Ölkə

Şəhid pilotun son zəngi: "Toya gedirəm" - FOTO

4 May 2016 14:28
15 Şərh     Baxış: 5 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həmişə deyirdi ki, hərbçiyəm, uçub gedirəm, bir gün gedəcəm, qayıtmayacam. Elə də etdi, uçdu getdi, qayıtmadı..." - bunu şəhid pilot Təbriz Musazadənin anası Tovuz Musayeva deyib.

Milli.Az ann.az-a istinadən şəhid mayor Təbriz Musazadənin evindən hazırladığı reportajı təqdim edir.

Material Təbriz Musazadənin atası Tariyel Musayev, anası Tovuz Musayeva, xanımı Pərişan Musazadə, bibisi qızıl Şəhla Hümbətova və xalasının həyat yoldaşı ehtiyatda olan polkovnik Kamal Hacıyevin dedikləri əsasında hazırlanıb.
 
Şəhid pilot, mayor Təbriz Musazadə aprelin 2-sində cəbhədə baş verən döyüşlər zamanı helikopterini idarə edərkən erməni silahlı qüvvələri tərəfindən vurulub. Nəticədə  pilot Musazadə və içərisində 2 ekipaj üzvü olan (Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılov) helikopter düşmən səngərinin üzərinə çırpılaraq partlayıb. Hadisənin aprelin 2-də baş verməsinə baxmayaraq, qarşı tərəf şəhid pilotların nəşini aprelin 10-da Azərbaycan tərəfinə təhvil verib. Qəhrəman pilotlar aprelin 11-i ll Fəxri xiyabanda dəfn olunublar.

Şəhid pilot Təbriz Musazadənin ailəsi danışır:

"Axırıncı dəfə aprelin birində Təbrizlə danışdım"

Anası Tovuz Musayeva: "Martın 31-i həyat yoldaşı ilə danışdı, deyib ki, paltarlarımı hazırla, gəlib götürəcəklər. Mənimlə danışanda dedi, toya gedəcəm. Yoldaşı da onun paltar çantasını yığdı, elə həmin gün 3 hərbçi yoldaşı gəlib apardılar. Axırıncı dəfə aprelin 1-i, günorta radələrində Təbrizlə danışdım. Dedi, toya gedəcəm. Mən də elə bildim toya gedib qayıdacaq Qaladakı iş yerinə. Təbriz özü dedi ki, narahat olmayın, yaxşıyam, hər şey də yaxşıdır. Bir ana kimi mən də çox qorxurdum. Çox irəliyə getmə deyirdim, deyirdi ki, ay ana, indiyə qədər arxamda durmusuz, indi niyə belə söhbətlər edirsiz? Deyirdim, qorxuram, ay bala. Həmişə özünə arxayın idi".

"Cəbhəyə gedəndə zəng edib deyirdi ki, döyüş əmrini yerinə yetir, paltarlarımı yığ"

Xanımı Pərişan Musazadə: Aprelin 2-si səhər saat 6-da mesaj yazmışdı. Təxminən saat 8 idi, zəng elədim, cavab vermədi, telefonu bağlı idi. Bir-iki saatdan sonra özü zəng vurdu. Dedim, çox narahatam, necədir vəziyyət? Dedi, narahat olma, hər şey yaxşıdır. Cəbhəyə gedəcəyini bilirdim. Sadəcə əksər vaxt cəbhəyə gedəndə valideynlərinə heç nə demirdi. Tək mən bilirdim. Özü də həmişə deyirdi ki, cəbhəyə getməsini heç kimə deməyim. İstəmirdi, evdəkilər narahat olsun. Buna görə də hər dəfə deyirdi ki, ya işdə qalıb, ya da nəsə işi çıxıb, evə gələ bilməyib. Paltarını yığmağımı  tapşıranda yenə zəng vurdu. Həmişə cəbhəyə və ya təlimə gedəndə zəng edib deyirdi ki, döyüş əmrini yerinə yetir, mənim paltarlarımı yığ (gözləri dolur)...  Yenə zəng vurub dedi ki, sənə döyüş əmri verirəm. Paltarlarımı yığ, tələbələrim gəlib götürəcəklər. Ona görə də cəbhəyə gedəcəyini bilirdim. Ümumiyyətlə, cəbhəyə gedəndə zarafatyana deyirdi ki, toya gedirik. Bu dəfə gedəndə də dedi ki, hamı bilsin, toya gedirik. Buna görə də evdəkilərdə məndən soruşanda, dedim, toya gedib. Mütəmadi olaraq Təbrizlə əlaqə saxlayırdım. Axırıncı dəfə aprelin 2-si saat 10:26-da əlaqə saxlaya bildim. Ondan sonra 10:38-də zəng vurub, amma mənə zəng çatmayıb. (rəhmətə gedəndən 4-5 gün sonra bu mənə mesaj şəklində gəlib çatmışdı)" - deyə xanımı əlavə edir.

"Uşaqları ona hərbi salam verməsə, salamlarını almırdı"

Anası Tovuz Musayeva: "Orta məktəbdə 8-ci sinifdə oxuyanda sinif rəhbəri deyirdi ki, Təbrizinki ancaq hərbdir. Bu uşaq çox intizamlıdır. Buna başqa peşə yaraşmaz. Qoy getsin hərbçi olsun. Özü də istəyirdi. Deyirdi ki, gedək imtahan verim, oxuyum. Elə 8-ci sinifdə getdi imtahan verdi, Naxçıvanski adına hərbi liseyə qəbul oldu. Sonra da getdi akademiyada oxudu. Bir-iki ildən sonra orada ixtisas bölümü olur. Təbriz də hərbi hava qüvvələrini seçib pilot oldu. Təbrizimin özü evdə də qəhrəman idi, çöldə də. Təbrizin uşaqları da vətənpərvərdilər. Evə gələndə uşaqlar ona hərbi salam verməsələr, salamlarını almırdı. Onları da öyrəşdirmişdi.
 
"Atam kimi pilot olacam" - Onur Musazadə

Təbrizin oğlu Onur da atası kimi pilot olmaq istəyir.

- Atanın sənətini davam etdirəcəksən?

- Hə... Mən də atam kimi pilot olacam. (qaş-qabaqlı şəkildə cavab verir)

Pərişan Musazadə oğlu Onurun dediklərini təsdiqləyib əlavə edir: "Onur atasının çantasını çiyninə atıb, həmişə deyirdi ki, mən də atam kimi pilot olacam".

Böyük oğlum Tayfun "Facebook" səhifəsində atasının şəklini qoyub yazıb: "Ata, gec-tez sənin intiqamını alacam, o zaman deyəcəm  ki, Vətən sağ olsun. İndi hələ Vətən sağ olsun deyə bilmərəm". Atası haqqında "facebook"da yazdığı statuslar çoxdur:
 
Şəhla xanım: "Onur deyir ki, atam mənə oxşayır. Ancaq uşaqlıq şəkilləri böyük qardaşım Tayfuna oxşayır".
 
 "Təbrizin o səsi hələ də beynimdən silinmir"

Xanımı: "Təbrizi hələ orta məktəb vaxtından tanıyırdım. Sinif yoldaşımın xalası oğlu idi. Sinif yoldaşım sayəsində tanış olmuşdum. Ailə həyatı qurandan sonra da heç vaxt düşünmədim ki, hərbçi ilə ailə həyatı qurmaq çətindir, ya nə bilim, belə şəraitə uyğunlaşa bilmərəm. Belə şeylər olmayıb. İki oğlumuz var. Tayfun 10 yaşında, Onur 8 yaşındadır. Uşaqlar barəsində çox diqqətli idi. Hərbçi olsunlar demirdi. Gələcəkdə hansı sənət seçəcəklərini uşaqların öz öhdəsinə buraxmışdı.  Hərbçi idi, bəzən arada gedirdi, bir-iki həftə gəlmirdi. Amma adətən evdə olurdu. Axşam gec də olsa evinə mütləq gələrdi. Təlimə gedəndə də 4-5 gündən sonra qayıdıb gəlirdi. Sonuncu dəfə helikopterdə olanda mənə səsli mesaj göndərmişdi. Həmin vaxtı evdə qonaqlar var idi. Soruşurdum ki, nə vaxt gəlirsən evə? Göydə uça-uça mesaj göndərmişdi ki, mən uçuşdayam. Qonaqların getdimi? Yoxsa evdədilərmi? Sonra da səs yolladı ki, hazırda uçuşdayam, özüm sənə zəng vuracam. Təbrizin o səsi hələ də beynimdən silinmir... 

"Azərbaycanın loru dillə desək, qaymaq sayılacaq 4 pilotu var idisə, onlardan ikisi Təbrizlə Urfan idi", - deyə P.Musazadə bildirib.  

"Rəhmətə gedəndən sonra yuxuda gördüm ki, gəliblər. Təbrizin həlak olandan sonra şəkillərinə saytlardan baxmışdım. Yuxuda gördüm ki, ayaqlarının yaraları tikilib, soruşdum ki, bunun ağrısına necə dözürsən? Baxıb dedi, bu ağrıdır ki? Bu heç nədir. Sən buna ağrı deyirsən?"
 
"Həmişə deyirdi, şərəfli ölüm yaxşıdır"

"Həmişə deyirdi ki, peşəmi bilirsən də nədir, gedişim var, dönüşüm olmaya bilər. Ona görə deyirdi ki, qapına gələcək hərbçilər sənə həmişə nakam gözlə baxacaqlar,  sinələrindən yapışacaqsan, suallarına cavab verə bilməyəcəklər, bax o hərbçilərə həmişə hazır ol (ağlayır...). O baxışlara hazır ol. Bir də deyirdi ki, nə vaxtsa mənim ölüm xəbərim gəlsə sənə, heç vaxt mənim tabutum qabağında ağlama. Buna görə də ağlamadım... Deyirdi, ağlama,  iş yoldaşlarım, tələbələrim görsünlər ki, qürurlu, dik durmaq necə şeydir. Həmişə deyirdi ki, şərəfli ölüm yaxşıdır. Qoy desinlər ki, məndən geriyə nəsə qalıb.
 
"Əsas nigarançılığım o idi, o da getdi"

Təbriz dünyasını dəyişənə qədər ən böyük nigarançılığım o idi. Hər səhər saat 6-da gedəndə, deyirdim uğur olsun. Elə bilirdim, belə deyəndə hər şey yaxşı olacaq...(ağlayır) Hər zəngində deyirdim, Təbriz, ehtiyatlı ol. Əsas nigarançılığım o idi, o da getdi"  
 
"Deyilənlərə görə, ön xətdən 24 kilometr içəri keçiblər"

Atası Tariyel Musazadə: "Təbrizin şəklini görüb danışa bilmirəm. Danışacaq nəsə qaldı ki? İş yoldaşları danışırdılar ki, Təbriz üç dəfə o tərəfə gedib. Birinci dəfə gedib gələndən sonra deyiblər ki, gedək günorta yeməyini yeyək, sonra yenə qayıdarıq. İkinci dəfə gedəndə helikopter nasaz olub, qayıdıblar. Təbriz özü deyib ki, başqa vertolyotla özüm gedəcəm. Hətta iş yoldaşları ilə mübahisələri də olub ki, o, qabaqda getməsin. Təbriz deyib ki, o yolu getmişəm, yaxşı tanıyıram. Mən qabaqda gedim, siz arxamca gələrsiz. Vurulan anda da görüblər ki, vəziyyət pisdir, o isə vertolyotu sürüb erməni postunun üstünə. Deyilənlərə görə, ön xətdən 24 kilometr içəri keçiblər.   
 

"Təbriz helikopteri ermənilərin üstünə çırpıb"

Təbrizin bibisi qızı, vəkil Şəhla Hümbətova: "Təbrizin son döyüşü barədə rəsmi məlumat yoxdur. Bildiyimiz budur ki, bir-iki dəfə gedib, bombalayıb qayıdıblar. Üçüncü dəfə gedəndə çox yaxına gediblər, görüblər ki, vurulacaqlar, Təbriz də helikopteri onların üstünə çırpıb. Yəqin neytral zonaya özü salmayıb, fikirləşib ki, mən ölürəmsə, qoy bu ermənilər də ölsünlər".
 
"Qəfildən erməni postunun üstünə çıxıblar"

Kamal Hacıyev - Təbrizin xalasının həyat yoldaşı, ehtiyatda olan polkovnik: "Təpəliyin arxasında ermənilərin iki-üç postu var imiş. Ermənilərin postunun arxasına keçmək istəyəndə, tində onların postu olub. Bunlar birdən-birə postun üstünə çıxıblar. Orada ermənilər vertolyotun qabağını vurublar. Amma ola bilsin, vurulandan sonra  onlar qayıdıb neytral zonaya düşə bilərdilər. Ancaq Təbrizgil qayıtmayıblar, düz postun üstünə sürüblər. Vertolyot erməni postunun 3 metrliliyinə düşüb".
 
"Gözlədiyimiz 8 gün ərzində elə bilirdik sağdılar"

Şəhla xanım: "Təbrizgilin nəşi 8 gün sonra gətirildi. Müdafiə Nazirliyinə, Qırmızı Xaç Komitəsinə müraciət etsək də, cavab yox idi. Həmin vaxt ərzində biz düşünürdük ki, bizimkilər yaralanıblar, hardasa olsa evə gələcəklər. Aprelin 10-u bildik ki, rəhmətə gediblər. Həmin ərəfələrdə internetdə ermənilərin yazdıqları xəbərləri çox oxuyurdum. Ara Xaçaturyan adlı bir erməni var, özü Nyu-Yorkda yaşayır. Bu şəxs hər bir şəhidi ayrı-ayrı araşdırır. Harada doğulub, doğum tarixi, şəkilinə kimi bizim şəhidlərimizin siyahısını tərtib edib. Onun özü Azərbaycanda doğulub, bizim dili də bilir. Şəhid olan hərbçilərimiz haqqında məlumat topladıqdan sonra öz facebook səhifəsində yazırdı ki, bu da nömrə on altı, on yeddi və s. nömrələyib şəhidlərin siyahısını düzəldirdi. Ermənilərin forumlarını belə oxuyurdum, Təbrizgilin helikotperi vurulandan sonra onlar yazırdılar ki, azərbaycanlıların bizdə dəyişmək üçün dəyərli bir şeyləri var. Biz bunu yaxşı istifadə edə bilərik. Ermənilər öz meyitlərini götürməkdə maraqlı deyildilər, bəlkə də ola bilsin, Təbrizgilin nəşini ona görə gec verdilər. Biz gözlədiyimiz bu 8 gün ərazində inanırdıq ki, onlar hələ sağdılar.
 
"Vurulan an Təbriz arxadakı helikopterlərə deyib: "Vurulduq, qayıdın arxaya""
 
Anası: "Təbriz harasa sağ düşsəydi, ordan elə çıxıb gələrdi ki, heç onların ruhu belə inciməzdi. Uşaq vaxtından heç bir şeydən qorxmazdı. İstəyir, lap ayağı qırılsın, hər şeyə adi baxırdı ki, nə olsun düzələcək. Yıxılıb-edəndə gəlib əzizləyirdim ki, başı qarışsın. Deyirdi ki, ay ana, sən belə edəndə, daha çox ağrıyıram. Ona görə də bilirdim ki, əgər sağ qalıblarsa, hər nə cür olsa da oradan çıxıb gələcək. Ölümdən heç vaxt qorxmurdu, deyirdi, hamımız öləcəyik də, bu qadınlar niyə ağlayırlar bu qədər. Həmişə deyirdi ki, hərbçiyəm, uçub gedirəm, bir gün uçub gedəcəm, qayıtmayacam. Elə də etdi, uçdu getdi, qayıtmadı... (gözləri dolur). Deyirlər ki, Təbrizin vertortolyu vurulanda arxadakı 2 helikopterə deyib: "Biz vurulduq, qayıdın arxaya". Təbriz özü yoldaşlarına xəbərdarlıq edib.    
 
Anasının sözlərinə görə, Təbrizin təqaüdə çıxmasına 3 il qalıbmış...
 
Vəkil Şəhla: "Bilirsiz, necədir, Təbrizdən heç vaxt eşitməmişdim ki, desin, filan vaxtı pensiyaya çıxmaq istəyirəm. O ancaq deyirdi ki, müharibə olsun, torpaqları alaq".
 
"Milli qəhrəman adı verilməsini gözləyirik"

Anası: "Təbrizə Milli Qəhrəman adının verilməsini gözləyirdik. O özünü, sinəsini qorxmadan düşmənin qabağına verib, şəhid oldu. Ölümündən belə qorxmadı. Balam qəhrəman idi, getdi öz qəhrəmanlığını da göstərdi. Buna görə də layiq olduğu Milli Qəhrəman adı verilməlidir. Təbriz buna layiqdir".  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.