Ölkə

Azərbaycanda dəqiq elmlərə maraq artıb

11 Fevral 2016 18:29
0 Şərh     Baxış: 1 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda dəqiq elmlər üzrə doktoranturaya qəbul olmaq istəyənlərin sayı çoxalıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov deyib.

Ə.Sadıqov qeyd edib ki, əvvəlki illərdə dəqiq elmlərə maraq göstərənlərin sayı az, humanitar ixtisaslara maraq göstərənlərin sayı daha çox idi: "Amma ildən-ilə bu fərq azalır. Görünür, bu, əmək bazarının tələbatı ilə bağlıdır. Çünki dəqiq elmlər üzrə elmi iş müdafiə edənlər əmək bazarında özlərinə daha asan iş tapırlar. Ona görə son illərdə dəqiq elmlərə göstərilən maraqda artım tendensiyası müşahidə edilir. Bu il də o artım müşahidə edildi. Humanitar və ictimai elmlər bölməsində cüzi üstünlük olsa da, dəqiq elmlər üzrə nəticələr artıq onlara yaxınlaşıb".

Bu il AMEA-da doktoranturaya qəbul imtahanlarının testlə keçirildiyini, xarici dil bilikləri üzrə tələblərin sərtləşdirildiyini xatırladan Ə.Sadıqov əlavə edib ki, tələblərin sərtləşdirilməsinə baxmayaraq, ümumilikdə bu il doktoranturaya maraq çox yaxşı olub.

Doktorantura təhsilinə marağın ildən-ilə artdığını deyən Ə.Sadıqov qeyd edib ki, bu il ən hazırlıqlı namizədlər doktoranturaya sənəd veriblər: "Bu il 30-40 nəfər doktoranturaya qəbulda xarici dil fənni üzrə yüksək nəticə göstərib. Biz heç özümüz inamlı deyildik ki, bu nəticəni 1 ildə əldə edə bilərik. Fikirləşirdik ki, 3-4 ilə bu nəticəni əldə edə bilərik, amma görünür, gənclərimizin potensialı yüksəkdir. Sadəcə olaraq, onlar üçün imtahanları ədalətli, şəffaf keçirmək kifayətdir ki, onlar biliyin yeganə meyar olduğuna əmin olsunlar".

Ə.Sadıqov hazırda doktoranturaya qəbulun nəticələrinin təsdiqi üçün AMEA-nın Rəyasət Heyətində dinləmələrin keçirildiyini, onların RH-nın qərarı ilə təsdiqlənəcəyini də qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.