Ölkə

Göz önündə baş verən qanunsuzluqla bağlı heç bir tədbir görülmür

6 May 2016 16:56
3 Şərh     Baxış: 6 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Bakı Beynəlxalq Avtovağzalının qarşısında qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlar, eyni zamanda üzərində fərqlənmə nişanı olmayan, regionlara adam daşıyanlar, eləcə də mikroavtobus və iritutumlu avtobuslar fəaliyyət göstərir.

Lakin bununla bağlı onlara nə Bakı Beynəlxalq Avtovağzalının rəhbərliyi, nə də Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) müfəttişləri heç nə edə bilmir.

Çünki ötən ilin oktyabrında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, onların fəaliyyətinə nəzarət, qanun pozuntularının aşkar etmək və onları törədənləri məsuliyyətə cəlb etmək işi Dövlət Yol Polisinə həvalə edilib. Həmin dəyişikliklər, bu il martın 1-dən başlayaraq qüvvəyə minib. Buna əsasən, avtovağzalın qarşısında baş alıb gedən bu qanunsuzluğun aradan qaldırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müraciət edilib. Lakin hələ də heç bir tədbir görülməyib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızının Milli.Az-a bildirdiyinə görə, onlar artıq 2 aydan çoxdur ki, müvafiq tədbirlərin görülməsini gözləyirlər:

"Hələ ki, vəziyyət dəyişməyib, eynilə davam edir. DANX müfəttişi həmin sürücülərə yaxınlaşaraq bildirir ki, onlar texniki baxışdan keçmədən, fərqlənmə nişanı olmadan icazəsiz, qanunsuz fəaliyyət göstərirlər və onlardan xahiş edilir ki, qaydalara əməl etsinlər. Amma biz o sürücüləri cərimə edə bilmirik. Əgər onlar həmin ərazini tərk etmirsə, biz yalnız sürücü barəsində akt tərtib edirik. Həmin aktda yer almış məsələlər də daha sonra hüquqi səviyyədə həll olunur. Yəni elə həmin dəqiqə ona cərimə tətbiq olunmur. Ona görə də qaydanı pozan sürücülər bu məsələdə çox arxayın və rahatdırlar. Əvvəla, ora parkinq yeri deyil. Polis isə onları ən azından heç olmasa, dayanma-durma qaydalarını pozduğuna, eyni zamanda, texniki baxışdan keçmədiyinə görə cərimələyə bilər. Amma hələ ki, tədbir görülmür. Ola bilər ki, orada reyd keçirsinlər, amma onun da xeyiri olmur. Çünki səhəri gün yenə də taksi sürücüləri gəlib avtomobili orada saxlayırlar. Onları burdan qovursan qaçırlar, amma o başdan gəlib yenə maşını həmin yerdə saxlayırlar. Bir-birilərinə də hamı telefonla xəbər verir ki, bəs yoxlama getdi, gələ bilərsiz. Ona görə də, hələ ki, vəziyyət eynidir, dəyişməyib. Amma ümid edirik ki, dəyişəcək".

Şöbə müdiri qeyd edib ki, son aylar rayon yollarında qeydə alınan qəzaların mütləq əksəriyyəti məhz texniki baxışdan keçməyən, qanunsuz sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri tərəfindən törədilir. Həmin sürücülər tibbi müayinədən, avtomobilləri isə texniki baxışdan keçmir. Bundan başqa, qanunsuz olaraq sərnişindaşıma ilə məşğul olan şəxslər yaranan vəziyyətdən sui-istifadə edərək hüquqi və fiziki şəxslər, kütləvi şəkildə vergidən yayınaraq büdcəyə külli miqdarda ziyan vururlar: "Statistikaya görə, 2015-ci ilin oktyabr ayından şəhərsalma, qeyri-müntəzəm sərnişin və yük daşımaları üzrə hüquqi və fiziki şəxslər tərəfindən fəaliyyət üçün "Fərqlənmə nişanı" alanların sayı kəskin azalıb. Bu isə dövlət büdcəsinə ödəmələrdən yayınma və büdcə gəlirlərinin azalması deməkdir".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.