Ölkə

Metroda subasma müəmması: Nə şapdadır, nə şupda...

29 Aprel 2016 13:41
1 Şərh     Baxış: 2 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, aprelin 28-də Bakıda güclü yağışdan sonra sosial şəbəkələrdə və KİV-lərdə metronun yenicə açılışı olmuş "Avtovağzal" stansiyasında subasmanın baş verməsinə dair xəbərlər yayıldı.

Məsələn, yazıçı-dramaturq Firuz Mustafa öz "Facebook" səhifəsində paylaşdığı statusunda yazıb ki, stansiyanın Biləcəri qəsəbəsinə çıxışı birbaşa küçəyə, maşınların nərilti ilə ötüb keçdiyi çarpaz yola açılır: "Di gəl ki, küçənin bu tayından o biri tayına rahat, təhlükəsiz keçmək üçün "ağ zolaqların" çəkilməsi unudulub. Gec-tez burada qəzalar olacaq. Stansiya çıxışından Biləcəriyə gedən küçə ümumi yolun səviyyəsindən xeyli aşağıdır. Yəni çuxurdur. Üstəlik, burada lyuk da qoyulmayıb".

Onun sözlərinə görə, aprelin 28-də ötəri yağışdan sonra həmin "çuxur-küçə" az qala bir metr dərinlikdə yağış suyu ilə dolubmuş: "Adamlar məcbur olub başqa "marşrut" seçməli oldular.

Bizdə çox vaxt nədənsə işlər bu cür - yarımçıq görülür".

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə yazıçının statusuna yazdığı şərhdə bildirib ki, onların işi stansiya tikmək, tikildikdən sonra onun ərazisi daxilində stansiyaya qulluq etmək və sərnişin daşımaqdır. Daha şəhər infrastrukturunu düzəltmək deyil: "Biləcəri istiqamətindəki çıxışın qarşısındakı yolda nizamlama işlərinin aparılmasını, yəqin ki, bizdən gözləmirsiniz. Eyni zamanda, həmin istiqamətdə yolda təmir işləri aparmaq, lyuk qoymaq da bizim işimiz deyil. Dünən baş verən yağışdan sonra həm Biləcəri istiqamətindəki çıxışın qarşısındakı yolda, eyni zamanda Bakı Beynəlxalq avtovağzalına açılan çıxışın qarşısındakı meydançada gölməçələr meydana gəlmişdi".

Milli.Az-a açıqlamasında da Nəsimi Paşayev qeyd edib ki, "Avtovağzal" stansiyasını tiksələr də, ərazi olaraq sadəcə stansiyanın daxili onların balansındadır: "Dünən axşam saatlarında yağan güclü yağış stansiyanın Beynəlxalq Avtovağzala olan iki çıxışının qarşısında gölməçələr yaratdığından sərnişinlərin stansiyaya daxil olmasında çətinliklər meydana gəlib. Amma bunun günahını metropolitendə axtarmaq düzgün deyil. Biz Beynəlxalq Avtovağzalın ərazisinə görə, ərazidə, yolda dayanan nəqliyyat vasitələrinin yerində yaranan gölməçələrə, çuxurlara görə cavabdeh deyilik. Biz metro stansiyasına xidmət göstəririk. Stansiyanın daxilində isə heç bir subasma baş verməyib".

Onda sual olunur: metronun girişi qarşısında süni su meydançası hansı səbəbdən və kimin günahı ucbatından yaranıb?

Problemlə Milli.Az-ın sorğusunu cavablandıran "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, məsələnin onlara ümumiyyətlə aidiyyatı yoxdur: "Çünki "Azərsu" ərazidə aparılan inşaat işlərində iştirak etməyib. Bizim orada şəbəkəmiz yoxdur. Yağış sularının axması üçün drenaj sistemini də inşaat işlərini aparanlar qurmalı idilər".

Məsələ ilə bağlı "Azəravtoyol" ASC-nin də mövqeyini öyrəndik. Qurumun İstismar İdarəsinin rəis müavini Hidayət Rüstəmov Milli.Az-a bildirib ki, düzdür, ərazidə suyun yığıldığı yer var, amma orada su metroya sıza bilməz: "Əvvəla, metropoliten özü bildirir ki, onların heç bir problemi yoxdur, stansiyada subasma da olmayıb. Amma orada bir yer var ki, Biləcəriyə tərəf körpünün altında həqiqətən də su yığılıb qalır. İndi fikirləşirik ki, onu hara birləşdirmək olar. Ümumiyyətlə, həmin ərazidə su-kanalizasiya sistemi çox zəifdir. Yağış-drenaj sistemi ümumiyyətlə yoxdur, məişət kanalizasiya sistemi də çox gərgin işləyir. İndi gərək "Azərsu" ilə birlikdə fikirləşək görək, onu hara birləşdirmək olar. Çalışacağıq ki, bu məsələni birgə həll edək. Amma bütün bunların metro ilə birbaşa heç bir əlaqəsi yoxdur".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.