Ölkə

Bakının ən hündür zonası çatlamağa başladı - FOTO

11 Fevral 2016 14:28
0 Şərh     Baxış: 3 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər havaların yağışlı keçməsi nəticəsində Bayıl massivində sürüşməyə meylli ərazilərdə aktivləşmələr müşahidə olunur. 

Milli.Az anspress-ə istinadən bildirir ki, aktivləşmə daha çox istinad divarlarında hiss olunur. 

Şəhidlər xiyabanındakı "Əbədi məşəl" abidəsinə yaxın ərazilərdə apardığımız müşahidələr göstərdi ki, hər ay çatlar müəyyən qədər genişlənir. Hətta bunu sürüşmə baş verən ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq məqsədilə istifadə etdiyi gips mayaklardan da görmək olar.

Çünki Bayıl yamacında yerləşən istinad divarında 08.09.2015-ci ildə aparılan yoxlanışlar zamanı divara yerləşdirilən gips mayaklardan görünür ki, hazırda çatlar genişlənməkdə davam edir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji kəşfiyyat xidmətinin rəisi Ələmdar Piriyev də açıqlamasında Bayıl massivində yerləşən sürüşmə sahəsində aktivləşmələrin olduğunu təsdiqlədi.

"Yağışların yağması nəticəsində Şəhidlər xiyabanındakı "Əbədi məşəl" abidəsi ətrafında divarlarda müəyyən çatlar müşahidə olunur. Amma genişlənmə "Əbədi məşəl" abidəsindən xeyli uzaqda yerləşir", - deyə xidmət rəisi bildirdi. 

Onun sözlərinə görə, həmin ərazidə yerləşən çatlar da 1 sm-ə qədər genişlənib. 

"Çat yaranan istinad divarları işarələnib. Bu genişlənmə həm divarlarda, həm də yer səhtində davam edir. Çatlar qarlı-yağışlı havalara görə artır. Bu isə təbii prosesdir".

Ələmdar Piriyev bildirdi ki, Gülüstan sarayının divarlarında yaranan çatlar kiçikdir.

"Həmin ərazidə də müşahidələr aparılıb. Hələ ki, heç bir təhlükəli fakta rast gəlinməyib", - deyə qurum rəsmisi qeyd etdi. 

Azərbaycanın Şamaxı-Muğanlı-İsmayıllı yolunda, Ağsu aşırımında, Xızı, Siyəzən, Şabran, Qusarda, Lənkəran-Astara, Lerik yollarındakı, eləcə də Kiçik Qafqazda Gədəbəy, Daşkəsən, Göygöl rayonundakı sürüşmə əraziləri var.

Xidmət rəisi bildirdi ki, bölgələrdə yerləşən sürüşmə zonalarında torpaq qarla örtürdüyü üçün müşahidə aparmaq mümkün deyil. "Amma buna baxmayaraq, nəzərəçarpan bir aktivləşmə müşahidə olunmur", - deyə Ələmdar Piriyev qeyd etdi.

Ələmdar Piriyev həmçinin onu da qeyd etdi ki, Bakı Beynəlxalq Avtovağzalının ərazisində çökmə prosesi dayanıb. 

Azərbaycanda son ən böyük sürüşmə avtovağzalın ərazisində baş verimişdi. Çatlar ərazidə oktyabr ayının əvvəllərində yaranmağa başlayıb. Ərazinin hər gün bir az daha qəzalı vəziyyətə düşdüyünü görən Bakı Beynəlxalq Avtovağzalının əməkdaşları ərazidə ən böyük təhlükə mənbəyinə çevrilmiş istinad divarının söküntüsünə başlamışdılar. Sürüşmənin ərazidəki yaşıllıqların həddindən çox suvarılması nəticəsində baş verdiyi bildirilirdi. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.