Ölkə

"Hara getdi, bu qədər vəsait..?" - REPORTAJ - FOTO

14 Fevral 2016 14:57
0 Şərh     Baxış: 2 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının 45-46 kilometr şərqində, Abşeron yarımadasının Pirallahı adasına yaxın hissəsində yerləşən Zirə qəsəbəsində sakinlər yolların bərbad halda olmasından şikayətlənirlər. Redaksiyamıza müraciət edən sakinlərin problemlərini işıqlandırmaq üçün sözügedən əraziyə yollandıq. 

Əsasən, şamaxılıların məskunlaşdığı "Sovxoz" adlandırılan ərazidə ara yolların, məhəllələrin bərbad halda olması yağış yağandan sonra vəziyyəti daha da çətinləşdirir. Çala-çuxurlu, palçıqlı yollarda hərəkət etmək müşkül məsələyə çevrilir. 
2010-cu ildə qəsəbədə məskunlaşan Zaur Əliyevin sözlərinə görə, bir neçə dəfə Zirə bələdiyyəsinə müraciət etsələr də, heç bir faydası olmayıb: "Ötən ay bələdiyyəyə bu barədə müraciət etdik. Amma balanslarında "qara qəpik" də olmadığını bildirdilər. Xəzər rayon İcra Hakimiyyətində də olmuşuq. Deyirik ki, heç olmasa, bircə dəfə gəlin, baxın nə vəziyyətdə yaşayırıq. Magistralda neçə aydır ki, təmir-bərpa işləri gedir. Ümidli idik ki, bu məhəllələrə də şamil ediləcək. Amma heç bir iş görülmədi".

Z.Əliyev deyir ki, icra orqanları nəinki maraqlanmırlar, heç dərdimizi danışmağa imkan da vermirlər: "Nə vaxt müraciət edirik, bircə söz deyirlər, "balansımızda pul yoxdur". Bəs, prezidentin Bakıətrafı kənd və qəsəbələrində yolların təmir edilməsinə dair sərəncamı..? Axı bu pul insanların problemlərini həll etməkdən ötrü ayrılır. Hara getdi, bu qədər vəsait..?"

Başqa bir qəsəbə sakini Mahal Mehdiyevin sözlərinə görə, bir neçə ay öncə yola çınqıl töküblər. Amma yağış yağan kimi vəziyyət əvvəlkindən fərqlənməyib: "Çınqılla, torpaq tökməklə başımızı qatırlar, gözdən pərdə asırlar ki, güya iş görürlər. Magistralı gözəlləşdirirsən, yol kənarına gül-çiçək əkirsən ki, gözəl görsənsin. Amma beş addım aralıda vəziyyət dağ kəndlərindən fərqli deyil. Kanalizasiya sistemi belə, yoxdur. 2016-cı ildə şəhərdə kanalizasiya sistemi olmadığına görə quyu qazırıq. Bu, sadəcə, biabırçılıqdır".

Sakinlər sonda bildirdilər ki, problemləri həll edilməsə, etiraz olaraq, Şüvələn-Zirə şosesini bağlayacaqlar.
Qeyd edək ki, analoji hal 2014-cü ildə eyni rayonda - Binə qəsəbəsi, "Südçülük sovxozu" adlandırılan ərazidə də baş vermişdi. Yolların bərbad olması səbəbilə minə yaxın qəsəbə sakini etiraz aksiyası keçirmişdi.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.