Ölkə

"O qədər şükür elədim ki, ərimin soyadı Şükürov oldu"

4 Mart 2016 13:16
13 Şərh     Baxış: 5 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az tanınmış qarmon ifaçısı Gülbahar Şükürlünün teleqraf.com-a müsahibəsini təqdim edir:

- Gülbahar xanım,  son vaxtlar mətbuatda yayıldı ki, ağır xəstələnmisiniz. İndi necəsiniz, vəziyyət yaxşıdırmı?

- Mənə bir jurnalist zəng vurmuşdu. Dedi ki, sizinlə müsahibə eləmək istəyirəm. Mən də dedim, bir az soyuqlamışam, xəstəyəm, qalsın sonraya. Yəni müsahibə verməyə halım yoxdur. O da götürüb yazıb ki, Gülbahar xanım ağır xəstədir.  

Maşallah olsun, özümü əla hiss eləyirəm. Qarşıdan da Novruz bayramı gəlir, yeni ruhdayıq. 

- Yaradıcılığınızda yeniliklər varmı?

- Mən heç vaxt allahın yaratdığı fəsillərə pis deməmişəm. Tutaq ki, bu hava pisdir, bu yaxşıdır, söhbəti olmayıb məndə. Amma mən soyuq fəsildə heç nə eləmirəm. Yəni bu vaxt harasa getməyi xoşlamıram. Ən çox sevdiyim fəsil yazdır, bir də payız. Mənim bütün yaradıcılıq işlərim də bu fəsillərdə olur. Yəqin ki, üzümüzə gələn aylar yaradıcılığımda yeniliklər olacaq: mahnı yazdıracam, klip çəkdirəcəm. 

- Klip, mahnı işlərini kimlərlə görmək istəyirsiniz? 

- Hələ ki tam dəqiqləşdirməmişəm. Amma tez-tez fikirləşirəm ki, kliplərimi hansı rejissorlarla çəkim.  

- Hansısa rejissoru nəzərdə tutmamısınız?

- Bu haqda hələ ki tam heç nə deyə bilmərəm. 
 
- Gülbahar xanım, musiqi sizin üçün nədir? 

- Hərdən deyirlər musiqinin dili yoxdur. Yəni musiqi bütün xalqların, millətlərin, dillərin sərhədini aşıb keçir. Musiqi duyumu olan biri milliyyətindən, dilindən asılı olmayaraq onu başa düşür, yaşayır. Bunu da deyim ki, mən ifa elədiyim musiqinin sözlərini bilmirəm. Elə bil ki, musiqini yaddaşıma, ürəyimə, beynimə həkk eləmişəm. 

- Belə başa düşdüm ki, siz sözə görə musiqi ifa eləmirsiniz...

- Elə mahnı var ki, sözlərini bilirəm. Amma orası elədir, yəni sözə görə musiqi ifa eləmirəm.

- Qarmon sizə hansısa ağrını-acını unutdurub?

- Bir dəfə boğazım ağrıyırdı, hərarətim də qırx dərəcəydi. O halda toya getmişdim. Qarmonu ki əlimə götürüb ifaya başladım, onda boğazımın ağrısı yadımdan çıxdı. Sonra evə gələndə mənə dedilər ki, yaxşısan, axı bayaq halın pis idi? Onda yadıma düşdü ki, mən axı xəstəydim, qızdırmam vardı, boğazım ağrıyırdı. Bax belə bir şey...

- Bəs qarmon sizə nəyi xatırladır, yadınıza salır?

- Elə ki qarmonu əlimə alıram, birdən görürsən, anam gəlir, durur gözümün qarşısında. Məsələn, mənim anamın xoşladığı musiqilər olub ki, onları ifa eləyəndə gözlərim dolur. Onda deyirəm ki, kaş anam da bu musiqiləri eşidərdi. 
Əvvəllər mən ifa eləyəndə anam deyərdi ki, bax, bu musiqi qəşəngdir, xoşuma gəldi. Yəni qarmon məni həm də kövrəldir. 

- Əvvəllər şən, şux musiqilərə də, məsələn, "Güldəstə"yə müraciət eləyirdiniz. Elə bil, son vaxtlar ifalarınızda belə musiqilərə yer ayırmırsınız.

- Mən özüm çox həzin musiqilər sevən adamam. Lirikanı xoşlayıram. Məndən olsa, bütün çəkilişlərdə həzin mahnılar ifa eləyərəm. Özüm də romantik insanam, ona görə belə musiqiləri sevirəm. Amma çox vaxt mənə deyirlər ki, sən özün də şən insansan, şən musiqiləri daha yaxşı ifa eləyirsən. Çəkilişlərdə, adətən, oynaq manılar ifa edirəm. 

- İfa elədiyiniz musiqilərdən hansı sizi ağladıb?

- Xoşuma gələn musiqidirsə, ona canımı verərəm. Heç vaxt yadımdan çıxmaz. Bir dəfə səsyazma studiyasındaydım. Emin Sabitoğlunun "Əgər dənizə dönsən" musiqisini yazdırmağa getmişdim. Onu dinləyəndə ağlayıram. Mən o mahnını təzədən ikinci dəfə yazdırmışam. Yəni onun yolunda ürəyimi qoyuram.

- Sizin ifalarda yanıqlı bir ab-hava duyulur...

- Hə, elədir. Hətta mən muğam ifa eləyəndə gözümü aça bilmirəm. Təsəvvür elə ki, həmin an elə bil muğamı, lirikanı yaşayıram.  

- Bu, nəylə bağlıdır?

- Belə musiqilər ruhən mənə daha yaxındır. Bilirsiz, elə bil o an heç kimi görmək istəmirəm. Yalnız həmin musiqinin rəngini görürəm. 

- Bəs şən mahnılar necə?

- Şən mahnıları ifa eləyəndə gülürəm, adamlara baxıram, sevinirəm. Elə bil, həyat dolu adam oluram.

- Musiqilərinizdən istifadə üçün sizə xaricdən təklif gəlməyib?

- Açığı, Rusiyadan belə bir təklif olub. Demişdilər ki, film çəkirik, orda "Sən gəlməz oldun"u mənim ifamda vermək istəyirlər. 

- Filmin adı nə idi?

- "Sibir" olmalı idi. Həmin vaxt çox sevinmişdim. Amma açığı, sonra maraqlanmadım. 

- Axı dediniz sevinmişdim. Bəs niyə maraqlanmadınız?

- Həmin musiqinin müəllifi mərhum bəstəkarımız Ələkbər Tağıyevdir. Sifarişçilər onun oğlunu tapdılar. O da dedi ki, mən heç nə istəmirəm. Ondan sonra biz də dedik, oğlu istəmirsə, biz istəməyəcəyik ki?  

- Gülbahar xanım, sənət yolunda nələri itirib, nələri qazanmısınız?

- Allaha şükür ki, dövlətimizin mənə verdiyi respublikanın əməkdar artisti adını qazanmışam. Bu, mənim üçün unudulmaz hadisədir. Həmin vaxt evə gələndə sevindiyimdən ağlamışdım. İnanın ki, o gün evimizdə, elə bil, toy-bayram ab-havası vardı.

Həyat yoldaşım uğurlarıma məndən çox sevinir. Elə ki efirə çıxıram, məndən çox həyəcan keçirir. Yəni o ki mənə belə dayaq olur, mən də ona görə çox əziyyət çəkmirəm. Bəlkə, o, mənim sənətimi başa düşməsəydi, mənə də çətin olardı, sözümüz düz gəlməzdi. Yəni demək istəyirəm ki, sənətlə bağlı, allaha şükür, itirdiklərim yoxdur. 

- Həyat yoldaşınız necə adamdır?

- Sakit və təmkinlidir.  

- Bir dəfə demişdiniz ki "Sponsurum var, Ağ atlı oğlan, adı da Qarmon..."

-  Mənə bədahətən elə sözlər gəlir. O vaxt müsahibənin başlığına çıxarmışdılar ki, Gülbahar xanımın sponsuru ağ atlı oğlandır. Bunu da deyim ki, yoldaşım həmin qəzetlərdən, nə qədər alıb gətirmişdi evə. Mənə də dedi ki, bir də müsahibə verəndə fikirləş ver. Mənə hirslənmişdi. 

- Evdar xanım kimi necəsiniz, yəni musiqiyə ayrdığınız vaxt mətbəxə keçməyinizə imkan verirmi?

- Hə, arada olur. Amma çox gözəl, sadiq bir xanım var. Mənə ev işlərində kömək eləyir. Çox doğma bir insandır. 

- Toylara kimlərlə gedirdiniz?

- Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Nazpəri Dostəliyeva, Zöhrə Abdullayeva. 
 
- İndi də toylara gedirsinizmi?

- Şükür allaha, gedirik, qazanırıq. 

- Sənət dostlarınızdan kimlərlə ailəvi gediş-gəlişiniz olub?

- Mələkxanım Əyyubova, Zöhrə Abdullayeva ilə uzun müddət bir yerdə işləmişik, onlarla ailəvi gediş-gəlişimiz olub. Yenə də bir-birimizə yaxınıq. 

- Hansı gün sizin üçün unudulmazdır?

- Mayın 10-u. 

- Niyə? 

- Həm televiziyada ilk çıxışım o vaxt olub, həm də Gül bayramıdır. Söz-sözü çəkər deyirlər. Yadımdadır ki, efirə çıxdığım ilk gündə dəhşət həyəcan var idi. Səmimi etiraf eləyim ki, indi də hansısa verilişə çıxanda həyəcanlanıram. Xüsusən də həm çıxış edirsən, həm də qarmon çalırsan ha, onda lap həyəcanlanıram. Mən həmin günün axşamını həyəcandan yata bilmirəm. 

- Gülbahar xanım, həyatla yola gedirsiniz?

- Hərdən deyirlər ki, həyat etibarsızdır. Yatırsan, durursan, bir də görürsən ki, dünən aramızda olan bu gün yoxdur. Məsələn, İlhamə xanım. Hələ də inanmıram ki, o insan həyatda yoxdur. 

Hərdən deyirəm ki, gərək həyatda elə yaşayasan ki, sonra "kaş ki", "bilsəydim" sözlərini işlədib peşman olmayasan. Tutaq ki, mən kiminsə xətrinə dəyim, sonra pis olum ki, niyə belə elədim. Hətta ola bilər ki, qəlbini qırdığın insan həyatdan köçər, o sarıdan nisgilli qalarsan. Yəni həyatda belə şeylər var. Ona görə də deyirəm ki, insanların xətrinə dəyməyin. 

- Bəs sizin xətrinizə dəyən olubmu?

- Kimsə xətrimə dəyəndə həmin an cavab verə bilmirəm. Amma o ki evə gəlirəm, onda fikirləşirəm ki, mən ona niyə bu cavabı vermədim. Axı mən təqsirkar deyiləm. O mənə niyə bu sözü deməliydi. Yəni mənim xətrimə dəyəndə o dəqiqə, o an beynimə cavab vermək üçün heç bir söz gəlmir. Amma evə gəlirəm içim içimi yeyir ki, niyə bunu demədim, niyə onu demədim. 

- Sizcə, bu yaxşı xüsusiyyətdir?

- Nə bilim. Bunu deyim ki, "kaprizli" insan deyiləm. Haqsızlığı götürmürəm. Tutaq ki, tanıdığım biri haqqında başqa tanışım nəsə mənfi bir şey danışanda mən də öz fikrimi bildirirəm. Yəni o, mənə acı cavab versə də, düzə düz, əyriyə əyriyəm. Amma mənə elə gəlir ki, sözün, intiriqanın arxasınca gedən insanlar anormaldır. 

- Həyatınızdan razısınız?

- Şükürlər olsun. Mən allah adamıyam. Uşaq vaxtı anam-atam işdən evə gələndə allaha şükür eləyirdim ki, hamımız bir yerdəyik. Hərdən deyirəm, mən o qədər şükürlü insan olmuşam ki, allah-təala mənə soyadı Şükürov olan ər qismət eləyib. (gülür)

- Sənət yolunda hansı arzunuz həyata keçməyib?

- Nə bilim... Deməzdim ki, elə bir arzum var, amma həyata keçməyib. Ümumilikdə isə, arzular onsuz da sonsuz olur. Mən də həyatdan yaxşı şeylər gözləyirəm. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.