Ölkə

Paytaxt "bezrazmer" olub: Bir azdan ölkədə əkməyə yer tapılmayacaq

30 Aprel 2016 16:25
4 Şərh     Baxış: 2 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda torpaqdan səmərəli istifadəyə və şəhərsalma məsələlərinə daha ciddi diqqət yetirilməli, qaydalar sərtləşməlidir.

Bunu Milli.Az-a açıqlamasında daşınmaz əmlak məsələləri üzrə iqtisadçı-ekspert Rəşad Əliyev deyib.

Ekspertin sözlərinə görə, dünyanın digər iri şəhərlərinə nisbətən Bakıda torpaqdan səmərəli istifadə olunmur, şəhərsalma düzgün aparılmır: "Bakı Şəhər Statistika İdarəsinin məlumatına əsasən, Bakı şəhərinin ərazisi 2,14 min kv.km-dir. Paytaxtımızı dünyanın digər şəhərləri ilə müqayisə etsək, görərik ki, məsələn, Sinqapurun sahəsi 0,72 min kv.km., Honqkonqun sahəsi 1,1 min kv.km., Moskvanın ərazisi isə 2,5 min kv.km.-dir. Hamısında da əhali Bakıdan xeyli çoxdur - 2, 3 hətta 5 dəfəyə kimi. Yayılan məlumata görə, Böyük Bakının İnkişaf Planına əsasən, paytaxta bundan sonra da əlavə ərazilər birləşdirmək, şəhərin ərazisini bir az da genişlənmək istəyirlər.

Fikrimcə, Baş Planda müəyyən iqtisadi reallıqlar nəzərə alınmalıdır. Çünki iqtisadiyyatda mərkəzdənqaçma siyasəti yürüdüldükcə rayonların, region mərkəzlərinin inkişafına daha çox diqqət yetirmək lazımdır. Lakin Bakıda gedən dəyişiklikləri gördükcə, bunun əksini düşünməli olursan. Bizdə elə bil ölkədə Bakıdan başqa yer yoxdur. Məsələn, qeyd edilir ki, mikrorayonlarda köhnə binalar sökülüb yeniləri tikiləcək, bundan başqa da müəyyən ərazilər var ki, məsələn, Bayıl, Xutor tərəflərdə söküntü işləri getməli, yeni binalar tikilməlidir. Elə təəssürat yaranır ki, regionlarda 3-4 milyon əhali yaşayır, onun da yarısını Bakıya gətirmək istəyirlər. Yəni qeyri-müəyyənlik çoxdur".

İqtisadçının fikrincə, torpaqların təyinatı üzrə düzgün istifadə edilməməsi dövlət üçün acı nəticələrə gətirib çıxara bilər: "İnkişaf strategiyasında nəzərə alınır ki, paytaxtın sahəsi filan qədərdir. Bundan da çıxış edərək tədbirlər görülməlidir. Amma elə bir ucdan şəhəri enlədə-enlədə gedirlər. Bu da əvvəl-axır gedib hardasa dirənməlidir. Elə sahələr var ki, Bakının ərazisi sayılır, amma boşdur və istifadəsiz qalıb. Məsələn, Qaradağ rayonunu götürsək, görərik ki, onun ərazisinin yarıdan çoxu boş qalıb. Əksinə, Bakıda nə qədər kəndlər var ki, orada kənd təsərrüfatı üçün yararlı torpaqları yaşayış sahəsinə çeviriblər.

Əgər torpaq kənd təsərrüfatı təyinatlıdırsa, orada yaşayış binası tikmək düzgün deyil. Bakıda elə yerlər ki, torpaq sənədlə kənd təsərrüfatı təyinatlıdır, amma onu alırlar ki, orada bina tiksinlər. Maraqlısı budur ki, hansısa yolla buna nail də olurlar. Belə hallara yol verilməməlidir. Bir azdan ölkədə əkməyə yer tapılmayacaq. Ona görə də Azərbaycanda şəhərsalma siyasətini sərtləşdirmək lazımdır. Cəmi bir neçə il bundan əvvəl rayonlarda əkin əkilən, mal otarılan, kənd təsərrüfatı üçün istifadə edilən torpaqlarda artıq yaşayış evləri tikiblər. Əksinə, yaşayış üçün istifadə edilməli olan torpaqlar isə boş qalıb. Artıq kəndlərdə 20-30 sotluq ərazidə ev tikirlər. Gələcəkdə buna yol vermək olmaz. Torpaqdan elə istifadə olunmalıdır ki, onun iqtisadi səmərəsi olsun".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.