi ki, bu mənim mövzum deyil. Gözləyirdi. Hamı mətəəl qalırdı ki, niyə çəkib qonorarın almır? 

- Sizin də imtina etdiyiniz rollar olubmu?

- Əlbəttə... Üst-üstə düşən işlərim olub. Bir rola çəkilmişəm, o biri rola vaxtım olmayıb, imtina etmişəm. Yaxud ssenari xoşuma gəlməyib, qəbul etməmişəm. 

- Məsələn, məşhur bir rolu deyə bilərsinizmi siz imtina etmisiniz, amma filan aktyor çəkilib?

- Ad çəkmək istəmirəm. 

- Ramiz Əzizbəyli müsahibəsində sizin haqqınızda deyib ki, mən Rasim Balayevdən yaxşı kişiyəm. Onunla küsülüyəm. Rasim Balayev Rüstəm İbrahimbəyovun müdafiəsindən geri çəkiləndə vicdansızlıq etdi...

- Ramiz xəstə təxəyyülü bir insandır. Heç vaxt düzgün fikirləşməyib. Onun mənə qarşı bu münasibəti nədən qidalanır, bilirəm. Bilirəm məni niyə söyür. Arada çox şeylər var. Sadəcə, bunu mətbuata açıqlamaq istəmirəm. Axı mən Rüstəm İbrahimbəyova neyləmişəm? Rüstəm siyasətlə məşğul oldu, idarəni bağladı. Mən Rüstəmlə yaxın olmuşam, sənət əlaqələrimiz olub, amma heç vaxt siyasi ilişkilərimiz olmayıb. Mən Rüstəmlə nə qədər oturub-durmuşam, heç vaxt siyasi mövzularda söhbət belə eləməmişəm. 

- Bəs Ramiz müəllimi narahat edən nədir? 

- Ramiz Əzizbəylini burada nə narahat edir, nə əsəbiləşdirir, bilmirəm. Yenə deyirəm, bu düşüncələr xəstə təxəyyülün məhsuludur. Mənim Ramizə heç bir pisliyim dəyməyib. İnsan cismən xəstə ola bilər, gərək düşüncə tərzin xəstə olmasın. Obyektiv olmaq lazımdır. Təbiidir, öz tamahı ilə imkanları uyğun gəlməyən insanlar özünü narahat hiss edir. Bu tip adamlar həmişə narazı olur. 

- Bir şeyi də soruşmaq istəyirəm. Məsələn, Xalq artisti Səməd Səmədov, Xalq artisti Aygün Kazımova, Xalq artisti Rasim Balayev... Özünüzü bu cərgədə necə hiss edirsiniz? 

- Çox narahat oluram. Belə şeylər məni incidir. Doğrudan da, bir müddət oldu, sənət dünyasından bixəbər olan adamlara adlar verildi. Adam onda təbii ki, pis olur. Bizim vaxtımızda elə deyildi. Bizim vaxtımızda ad verilməsi böyük bir hadisə hesab olunurdu. Mən ad alanda 5-6 ay ordan-burdan məktublar alırdım. Bu gün isə o cür deyil. Çox adiləşib. 

Bu adlarla məşğul olan şöbə var, hamısı o şöbənin işləridir. Mən heç kimi qınamıram. Şöbə siyahını gətirir qoyur prezidentin qabağına, o da qol çəkir, möhürləyir. Vəssalam! Prezident sənət adamlarının bəzisini tanıyır, bəzisini tanımır. Hamısnı tanıya bilməz axı. Gərək həmin şöbə vicdanlı davrana. Prezident neyləsin, şöbəyə inanır... Bir vaxt adların ləğvi ilə bağlı söhbət oldu. Mən də tərəfdarıydım. Buna görə bilirsən məndən nə qədər adam incidi. Əsl xalq artisti ad almayıb camaatın sevimlisi olanlardır. 

- Bizdə elələri varmı? Məsələn, xalq artisti olmasın, amma camaatın sevimlisi olsun. 

- Yox, Azərbaycanda eləsi yoxdu, çünki bir az ortaya çıxan kimi ad verirlər. 

- Rasim müəllim, hiss edirsinizmi kütlənin özündə də bir ədalətsizlik var. Məsələn, sizin kimi bir sənətkarı görün nəylə sınağa çəkirlər - Rasim Balayev niyə xüsusi təqaüdlər alır, niyə dövlətdən ev alır və s. 

- Mən niyə pis yaşamalıyam? Gərək, komada-zadda yaşayam? Sağ olsunlar ki, mənə təqaüd verirlər. O təqaüd olmasa bəs mən nəylə dolanaram? Acından ölüm? Bizim Prezidentin ən gözəl cəhətlərindən biridir ki, sənət adamlarına kömək eləyir. İşsizlik pis şeydi. Heç olmasa bilirəm ki, aylıq çörəkpulum var. Böyük şeydi. Prezident təqaüdü olmasaydı, mən sənətimi satardım, gedib hər şeyə çəkilərdim, 50 manatlıq rola da çəkilərdim ki, evimdə çörəyim olsun. Prezident təqaüdü mənim şəxsiyyətimi qoruyub-saxlamaq üçün bir stimuldur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.