Ölkə

İsveçli nazir Azərbaycandakı vəziyyəti "çox qiymətli dəyər" adlandırdı - FOTO

11 Fevral 2016 13:31
Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan İsveçin xarici işlər naziri xanım Marqo Vallström ilə görüşüb.

QMİ-dən Milli.Az-a verilən məlumata görə, İsveçin xarici işlər naziri əvvəlcə Təzəpir məscid kompleksi, Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası, burada saxlanılan qədim kitablar ilə tanış olub. Qonaq kitabxananın xatirə kitabına ürək sözlərini yazıb.

Görüşdə şeyxülislam Allahşükür Paşazadə ölkəmizdəki dini vəziyyət barədə məlumat verib, Azərbaycandakı pravoslav və yəhudi konfessiyalarının başçılarını qonağa təqdim edib. O, Azərbaycanda mövcud olan tolerantlıq mühiti, dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə edilən nailiyyətlər, habelə dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə danışıb. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bu sahədə görülən işlərdən danışan şeyxülislam ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda dini dəyərlərə ehtiramlı münasibətin, tolerantlığın dövlət səviyyəsində həyata keçirilməsinin əsasını qoyduğunu vurğulayıb. O, prezident İlham Əliyev tərəfindən dini-mənəvi dəyərlərə qayğı və diqqətin davam etdirilməsindən, multikultural dəyərlərimizin dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən tədbirlərin önəmindən danışıb.

Qeyd edilib ki, Azərbaycanda digər dinlərə qarşı daim xoş münasibət olub, müsəlmanlar, xristianlar və yəhudilər əsrlər boyu burada dinc fəaliyyət göstəriblər. Onlar bayramları, əlamətdar günləri birlikdə qeyd edirlər.

Marqo Vallström ölkələrimiz arasındakı əlaqələrdən danışıb. O, Azərbaycanda hökm sürən dinlərarası dialoq və əməkdaşlığın çox qiymətli dəyər olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan dünyaya bütün dinlərin bir yerdə yaşamasının mümkün olduğunu nümayiş etdirir. Bu işdə Azərbaycan dövlətinin başçısının, habelə dini icma rəhbərlərinin rolu təqdirəlayiqdir.

Marqo Vallström, həmçinin dünya ölkələrinin Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı təcrübəsini öyrənməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə iştirak edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev,  Avropa Yəhudiləri icmasının sədri Gennadi Zelmanoviç Azərbaycanda müxtəlif konfessiyaların, icmaların nümayəndələrinin əsrlər boyu dinc yanaşı yaşadıqalarını, ölkədə heç vaxt ksenofobiya və dini zəmində münaqişələrin müşahidə olunmadığını söyləyiblər.

Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olunub, birgə foto çəkdirilib.

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.