Ölkə

Əməkdar artist: ''Bizi Bakıya ayaqyalın, başıaçıq gətirdilər'' - VİDEO - FOTO

6 May 2016 16:29
1 Şərh     Baxış: 3 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu dəfəki müsahibimiz milli rəqslərimizin bənzərsiz ifaçısı, əməkdar artist Aliyə Ramazanova oldu. Rəqqasə ilə maraqlı söhbətimiz müsahibimin evində baş tutdu. 50 il mədəniyyətimizin zərif sənəti ilə məşğul olan, 25 il fasiləsiz Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqqasəsi olan Aliyə xanım bu gün 75 yaşında belə öz zərifliyini qoruyub saxlaya bilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Azərbaycan rəqs mədəniyyətində xüsusi rolu olan Aliyə Ramazanovanın bu sənətdəki şah əsəri isə, özünün dediyi kimi, "Vağzalı-Mirzəyi"dir. 

Rəqqasə, haqqında yenicə işıq üzü görən kitabı göstərdi:
 
- Mənim kitabımdır. Gözəl xatirələr yazmışdım dəftərə. O dəftəri neçə vaxt özümdə saxlamışdım, ürək etmirdim kitab kimi çap etdirməyə... Burdakıların hamısı mənim xatirələrimdir. 

"İnternetdəki şəkillərimi görüb məəttəl qalmışam... "

- Nədənsə internet resuslarında həyat və yaradıcılığınız haqqında məlumat çox azdır.

- Amma çoxlu şəkillərim var. Məəttəl qalmışam ki, bunlar hardandır. Ola bilər ki, televiziyaya tez-tez çıxıram, ona görədir. Baxın (diskləri göstərir), bütün bunlar televiziya verilişlərində verdiyim müsahibələrdir. Bütün mənə aid olanları bu disklərə yazıb özümə, ailəmə hədiyyə etmişəm... 

- Bəlkə bu barədə özünüz danışasız? Lap elə əvvəldən.

- Mənim üçün çox ürək yanğısı olsa da, danışmaq lazımdır. Çətin günləri bizim ustalarımızın hamısı görüb. Amma çətin günlərin ən çətinini mənim kimi insanlar görüb. 3 yaşından ata-ana qayğısı görməyən balaca bir uşaq necə olar? Mənim üçün bir Allah tərəfindən işıqlı yol açılıb və mən o cığırla gedib bu nöqtəyə çatmışam. Fikirləşirdim ki, həmişə düz yolla getməliyəm. 

- Valideynlərinizi hansı səbəbdən itirmişdiz?

- Mən 1941-ci ildə anadan olmuşam. Müharibə başlayan kimi digərləri kimi mənim də atam döyüşlərə getdi. Bir neçə il anam və biz dörd bacı çarəsiz qaldıq. Onda Qusarın Piral kəndində idik. Balaca bir qız ayaqyalın, başıaçıq, qışı-yayı bilmirdik isti geyim nədir. Çünki vəziyyət belə gətirmişdi. Yavaş-yavaş ev boşalmağa başladı. Anam müharibənin əziyyətindən dünyasını dəyişdi. Atam itkin düşdü, müharibədən qayıtmadı. Sonra öyrəndim ki, həlak olub. Bir bacım da anamdan sonra dünyasını dəyişdi. Bir bacım müharibədən qayıdan əmimin himayəsində qaldı. Digər bacım və məni isə ayrı-ayrı uşaq evinə göndərdilər. Məni və bir neçə uşağı soyuq qışda üstü açıq maşında ayaqyalın, başıaçıq Bakiya gətirib 11 nömrəli uşaq evinə yerləşdirdilər. Mən orda rəssamlıq, tikiş sənəti, üzgüçülük, piano ilə maraqlanırdım. Uşaq evinə tez-tez Qəmər Almazsadə (Azərbaycanın ilk balet rəqqasəsi), Leyla Vəkilova, Tamella Məmmədova, Çimnaz Babayeva gələrdi. O uşaq evində mən 7-ci sinfə qədər böyüdüm, daha sonra isə 5 nömrəli sənət məktəbinə yolladılar. Həmin sənət məktəbində kitab çap etməyi öyrənirdim...
Bir dəfə dedilər ki, xalq artisti olan bir rəqqasə gəlib, qızları seçir. Mən də gimnastikaya gedirdim. Bunun eşidəndə dedim ki, birinci mən yazılacam. Müəlliməm dedi ki, yox, sən həm şəkil çəkirsən, həm gimnastikaya gedirsən, dərslərin var, çatdıra bilməzsən. İnanın elə bərkdən ağlamağa başladım ki (gülür), o biri müəllimin mənə rəhmi gəldi. Həmin müəllimə dedi ki, "ay Mələk xanım, qoy getsin, bəlkə gələcəkdə xalq artist oldu".
Beləcə, biz səhnəyə çıxanda Qulam adlı bir tarzən vardı, dedi ki, "Böyükağa müəllim, bir o qıza baxın". Elə həmin vaxtdan məni öz fəaliyyət dərnəyinin ehtiyat əmək qüvvələrinin baş solisti oldum...

Bir xatirə də danışmaq istəyirəm. Uşaq evində olanda Qəbələdən bizə beş-altı uşaq gətirdilər. Uşaqlardan hərəmiz birini götürdük ki, darıxmasınlar. Hamısı müharibə uşaqları idi. Bir nəfər də mənə düşdü. Sinifə gəlib onunla bir qədər tanış olduq. Başladı məktub yazmağa. Adətən məktub yazanda xətt boyu yazarlar. Lakin həmin uşaq adları alt-alta yazmağa başladı. Onun yazdıqlarına baxdım. Adları bir-bir oxumağa başladım. Bir, iki üç, dörd, beş altı...adları oxuyan kimi gördüm ki, bacımın adı ordadır. Uşaqlığımla bacımın adı yadımda idi. Soruşdum ki, "bu kimdir?" Dedi ki, "bunun işi çox ürəkağrıdıcıdır, onun bir bacısı var, adı Aliyədir". Ürəyim ayağımın altına düşdü. Dedim ki, bilirsən, mənim adım Aliyədir... Məktub yazdıq, şəkil göndərdik. Məktub gələndə zərfdə bacımın şəkli var idi. Şəkil çox da aydın görünmürdü, lakin onun sürəti mənə o qədər yaxın gəldi ki, dedim ki, "bu mənim bacımdır". Evimiz, əmimizin adı, hamısı düz gəlirdi. Bacım gəldikdən sonra uşaq evində bir sevinc, göz yaşları, bir həyəcan var idi ki... Beləcə, bacımı köçürdülər mənim qaldığım uşaq evinə və bacıma qovuşdum. Daha ayrılmadıq, onu məndən ancaq ölüm ayırdı, 74 yaşında...

- Azərbaycan rəqs mədəniyyətində özünəməxsus yeriniz var. Amma xalq artisti adı almamısız. Bu sizi incitmir?

- Deyir, "İncimək olmaz elin adətindən" (gülür). Nə bilim, vallah. Tamaşaçılar, xalq məni sevir, bu mənim üçün xalq artisti adıdır. 

"Mədəniyyət Nazirliyi bizi görmür... "

- Bəs nə etməlisiz ki, xalq artisti adını ala biləsiz?

- İndi 75 yaşımda yalnız müsahibələr verə, xatirələrim barədə kitablar yaza bilərəm. Xalq artisti adına layiq görmək üçün gərək Mədəniyyət Nazirliyi bizi görəydi. 

- Bu barədə müraciət etmisiz?

- Biz sovet adamıyıq. Heç vaxt demirik, mən layiqəm, mənə verin. Bizim dilimiz gəlmir. Biz istəyirik ki, bizi görüb, qiymətləndirsinlər. (Sovet dönəmində aldığı fəxri fərman və diplomları göstərir). 50 il fasiləsiz mədəniyyət sahəsində çalışmışam, 25 il Azərbaycan Dövlət Mahnı və Rəqs ansambılı ilə dünyanı gəzmişəm. 

"Dövlət verən pulla yaşasaydım, çoxdan ölmüşdüm"

- Bəs dolanışığınız necədir? Dövlət tərəfindən dəstək varmı?

- Əgər dövlət verən pulla yaşasaydım, mən çoxdan ölmüşdüm. Bu qədər iş görən insana prezident təqaüdü layiqdir. Amma mən bu təqaüdü almıram. 200-300 manatla indi dolanmaq olmur axı. Mən yaşlı adamam.

- Əməkdar artist adına görə nə qədər məvacib alırsız?

- 60 manat. 220 manat isə təqaüddür. Amma mənim gözəl oğlum, ailə üzvlərim var. Oğlum neft sahəsini əla bitirib, bu saat baş menecer vəzifəsində işləyir. Onu oğlu da neftçidir. Bu saat oğlum məni saxlayır. 

- Xarici səfərləriniz çox olub. Onların arasında ən yaddaqalanı, maraqlısı hansıdır?

- Xarici səfərlər, ölkələr mənim həyatım olub. Demək olar ki, həyatım çarxların üstündə keçib... Avropa, Asiya, Afrika, SSRİ-nin bütün respublikalarında olmuşam. Soyuğa, istiyə baxmırdıq. 50 dərəcə istidə Türkmənistana, Özbəkistana göndərirdilər. 

- Savaş ərəfəsində "efirlərdən rəqslər, əyləncəli verilişlər yığışdırılsın" deyə fikirlər səsləndi. Siz necə düşünürsüz? 

- Əlbəttə, igidlərimiz vuruşan zaman bu cür verilişlər yığışdırılmalıdır. Mən də olayları həmin vaxt həyəcanla televizordan izləyirdim. Hətta əsgərlərimizə şeir də yazdım. Özüm müharibə uşağıyam. Deyirəm ki, qoy müharibə olmasın, uşaqlarımız rahat yaşasın. Amma bədnam düşmən üzərimizə gələndə neyləməliyik?! (Əsgərlərə həsr etdiyi şeiri oxuyur).

- Qartal tək qanad çal, igid əsgərim
Düşmənin qəlbinə od vur, əsgərim!
Əzabdan illərlə yatan torpağa,
İşıqlı günəş ver, can ver, əsgərim,
Azərbaycan torpağına sadiq əsgərim!

- Tələbələrinizdən biri də rəqqasə Fatimədir. Onun hazırki fəaliyyəti sizi qane edirmi?

"Toylara Gürcüstandan və digər ölkələrdən niyə rəqqasələr çağırsınlar ki, elə özümüzünkü olsun"

- Çox qabiliyyətli, istedadlı qızdır. Mən bildiyim bütün rəqsləri ona öyrətmişəm. İndi fəaliyyətini bir qədər genişləndirib. Yəni toylarımızı da öz gözəl rəqsləri ilə bəzəyir. O, çalışır, oturmur. İndiki zamanda ona ancaq müsbət baxa bilərəm. Biz zamanımızda toya getməmişik. Qastrollarımiz, məşqlərimiz var idi. Bir də plan var di, ona əsasən ayda 16 konsert verməli idik. Bunlar isə müstəqildirlər. İstəyir ki, həyatı yaxşı olsun... Gürcüstandan və digər ölkələrdən niyə rəqqasələr çağırsınlar ki... elə özümüzünkü  olsun. Əgər milli geyimdə "Vağzalı"nı oynayırsa, bunun nəyi pisdir?

- Amma rəqqasə Fatimə daha çox hind rəqslərinə meyillidir.

- Mən də bu rəqslərə meyilli olmuşam. Hərəkətləri mən öyrətmişəm. Lakin o, özü özünü inkişaf etdirib... Sovet dönəmində bir dəfə filarmoniyaya 16 nəfər hindistanli gəlmişdi. Mən də hind rəqsi oynadım. Onu ifa edəndə hindlilər dedilər ki, "ola bilməz, bu qız hindlidir, azərbaycanlı deyil". Dedilər ki, səhnə arxasında o qızı görmək istəyirik. Mənə də dedilər ki, "geyimini dəyişmə səni görməyə gələcəklər". 15 hindli işçilərlə bərabər gəldilər və mənimlə ingiliscə danışmağa başladılar. Mən də ingiliscə bilmədiyimi dedim, mat qaldılar. Dedilər, "bəs bu cür gözəl rəqs etməyi haradan öyrənmisən?". Bildirdim ki, bizim xalqımız hind rəqslərini sevir. 

"Oksana özfəaliyyətdən gəlib" 

- Hazırda rəqqasə Oksana da hind rəqsləri ilə məşhurdur.

- Hə, o, özfəaliyyətdən gəlib, xüsusi məktəb keçməyib. 

- Ustad gözü ilə baxanda hansı daha peşəkardır  - Oksana,  yoxsa Fatimə?

- Oksanaya da hörmətim var, çünki maraqlanır, o rəqsləri sevir, ifa edir. Amma bir rəqslə kifayətlənmək mümkün deyil həyatda. Fatimə isə həm hind, özbək, həm də Azərbaycan rəqslərini oynayır. Bunu qiymətləndirmək lazımdır. 

- Aliyə xanım, sizcə, fiziki sağlam qalmaq üçün gündəlik olaraq rəqs etmək, yoxsa idmanla məşğul olmaq lazımdır?

- İdmanla məşğul olanda əzələlər kobud olur. Mənim aləmində rəqs hərəkətləri qadını daha incə edir.

- Elza Seyidcahan bu günlərdə belə bir şeir yazmışdı, "Qadın bir şey istəyir". Sizcə qadınlar nə istəyir? 

- Qadınlar cürbəcürdür. Biri var-dövlət, kimisi  gözəl ailə, kimisi isə gözəl sənət sahibi olmaq istəyir, ailə ilə bərabər. Onu dəqiq demək olmaz ki, qadınlar ancaq bunu istəyir. Qadın gözəllikdir, incəlikdir, zəriflikdir, ədəbiyyatdır. Bütün yazıçılar qadın gözəlliyi haqqında yazır. Ona görə də qadın özünü zərif, gözəl və incə saxlamalıdır və yerini, danışığını bilməlidir. 

- Yəni siyasətçi olmalıdır.

- Mütləq.

- Bəs, ümumiyyətlə, siyasəti izləyirsinizmi?

- Mən bütün xəbərlərə mütləq qulaq asıram. Amma mən rəqqasəyəm. Gərək hər sənətin yaxşısı olasan... 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Əməkdar artist: ''Bizi Bakıya ayaqyalın, başıaçıq gətirdilər''

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.