Ölkə

YAP-çı deputatdan spikerin qərarına etiraz: "Bu düzgün deyil"

12 Fevral 2016 17:08
Baxış: 1 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu aydan etibarən Milli Məclisdə bir deputatın bir neçə komitədə təmsil olunması parlament tariximizdə bir yenilikdir.

Bu barədə Milli.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə spiker Oqtay Əsədovun parlament komitələrinin yeni üzvlərinin seçilməsi haqqında 1 fevral 2016-cı il tarixli qərarına münasibət bildirərkən deyib:

"Dekabrda daxili nizamnaməyə dəyişiklik edildi ki, bir deputat iki komitənin üzvü ola bilər. Xarici ölkələrdə bu praktika çoxdan var və deputatlar nəinki iki, hətta bir neçə komitənin, bir neçə dostluq qrupunun üzvü olur. Azərbaycanda isə bu, ilk dəfə oldu. Hesab edirəm ki, çox düzgün addımdır.

Bir qərar həm də parlamentdə komitələrin sayının 15-ə çatdırılması ilə bağlıdır. Komitədə kifayət qədər sayda deputatların fəaliyyət göstərməsi üçün ya deputatların sayı artmalıdır, ya da bir nəfər bir neçə komitənin üzvü olmalıdır. Azərbaycan kimi 9,6 milyon nəfərlik ölkə üçün 125 deputat tamamilə kifayətdir. Çünki hər bir deputat fəaliyyəti üçün ayrıca texniki şəraitin yaradılması lazımdır. Bu isə əlavə xərc deməkdir. Bundansa bir deputatın bir neçə komitənin üzvü olması ilə problem həll edilir. Yeri gəlmişkən, deputat bir neçə komitənin üzvü olduqda onun maaşında heç bir dəyişiklik olmur.

Lakin YAP-çı deputat komitələrin sədrlərinin digər komitələrin adi üzvü olmasının əleyhinədir: "Bu, qanuna zidd deyil, amma mən bunu düzgün hesab etmirəm. Komitə sədri parlamentdə yüksək statuslardan biridir. Ona görə də mənim fikrimcə, bir komitənin sədrinin başqa komitədə sıravı üzv kimi fəaliyyət göstərməsi düzgün deyil. Bizim deputat ehtiyatımız kifayət qədərdir. Sədarəti və komitə sədrlərini çıxsaq, bizim 100-dən çox ehtiyatda olan deputatımız var. Niyə onların potensialından lazımınca istifadə edilməsin ki, məhz bir komitənin sədri o komitənin üzvü olsun? Əgər hansısa bir problem varsa, bunu komitələr öz aralarında işçi qaydada da həll edə, məsləhətləşə və müəyyən razılığa gələ bilərlər. Amma onların sıravi üzvlüyünü düzgün saymıram. Bəlkə də gələcəkdə bununla bağlı dəyişiklik edildi, amma hələ ki, qanun bunu qadağan etmir".

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.