Ölkə

Namiq Həsənov: "Cənab nazirlə açıq söhbətimiz oldu"

24 May 2016 10:21
2 Şərh     Baxış: 1 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Növbəti qonağımız Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənovdur. Son vaxtlar mətbuatda nadir hallarda görünən N.Həsənovla onun fəaliyyəti, gündəlik iş rejimi, mətbuatla bağlı fikirləri, şəxsi həyatının bilmədiyimiz tərəfləri və sairlə bağlı müsahibə almaq üçün çalışdığı dövlət qurumunun inzibati binasında görüşdük. 

Milli.Az bildirir ki, musavat.com-un əmıkdaşını "Qəbul otağı"nda qarşılayan Namiq müəllim məzuniyyətini yarımçıq qoyub, müsahibə üçün etdiyimiz xahişi yerə salmayıb gəlmişdi. Səmimi qarşılanmanın ardından müsahibimiz suallarımızı da tam səmimi cavablandırdı. Şahmat və üzgüçülük həvəskarı, həvəskar parodiyaçı, ali təhsilli tarixçi, ABŞ-ın Nebraska ştatının fəxri vətəndaşı olan və peşə fəaliyyətinə jurnalistikadan başlayan Namiq Həsənovun bu müsahibədə səsləndirdiyi fikirlər bəlkə də onu tanımaq üçün yetərli olacaq.

- Namiq müəllim, Nəqliyyat Nazirliyinə bu vəzifəyə gəlişiniz necə oldu? 

- Mən bundan əvvəl də mətbuat xidmətinin rəhbəri olmuşam. Əvvəllər bir qəzetdə iqtisadiyyat şöbəsinin müdiri olmuşam. Sonra Vergilər Nazirliyində 1 il 10 ay müddətində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi çalışmışam. Daha sonra Lider TV-də 3 il aparıcı işləmişəm. Bəlkə də Azərbaycanda yeganə mətbuat xidmətinin rəhbəriyəm ki, mətbuatdan nazirliyə, sonra nazirlikdən mətbuata qayıtmışam. 

Lider TV-dən isə Nəqliyyat Nazirliyinə dəvət olundum və 2003-cü ilin iyul ayından bəri burada fəaliyyət göstərirəm. Mənim televiziyada apardığım verilişi görüb, bəyənib məni dəvət etdilər. Artıq 13 ildir ki, buradayam. 

- Sizin üçün bir dövlət qurumunun mətbuat xidmətinin rəhbəri olmaq nə deməkdir? Bu, insandan hansı keyfiyyətlər tələb edir?

- Mətbuat xidmətinin rəhbəri dövlət qurumu ilə cəmiyyət, mətbuat, müəyyən strukturlar arasında vasitəçidir. Şübhəsiz ki, burada ilk növbədə peşəkarlıq önəmlidir. Mətbuat xidmətinin rəhbəri o qədər peşəkar, o qədər hazırlıqlı olmalıdır ki, təmsil etdiyi qurumun rəhbərinin əvəzindən də danışa bilsin. Jurnalistin istənilən sualına cavab verə bilsin. Həmin sahədə nə baş verirsə, dərhal adekvat reaksiya bildirsin, mətbuatdan gələn zəngləri cavablandıra bilsin. Bu illər ərzində mən çalışmışam ki, bunu edim -  televiziyada, mətbuatda çalışdığım qurumu təmsil edə bilim. 

- Nəqliyyat Nazirliyi mətbuatda ən çox tənqidlərə məruz qalan qurumlardandır. Həm də nəqliyyat elə bir sahədir ki, bütün gerçəkliyi ilə göz qabağındadır, burada nəyisə gizlətmək mümkün deyil. Bu tənqidlər sizin işinizə necə təsir edir, reaksiyanız necə olur? 

- Sağ olun ki, bu sualı mənə verdiniz. Əslində siz soruşmasaydınız da mən bu məsələyə toxunacaqdım. Çünki Nəqliyyat Nazirliyi üzdə olan qurumdur. İnsanların hər gün müraciət etdiyi bir xidmət sahəsinə nəzarət edir. İstər sərnişindaşımada, istər yükdaşımada nəqliyyatdan istifadə olunur. İnsan evindən çıxdığı andan nəqliyyatla əlaqəli olur deyə, bizim nazirlik həmişə üzdə olub, gündəmdə olub. 

- Namiq müəllim, çox zaman jurnalistlər arasında rəy sorğusu keçiriləndə sizi də mətbuatdan qaçan, asan tapılmayan mətbuat xidməti rəhbəri kimi təqdim edirlər. Bunun səbəbi nədir? 

- Çox təəssüf ki, mən bəzən müəyyən sualları cavablandırmağa, sadəcə, vaxt tapa bilməmişəm. Elə jurnalistlər olub ki, onların suallarını cavablandırmaq fiziki baxımdan mümkün olmayıb, vaxt qıtlığı yaşamışıq. Sonradan haqqımızda tənqid yazıblar ki, Namiq müəllimi tapmaq olmur. Amma mən hamı üçün açıq olmuşam. Mətbuatdan gəldiyim üçün bu ehtiyacın nə olduğunu bilirəm. Elə adam olub ki, mən onu ümumiyyətlə tanımıram. Hətta mənə zəng də vurmayıb. Ancaq hansısa saytda yazır ki, mən Namiq Həsənovu tapa bilmirəm. O yazandan sonra mən bilmişəm ki, belə bir jurnalist var imiş. Bəzən  jurnalistlər deyirlər ki, biz Namiq müəllimi tapa bilmirik. Mən də bunun əksini deyə bilərəm ki, bəzən mən də jurnalist tapa bilmirəm. Peşəkar jurnalist çox azdır. Elə jurnalist var ki, heç Nəqliyyat Nazirliyinə aid olmayan sualları bizə verir. 

Ümumiyyətlə, bizim sahə ən çox tənqid olunursa, deməli, burada iş var. Əgər bizim nazirliyin xətti ilə son 15 ildə həyata keçirilən işləri mən sadalamağa başlasam, saatlarla çəkər. İş olan yerdə, təbii ki, tənqid də olmalıdır. Hamının xoşuna gəlmək mümkün deyil. Əgər hamının xoşuna gəlirsənsə, deməli, ümumiyyətlə, yaxşı işləməmisən. 

- Nazirliyin və ya sizin haqqınızda yazılan tənqidlərə reaksiya necə olur? 

- Mən, ümumiyyətlə, heç bir reaksiya vermirəm. Yazmaq jurnalistin haqqıdır. Ancaq mən istəyirəm ki, onu oxucu oxuyub qiymət versin, başqa bir peşəkar jurnalist oxuyub qiymət versin. Bəzən dostlarım da soruşur ki, sən niyə reytinqlərdə sonuncu olursan, niyə tapılmayan mətbuat xidmətlərindən biri deyirlər sənə. Deyirəm, təbii ki, o jurnalist məni tapa bilməyibsə, mən onun keçirdiyi sorğuda sonuncu olacağam. Mənim üçün fərqi yoxdur ki, bir mətbuat orqanı kimə qulluq edir. Mənim üçün jurnalist var və bir də söz var. Ona görə də reaksiyam normaldır, tənqidə çox dözümlüyəm. Bir dəfə də zəng edib deməmişəm ki, mənim haqqımda niyə bu qədər tənqid yazırsınız. Uzaqbaşı belə bir irad bildirirəm ki, yazanda bizim də fikrimizi öyrənin. Mənim reaksiyam bundan o yana getmir. Bizim fikrimizi öyrənmədən yazılan yazını da mən peşəkar yazı hesab etmirəm. 

- Telefonlara cavab vermədiyiniz, mətbuatdan qaçdığınız vaxtlar olubmu? Bunu nə üçün etmisiniz? 

"...Hər dəfə müsahibə üçün cənab nazirdən icazə almıram"

- Telefonumu qapatmıram, ancaq elə olur ki, zənglərə cavab vermirəm. Müəyyən obyektiv səbəblər olur ki, telefon yanımda olmur, tədbirdə oluram və sair. Ancaq elə də olur ki, sadəcə, telefonu götürmək istəməmişəm. Çünki bilmişəm ki, zəng edən adam bu sahənin adamı deyil, jurnalist hesab olunmur. Mənim haqqımda yazan elə adam var ki, mən jurnalistikaya gələndə o, hələ anadan olmamışdı. Bu baxımdan etiraf edirəm ki, telefona cavab vermədiyim vaxtlar olub. Səhəri gün də həmin mətbuat orqanında haqqımda tənqid oxumuşam. Hətta cənab nazirə şikayət ediblər ki, sizin Namiq telefonumuza cavab vermir. Belə hallar olub.

- Yəqin ki, arabir ən azı müşahidə məqsədilə ictimai nəqliyyatdan istifadə edirsiniz. 

- Təbii, istifadə edirəm. Hətta insanlar məni görəndə təəccüblənirlər ki, bunun metroda və ya avtobusda nə işi var (gülür). Mənim həyat tərzim çox sadədir, piyada da gəzirəm, ictimai nəqliyyatdan da istifadə edirəm. Həmişə tənqid etdiyim küçələrdən birində yaşayıram. Orada da avtobusların, taksilərin sıxlığı var, problemlər var. Sadəcə olaraq, mən də cəmiyyətin bir parçasıyam. İstərdim ki, bizim ictimai nəqliyyat da sivil qaydada olsun. Sürücü ilə sərnişin dalaşmasın, kimsə tıxacda qalıb əsəbləşməsin. Bu həm də bizim işimizə birbaşa aidiyyəti olan məsələdir və mərkəzi icra orqanı olaraq biz əsas siyasəti həyata keçirən qurumuq. Biz də vətəndaşlar kimi problemlərin olmasını istəmirik. 

- Siz bir məmur yox, sadə vətəndaş kimi Azərbaycan nəqliyyat sektorunu necə qiymətləndirərdiniz? 

- İstərdim bunu vətəndaşlar qiymətləndirsin. Mənim verdiyim qiymət, bəlkə də, subyektiv olar. Ancaq nəzərə alsaq ki, son 10 ildə Azərbaycanda hətta yüzillər boyu görülməyən işlər görülüb, körpülər, yollar tikilib, avtobus parkı yenilənib, sərnişin nəqliyyatında nə qədər işlər görülüb. Hətta biz Xınalığa yol çəkəndə cənab prezident demişdi ki, əgər biz buraya da yol çəkdiksə, Azərbaycanda nəqliyyat infrastrukturunun qarşısında heç bir maneə dura bilməz. Bizim işimizə ölkə başçısı bu cür qiymət verib. Bu baxımdan  peşəkarlar qiymət versə, daha yaxşı olar. 

- Bir ara nəqliyyat naziri Ziya Məmmədov çox tənqid olunurdu. İndi o ajiotaj bir qədər səngiyib. Bunu siz də hiss edirsinizmi? Sizcə, səbəb nədir? 

- Məsələ ondadır ki, hər bir yeni mövzu olanda ona diqqət də çox olur. Bu gün Azərbaycanda iqtisadi islahatlar gedir, idarəetmədə müəyyən təkmilləşdirmə işləri aparılır. Yeni dövlət qurumları yaradılır, bəziləri ləğv edilir, birinin səlahiyyətləri başqasına verilir. İnsanlar üçün daha asan olsun deyə bir ASAN xidmət yaradılıb. Söhbət vətəndaş cəmiyyətinin daha rahat nəfəs alması məqsədilə atılan addımlardan gedirsə, bu gün Nəqliyyat Nazirliyi də, bizim rəhbərlik də cənab prezident tərəfindən həyata keçirilən bütün islahatları dəstəkləyirik.

Ajiotajın səngiməsinə gəlincə, Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin müəyyən hissəsi başqa qurumlar tərəfindən həyata keçirilir. Müraciətlərin də bir hissəsi onlara yönəlir. Bu baxımdan mənim də işim bir qədər yüngülləşib, asudə nəfəs alıram, jurnalistlərə daha çox cavab verə bilirəm. Məzuniyyətimi yarımçıq qoyub bu müsahibəyə gəldim. Çünki müəyyən məsələlər var ki, onu cəmiyyətə demək lazımdır. Mən mətbuatdan qaçan adam olmamışam. Amma sözün həqiqi mənasında, böyük hərflərlə yazılan mətbuatdan. Əgər kimsə desə ki, Azərbaycanda peşəkar jurnalistlərin sayı iki əlin barmaqlarına yerləşir, o, böyük qəbahətdir. Mənim jurnalist həmkarlarım bundan inciməsin. Jurnalist məmuru danışdıra bilirsə, bu, artıq qələbədir. Məmur çox vaxt jurnalistdən qaçır. Çünki bilir ki, ya verilən sual düzgün deyil, ya da başqa məqsədlə verilir. İnsan işində düz olmalıdır ki, heç kimdən çəkinməsin. Biz bunu nə qədər bacarmışıq, bunu yəqin ki, mətbuatdakılar deyər. 

- Namiq müəllim, biz mətbuat xidmətlərinin media ilə əlaqələrinin hansı səviyyədə olmasına bələdik. Çünki gözümüzün önündə baş verir. Ancaq bir mətbuat xidməti rəhbərinin o qurumun rəhbəri ilə münasibətlərinə, iş prosesinə bələd deyilik. Həmin məqamı bizim üçün aça bilərsinizmi? 

- Mən buraya işə gələndə cənab nazirlə çox açıq söhbətimiz  oldu. Bizim nazir mətbuata çox açıq və demokratik adamdır. Mənə dedi ki, bu sahədən gəlmisən, iki təhsilin var. Jurnalistlərlə açıq ol, bütün suallarını cavablındır, mənim əvəzimdən danış. Bizim belə bir söhbətimiz oldu. Bizim rəhbərliklə elə səmimi bir münasibətimiz var ki, mən hər dəfə müsahibə üçün cənab nazirdən icazə almıram. Bir dəfə mənim qarşımda bu tapşırığı qoyub və 13 ildir bu sistemlə gedirik. O, mənə arxayındır, mən də ona arxayınam ki, cənab nazir mənim müsahibəmi oxuyanda, hətta orada səhv də eləsəm, onu mənə irad tutmaz. Ancaq çalışıram ki, bunu etməyim. Mətbuat xidməti ondan ötrüdür ki, jurnalistlər hər dəfə naziri narahat etməsinlər. Bütün məlumatlar mənim masamın üstündədir. Kimə lazımdırsa, gəlsin, bölüşək. Bizim cənab nazirlə həm səmimi işçi-rəhbər  münasibətlərimiz var, həm də müasir idarəçiliyə uyğun peşəkar münasibətlərimiz. Həftəlik olaraq, rəhbərliyə hesabat veririk. 

- Siz şəxsən gündəlik cənab nazirlə əlaqə saxlayırsınızmı?

- Elə təcili hadisələr olur ki, biz gündə bir neçə dəfə cənab nazirlə əlaqə saxlamalı oluruq. Mənim üçün cənab nazirlə əlaqə saxlamaq problem deyil. Hətta bəzən özü bizimlə əlaqə saxlayır, tapşırıq verir. Bu 13 ildə bir dəfə də olmayıb ki, mən bu telefonla cənab nazirlə əlaqə saxlayım, o cavab verməsin (əli ilə stolun kənarındakı telefonlardan birini göstərir). İş belə qurulmalıdır, operativ şəkildə əlaqə saxlayıb tapşırıq almasan, işi yerinə yetirə bilməzsən. 

- Xəbərləri hansı saytlardan oxuyursunuz?

- Sizə müsahibə verdiyimə görə demirəm, elə birinci musavat.com-u açıram. Virtualaz.org-a, azadliq.info-ya da baxıram. Rəsmi qəzetləri oxuyuram.  

- Bizim tanımadığımız hansı tərəfləriniz var?

- Belə bir istedadım var ki, 10-a yaxın incəsənət xadimini parodiya edə bilirəm. Bunu mətbuatda çoxları bilmir. Flora Kərimova, Polad Bülbüloğlu, mərhum aktyorlardan Əliağa Ağayev, Ağahüseyn Cavadov və digərlərini parodiya edə bilirəm. Mahnıları tərsinə oxuya bilirəm. Yaxşı üzürəm, velosiped sürürəm, şahmat oynayıram. 

İki təhsilim var. Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə ilə bitirmişəm, AMEA-nın İqtisadiyyat İnstitutunun aspiranturasını bitirib elmi işçi kimi işləmişəm. Fizika, astronomiya, coğrafiya, kimya elmlərinə marağım var. Mən həm də ABŞ-ın Nebraska ştatının və həmin ştatın paytaxtı Linkoln şəhərinin fəxri vətəndaşıyam. 

- Şəxsi həyatınızdan nə danışa bilərsiniz? 

- Ailədə 6 uşaq olmuşuq. Ailəmiz çox kasıb olub. Ailədə yalnız mənim ali təhsilim var. Bir övladım var. Bir qədər gec evləndim, oğlum 9 yaşındadır. Həyat yoldaşım BDU-nun kimya fakültəsində işləyir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.