Ölkə

Avtobuslarda taxoqraf nə vaxt olacaq?

4 May 2016 21:18
0 Şərh     Baxış: 4 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabinetinin təxminən iki həftə öncə verdiyi qərara əsasən, 2016-cı il 1 iyul tarixindən başlayaraq mikroavtobuslar da daxil olmaqla Azərbaycanda şəhərlərarası sərnişin daşıyan bütün avtobuslar və 3,5 tondan artıq yük daşıya bilən bütün avtomobillər rəqəmsal taxoqraflarla təchiz edilməlidir.

Bununla bağlı Milli.Az-ın sorğusunu cavablandıran Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı bildirib ki, hələlik taxoqraf məsələsi həll olunmayıb:

"Qərar çıxmazdan öncə də bəzi avtobuslarda, xüsusən də beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobuslarda taxoqraflar vardı. Amma təbii ki, hamısında yox idi və həm də köhnə formadadırlar. Yəni son texnologiyalar deyil. Ona görə də tələb budur ki, bütün avtobuslarda yeni taxoqraflar olmalıdır. Amma hələlik bununla bağlı yenilik yoxdur. Qərar hələ təzə çıxıb. Bunun üçün hələ taxoqrafların sifarişi və alınması məsələləri həll edilməlidir. Daha sonra onların quraşdırılması məsələləri öz həllini tapacaq. Düşünürəm ki, bu məsələlər yaxın günlərdə öz həllini tapacaq".

Qeyd edək ki, yük avtomobillərində və avtobuslarda rəqəmsal taxoqrafların quraşdırılmasında da məqsəd sürücülərin nə qədər işlədiyinə və istirahət rejiminə nəzarəti təmin etmək, onların yorğun olmamasını, sükan arxasında yuxulamamasını, normal istirahət edə bilməsini, aqressivləşməməsini, yola və avtomobilə tam nəzarət edə bilməsini təmin etməkdir.

Xatırladaq ki, elektron cihaz olan taxoqrafın iş prinsipi belədir ki, sürücü xüsusi kartı aparata daxil edir. Bundan sonra işə düşən taxoqraf sürücünün neçə km məsafə qət etdiyini və neçə saat işləməsi haqqında məlumatları özündə saxlayır. Yəni nəqliyyat vasitəsi hərəkətdə olanda həmin müddət iş saatı kimi cihazın yaddaşına yazılır. Bu məlumatlar həm də mərkəzi informasiya bazasında əks olunaraq toplanacaq.

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.