Ölkə

Sakinlərin fəryadı: Bina dağılır...

26 Aprel 2016 14:39
0 Şərh     Baxış: 27 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri Nəsimi rayonu, Moskva prospekti 86 ünvanında yerləşən binanın bir qrup sakininin imzası ilə Milli.Az-a şikayət məktubu daxil olub.

Binada kommunal təsərrüfat sisteminin bərbad vəziyyətdə olmasından gileylənən sakinlərin sözlərinə görə, onları daha çox narahat edən məsələ kənar müdaxilələr nəticəsində binanın dağılmaq təhlükəsi qarşısında olmasıdır:

"Adıçəkilən bina 1966-cı ilin yanvarında istismara verilib və 50 ildən çoxdur ki, burada 36 ailə yaşayır. istismara verildikdən təxminən 20 il müddətində sakinlər normal həyat sürüb, istilik, qaz, işıq, su, kanalizasiya, isti su ilə təmin edilib. Bu dövrdə binanın mənzil və lift təsərrüfatı, digər mühəndis kommunikasiyaları, demək olar ki, normal vəziyyətdə işləyib. Sanrakı illərdə isə sakinlərin ağrı-acıları başlayıb, isti su, istilik, lift təsərrüfatı, digər kommunikasiyalar bərbad hala düşüb. Əsasən də 2000-ci ildən sonra binada acınacaqlı vəziyyət yaranıb. 2002-ci ilin fevral ayının Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bizim həyətə gəldi və dedi ki, 1-ci mikrorayon Bakı şəhərinin "Şimal qapısı"dır və mikrorayonda, eləcə də sizin yaşadığınız binada bütün məsələlər mənim nəzarətimdə olacaq və buranı nümunəvi mikrorayona çevirəcəm. Əfsuslar olsun ki, bunlar baş vermədi. Hal-hazırda binada istilik, lift təsərrüfatı yoxdur. Binanın bloku ümumiyyətlə işıqlanmır. Təmizliyə riayət olunmur. Zirzəmilər müxtəlif ailələr tərəfindən zəbt olunub, yanğın təhlükəsizliyi qorunmadan binanın 40 sm məsafəsində maşın qarajı tikilib. Əksər hallarda binanın istinad divarları sökülüb, zirzəmilərə qapılar açılıb. Liftin maşın bölməsi dəhşətli vəziyyətdədir. Məsələ o yerə çatıb ki, zibilin axdığı boru vasitəsilə zibilin yığıldığı 12 kv.m sahəsi olan otaq mənzil təsərrüfatı idarəsinin razılığı ilə 5 saylı mənzilin sahibi tərəfindən özəlləşdirilib.

Hal-hazırda daha dəhşətli vəziyyətlə üzləşmişik. Bu yaxınlarda binanın 1-ci mərtəbədə yerləşən 3 saylı mənzil kimsə tərəfindən alınıb və çölə qapı açılaraq orada kafe açılması üçün işlər görülür. Bu barədə əraziyə baxan mənzil istismar sahəsinə məlumat verdikdə bu boyda qanun pozuntusunun qarşılığında deyir ki, öz mənzilidir, özü bilər. Təbii ki, bu hadisə mənzil istismar sahəsinin və 19-cu polis bölməsinin razılığı olmadan aparıla bilməz. Vaxtilə burada qanunsuz qaraj tikilməsi, istinad divarlarının sökülməsi barədə Fövqəladə Hallar Nazirliyinə məlumat vermişik. Nümayəndələr gəldilər, lakin heç bir tədbir görmədilər".

Məktub eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, fövqəladə hallar naziri Kəmaləddin Heydərova, daxili işlər naziri Ramil Usubova və digər instansiyalara ünvanlanıb. Sakinlər qeyd olunanları nəzərə alaraq tədbir görülməsini xahiş edirlər.

Sakinlər həmçinin qeyd ediblər ki, 1-ci mikrorayon ərazisində qanunsuz tikintilər, çayxanalar, maşın yuma məntəqələri, qarajlar baş alıb gedir. Hər qanunsuz tikinti altından 50-100 ədəd 40-50 illik küknar, şam ağacları kəsilərək məhv edilir. Bu barədə şikayətlər edilsə də, baxılmayıb...

Pünhan Mirzə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.