Ölkə

İlhamə Quliyevadan şikayət edən deputat: "Vəziyyət 2-3 günə aydınlaşacaq"

11 Fevral 2016 13:41
106 Şərh     Baxış: 14 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisinin müraciəti əsasında aparılan araşdırmanın nəticəsi ilə bağlı vəziyyət 2-3 günə məlum olacaq.

Bunu Milli.Az-a açıqlamasında xalq artisti İlhamə Quliyevanın həbs olunmuş sabiq köməkçisi Mehriban Hüseynovanın mətbuatda dərc olunmuş məktubunun araşdırılması üçün Respublika Prokurorluğuna müraciət etmiş Milli Məclisin üzvü, "Demokratiya və İnsan Hüquqları Komitəsi" təşkilatının sədri Çingiz Qənizadə deyib.

Millət vəkilinin sözlərinə görə, o hazırda bu məsələ ilə bağlı heç bir açıqlama vermək fikrində deyil: "Mən bununla bağlı mətbuata hələlik heç bir açıqlama verməyəcəm. Çünki mənim müraciətim araşdırılmalıdır. Araşdırmanın nəticəsi ortaya çıxmadan isə hər hansı açıqlama vermək yersiz qıcıq yaradacaq. Qoy prokurorluq obyektiv araşdırma aparsın. Mən belə hesab edirəm ki, vəziyyət 2-3 günə aydınlaşacaq".

Xatırladaq ki, deputat Çingiz Qənizadə İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın mətbuatda yer almış məktubunun araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət edib.

Bir müddət əvvəl Çingiz Qənizadə açıqlamasında bildirmişdi ki, xalq artisti səsləndirdiyi fikirlərinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər: "İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın mətbuat vasitəsilə müraciətini oxudum. Belə hesab edirəm ki, orada çox ciddi faktlar var, bunlar araşdırılmalıdır. Həmin qadının videosunun yayılması, onun alçaldılması, ona qarşı təhdidlər qanunla qadağan edilən hallardır və cinayət məsuliyyəti yaradır. İkincisi də, Mehriban xanım müraciətinin sonunda qeyd edib ki, o, anadır, şəhid bacısıdır və bu ailə tərəfindən həmişə tənqid və təhdidlərə məruz qalıb, qorxudulub. Məndə olan məlumatlara görə, bu qadın İlhamə Quliyevanın oğlunun dostunun şikayəti əsasında saxlanılıb.

Hesab edirəm ki, Mehriban Hüseynova ilə bağlı keçirilən əməliyyat və onun saxlanılması da tam araşdırılmayıb. Bu, bir az da tələm-tələsik qəbul edilmiş bir qərardır. Çünki xanım İlhamə Quliyevanın evinə dəvət olunub və qapıda da gözləyən polis əməkdaşları onu həbs ediblər. Ancaq indi yeni faktlar ortaya çıxır və prokurorluq orqanları bu məsələyə aydınlıq gətirməlidir. İnanıram ki, baş prokuror Zakir bəy bu faktları bilsə, öz münasibətini bildirəcək. Əgər doğrudan da, şəhid bacısıdırsa və kiminsə yanlış ifadəsinə görə saxlanılırsa, bu faktlar araşdırılmalıdır. Ona görə də mən bu gün baş prokurora müraciətimdə Mehriban Hüseynovanın mətbuatda yaydığı mətni də əlavə edəcəyəm. Xahiş edəcəm ki, onunla bağlı araşdırılma sürətləndirilsin və imkan daxilində həbs-qəti imkan tədbiri dəyişdirilsin. O, ailəsinin yanında olmaqla istintaq aparılsın. Onsuz da, gələcəkdə məsuliyyəti tam sübut olunarsa, qanun qarşısında cavab verəcək. Amma hələlik istintaqın uzanması və yeni faktların ortaya çıxması kifayət qədər imkan verir ki, bu xanım barəsində həbs-qətimkan tədbiri dəyişdirilsin".

Milli.Az musavat.com-a istinadən bildirir ki, artıq İlhamə Quliyeva prokurorluğa çağırılıb. Fevralın 10-da öz evində baş tutan dindirmə zamanı İlhamə Quliyeva çox çətin suallara cavab verməli olub.

Redaksiyaya daxil olan məlumata görə, Bakı Şəhər Prokurorluğundan istintaqa çağırış alandan sonra müğənninin durumu kəskin dəyişib. Hətta ayaqları tutulub. Elə bu səbəbdən də müğənni çağırış üzrə göstərilən saatda prokurorluğa gedə bilməyib. Onun vəkilinin israrlı xahişlərindən sonra müğənninin durumunu nəzərə alan prokuror onun öz evində dindirilməsi qərarını verib. İlhamə Quliyeva evində Mehriban Hüseynovanın ictimailəşdirdiyi faktlarla bağlı suallara cavab vermək zorunda qalıb. Dindirmənin deputat Çingiz Qənizadənin müvafiq qurumlara müraciətindən sonra başlanmış araşdırmalar çərçivəsində baş tutduğu iddia olunur.

Qeyd edilir ki, Mehriban Hüseynovanın məhbəsdən "Yeni Müsavat"a yolladığı məktubda müğənni Nazpəri Dostəliyevadan şantajla 25 min manat alınması, Mehriban Hüseynovanın özünün bıçaqlanması, döyülərək şərəf və ləyaqətinin alçaldılması, zorlanma hədəsi ilə müşayiət olunan hərəkətlərə yol verilməsi, qətl sifariş etmə, ictimai xadimin barəsində son dərəcə təhqiramiz ifadələrin işlədilməsi ilə bağlı iddialar var.

Xalq artisti İlhamə Quliyevanın özü isə APA-ya deyib ki, "Səhhətimdə ciddi problem yoxdur, özümü yaxşı hiss edirəm. Sadəcə, bir müddət əvvəl aldığım müalicəyə görə həkim nəzarətindəyəm. Müstəntiq mənə zəng vurdu ki, açıqlamam lazımdır. Onu evə dəvət etdim, çox sağ olsunlar, hörmət edib gəldilər. Bu, adi qaydadır, qeyri-adi heç nə yoxdur. Məhkəmə yaxınlaşır, mənim bəzi məsələlərə aydınlıq gətirməyim lazımdır".

İ. Quliyeva mediadan baş verən məsələlərlə bağlı onu narahat etməməyi xahiş edib: "Xahiş edirəm, mənə müraciət etməsinlər, heç kimə müsahibə verməyəcəyəm. Yekun söz məhkəmədə deyiləcək. Kim nə yazır-yazsın, kim nə danışır-danışsın. Məhkəmədə çox şey açılacaq, qulluqçunun havadarları üzə çıxacaq".

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da faktı təsdiq edərək bildirib ki, İlhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hüseynovanın təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində istintaqa cəlb edilərək ifadəsi alınıb. Onun sözlərinə görə, İ. Quliyevanın səhhəti nəzərə alınaraq ifadə müğənninin yaşadığı mənzildə alınıb.

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.